AZAL biletlərinin qiymətləri beynəlxalq aviasiya standartlarına uyğun formalaşdırılır.
Medianews.az xəbər verir ki, bunu AZAL-ın İdarə Heyətinin sədri Samir Rzayev AzTV telekanalına və APA agentliyinə müsahibəsində deyib.
“Biz sərnişinlərimizin narahatlığını hər zaman tam anlayırıq və bilet qiymətləri məsələsində dəstək göstərməyə çalışırıq. Bu mövzu daim diqqət mərkəzimizdədir. Ancaq hesab edirəm ki, AZAL-ı loukosterlərlə müqayisə etmək tam düzgün yanaşma deyil, çünki AZAL özünü büdcəli aviaşirkət kimi təqdim etmir.
Qiymətlər beynəlxalq aviasiya standartlarına uyğun formalaşdırılır və AZAL bu məsələdə dünyanın aparıcı aviaşirkətlərinin tətbiq etdiyi yanaşma və prinsipləri rəhbər tutur”, — deyə o bildirib.
Onun sözlərinə görə, aviabiletlərin qiymətinə bir neçə əsas amil təsir edir.
“İlk növbədə bu, reysdəki sərnişin sayı, uçuş tarixinə qalan vaxt, həmçinin bazardakı tələb və təklifin cari dinamikasıdır. Bütün bu parametrlər beynəlxalq aviasiya təcrübəsinə uyğun təhlil olunur və qiymət də məhz bunların əsasında formalaşdırılır.”
Sərnişin üçün ən vacib məsələ qiymətlərin şəffaf və əlçatan olmasıdır. Buna görə biz erkən bron imkanlarını genişləndirir, kampaniyalar keçirir, hissə-hissə ödəniş həlləri tətbiq edir və daha rahat seçim variantları təqdim edirik.
Bundan əlavə, sərnişinlərə alternativ imkanlar da yaradırıq. Heydər Əliyev Beynəlxalq Aeroportunda müxtəlif istiqamətlər üzrə 40 aviaşirkət uçuş həyata keçirir ki, onların da 15-i loukosterdir. Statistikaya əsasən, 2025-ci ildə aeroportumuzda fəaliyyət göstərən büdcəli aviaşirkətlərin xidmətindən 1,7 milyon sərnişin istifadə edib. Ümumilikdə isə ötən il bütün aviaşirkətlər 3,5 milyondan çox sərnişinə xidmət göstərib”, — deyə İdarə Heyətinin sədri bildirib.
Samir Rzayev qeyd edib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınında AZAL-ın payı 49 faizdir, 51 faiz isə xarici aviaşirkətlərin payına düşür.
“Həmçinin qeyd etmək istərdim ki, əsas məqsədlərimizdən biri Azərbaycanda turizmin inkişafına dəstək olmaqdır. Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu digər aviaşirkətlər və onların müraciətləri ilə əməkdaşlığa açıqdır və biz lazımi güzəştləri təqdim etməyə hazırıq. Əsas məqsədimiz sərnişindaşıma həcmini və Azərbaycana gələn turist sayını artırmaqdır”, — deyə o əlavə edib.