ABŞ Nümayəndələr Palatası “Çinin Qafqaza təsirinə qarşı mübarizə qanunu” adlı qanun layihəsini qəbul etdi.
Qəbul edilən qanunvericilik aktı ilə Konqres ABŞ dövlət katibi, Milli Kəşfiyyatın direktoru və müdafiə naziri üzərinə öhdəlik qoyub ki, 180 gün ərzində Rusiya və Çin kəşfiyyatının Gürcüstandakı fəaliyyətləri haqqında hesabat hazırlayaraq təqdim etsinlər.
Hesabat çərçivəsində Rusiya və Çin kəşfiyyat strukturlarının Gürcüstana təsirinin araşdırılması qanunvericilik aktında öz əksini tapıb. Bundan əlavə, qanun layihəsi ABŞ-Gürcüstan münasibətləri üçün beş illik strategiyanın hazırlanmasını tələb edir. Strategiya ABŞ-Gürcüstan münasibətlərinin məqsədlərini müəyyən etməli, ABŞ-ın Gürcüstana ayırmalı olduğu yardım və resursları qiymətləndirməlidir.
Qanun layihəsinin müəlliflərindən biri olan konqresmen Co Uilson Nümayəndələr Palatası qanunu qəbul etdikdən sonra Konqresdəki çıxışında bəyan edib ki, qeyri-ligitim “Gürcü arzusu” hökuməti Gürcüstanı xalqın iradəsininə və ABŞ-ın maraqlarına zidd olaraq müharibə cinayətkarı Putinə və İrana satır.
Nümayəndələr Palatasının qəbul etdiyi “Çinin Qafqaza təsirinə qarşı mübarizə qanunu” əsasən Gürcüstana yönəlsə də, Cənubi Qafqazın Vaşinqton üçün həyati əhəmiyyət kəsb edən bölgəyə çevrildiyi, ABŞ-ın bu bölgəni Çin və Rusiyaya güzəştə getməyəcəyi qənaətini təsdiq edir.
TRIPP-in (Trump Route for International Peace and Prosperity) bir başlanğıc olduğu, zamanla prosesin institusional xarakter alacağı gözlənilən idi. Konqresə aralıq seçkilərdən sonra proses daha da güclənəcək. Rusiya zəiflədiyi, Çin isə uzaqda olduğu üçün Çin və Rusiyanı Cənubi Qafqazdan qovmaq ABŞ üçün çətin olmayacaq.
Türkiyə, Gürcüstan və Azərbaycanın xarici işlər nazirlərinin imzaladığı İstanbul Bəyannaməsində əksini tapan “Dövlətlər bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təsdiq etdilər” maddəsi də, qənaətimcə, təsadüfi deyil. Belə görünür ki, Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi çox uzaqda deyil. Əgər Ankara ilə Vaşinqton arasında ABŞ-ın Türkiyəyə maliyyə dəstəyi ilə bağlı danışıqlar müsbət yekunlaşsa, proses dərhal başlayacaq. Ankara ilə Vaşinqton svop anlaşmasında razılığa gələ bilməsələr, qənaətimcə London prosesə müdaxilə edəcək.
Rusiyanı Cənubi Qafqazdan qovub çıxarmaq üçün tarixi şərait yaranıb. ABŞ və Böyük Britaniya bu tarixi şansı qaçırmamalıdır.
Xaqani Cəfərli,
politoloq