Medianews.az
Azərbaycanlılar ən çox hansı ölkələrdə işləyir? -
264 baxış

Azərbaycanlılar ən çox hansı ölkələrdə işləyir? - MÜSAHİBƏ

Medianews.az saytının müsahibi Milli Məclisin deputatı, Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənovdur.

- Azər müəllim, hər ölkədə olduğu kimi, Azərbaycanda da bəzi vətəndaşlar işləmək üçün xaricə üz tuturlar. Azərbaycanlılar bu məqsədlə ən çox hansı ölkələri seçirlər?

- Azərbaycanın qonşu ölkələrlə miqrasiya mübadiləsində üç ölkənin adını xüsusi qeyd etməliyik: Rusiya, Türkiyə və Gürcüstan. Azərbaycanın bu ölkələrlə miqrasiya mübadiləsi kifayət qədər intensivdir.

Təbii ki, miqrasiya mübadiləsinin intensiv olduğu ölkələrdə əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın sayı da çox olur. Yəni miqrasiya mübadiləsində hansı ölkələrin adı hallanırsa, Azərbaycan vətəndaşlarının ən çox həmin ölkələrdə, yəni Rusiya, Türkiyə və Gürcüstanda əmək fəaliyyəti ilə məşğul olduğunu deyə bilərik. Dördüncü, beşinci yerlərdə gələn dövlətlərin sırası zaman-zaman, hətta ilin müəyyən fəsillərində də dəyişir. Rusiya, Türkiyə və Gürcüstandan ibarət ilk üçlük isə sabit qalır.

Ən böyük miqrant sayı Rusiyanın payına düşür. Azərbaycanlı miqrantların təqribən 80-85 faiz bu ölkədədir. Onların əhəmiyyətli bir qismi əmək fəaliyyəti ilə məşğuldur. Əvvəllər Rusiyada olan azərbaycanlı miqrantların sayı haqda müxtəlif rəqəmlər deyilirdi. Hazırda isə söhbət təqribən 450-500 min vətəndaşımızdan gedir. Hamısı əmək əmək fəaliyyəti ilə məşğul deyil, çünki aralarında işləyən miqrantların ailə üzvləri də var. Ailə üzvlərinin çoxu isə əmək fəaliyyəti ilə məşğul olmur.

Rəsmi mənbələrə istinadən deyə bilərəm ki, Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının sayı təxminən 120 mindən bir qədər çoxdur. Bu da əmək patenti olan şəxslərlə bağlı olan informasiyadır. Amma biz qeyri-rəsmi mənbələrdə daha çox şəxsin əmək fəaliyyəti ilə məşğul olması barədə informasiyalara da rast gəlirik. Bəzi miqrantlarımızın qeyri-qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olmasına dair iddiaların səsləndiyini də vurğulamaq lazımdır. Bu hal əvvəllər daha qabarıq şəkildə idi. İndi isə Rusiyada miqrasiya sahəsində fərqli sistem qurulub, dövlət miqrantların ölkə ərazisinə girişinə kifayət qədər sərt nəzarət edir. Bu da miqrantların Rusiyada qanunsuz qalmasının və müəyyən mənada qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olmasının qarşısını alır. Lakin bu, həmin miqrantların tamamilə yoxa çıxması anlamına gəlmir. Bu gün də Rusiya ərazisində qanunsuz əsaslarla yaşayan və əmək fəaliyyəti ilə məşğul olan şəxslər var. Belə hallar da, təbii ki, müxtəlif obyektiv və subyektiv səbəblərdən qaynaqlanır.

- Son illər əmək miqrasiyasında fərqli tendensiyalar, dəyişikliklər müşahidə olunurmu?

- Əmək miqrasiyasında ümumi tendensiyalar elə də çox dəyişmir. Düzdür, son zamanlar Avropa ölkələri miqrantları daha çox cəlb edir. Məsələn, Polşa və Çexiya kimi ölkələrdə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən azərbaycanlıların sayının artdığını müşahidə edirik. Skandinaviya ölkələrinin və Almaniyanın da əmək miqrantlarımızın çox üz tutduğu istiqamətlər sırasında olduğunu qeyd etmək mümkündür.

- Azərbaycanda ən çox hansı yaş qrupları xaricdə işləməyə üstünlük verir?

- Yaş qrupları məsələsində əmək miqrantlarının profili elə də dəyişmir. Miqrasiyada daha çox 20-55 yaş arası şəxslər fəal təmsil olunurlar ki, əmək qabiliyyətli əhali də məhz bu yaş qrupuna daxildir. Onlar xarici ölkələrdə işləməyə üstünlük verir və getdikləri ölkənin ərazisində daha çox məhz əmək miqrantı qismində qalırlar.

- Əmək miqrasiyasının həm miqrantın işlədiyi, həm də vətəndaşı olduğu ölkənin iqtisadiyyatına təsiri haqda nə deyə bilərsiniz?

- Əmək miqrasiyasının hər iki mənada iqtisadiyyata mühüm təsirləri var. Məsələn, bir əmək miqrantı xarici ölkədə fəaliyyət göstərərkən orada vergi ödəyir, mənzil kirayələyir, digər məsrəflər edir. Bu isə o deməkdir ki, onun qazandığı vəsaitin böyük hissəsi elə məhz həmin ölkənin müxtəlif sahələrinə xərclənir və o dövlət üçün ciddi iqtisadi fayda gətirir. Elə ölkələr var ki, onlar əmək miqrasiyasından daha çox qazanmaq imkanı əldə edirlər. İqtisadiyyatı tamamilə miqrantlar üzərində qurmasalar da, miqrasiya axınlarının bu və ya digər formada təşviq edilməsində çox maraqlıdırlar. Buna misal olaraq Kanadanı göstərmək olar. Kanada miqrasiya proseslərində gərginlik yaşanan dövrlərdə belə çoxlu miqrant qəbul etməkdə maraqlı olduğunu bəyan edib. Bu, məsələnin bir tərəfidir.

Digər tərəfdən, əmək miqrantı başqa bir ölkədə fəaliyyət göstərəndə öz ölkəsinə də mühüm fayda verə bilir. Misal üçün, Mərkəzi Asiya respublikaları arasında Tacikistanı, Özbəkistanı qeyd edə bilərik. Onların, xüsusilə də Tacikistanın ümumi daxili məhsulunda Rusiyada işləyən miqrantların vəsaitləri kifayət qədər böyük yer tutur. Özbəkistanlı miqrantların da öz ölkələrinə kifayət qədər böyük dəstək göstərdiklərini deyə bilərik.

Rusiyada və digər ölkələrdə əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşları da ilk növbədə pul köçürmələri vasitəsilə vətəndə yaşayan ailələrinə ciddi dəstək verirlər. Onların Azərbaycanda yaşayan ailə üzvləri bir sıra məsələləri məhz miqrant daxilolmaları hesabına həll edirlər. Amma miqrasiya mübadiləsinin zəif olduğu dönəmlərdə köçürülən vəsaitin azaldığını da görürük. Məsələn, bir zamanlar Rusiyadan Azərbaycana il ərzində 1 milyard ABŞ dollarından çox vəsait göndərilirdi. İndi bu rəqəm bir neçə dəfə aşağıdır. Müxtəlif mənbələrdə rəsmi və qeyri-rəsmi şəkildə göndərilən vəsaitlərin 200-400 milyon dollar arasında dəyişdiyi bildirilir. İstənilən halda bu da ölkə ərazisinə müəyyən mənada bir kapital axını deməkdir.

Miqrantların xaricdə hansısa texnologiyaları mənimsəyib sonradan vətənə gələrək həmin texnologiyaları burada tətbiq etməsi variantını da faydalı məqamlardan biri kimi qeyd etmək olar. Düzdür, bu çox da geniş miqyas almış hal deyil. Amma ölkəmizin iqtisadiyyatına, xüsusilə də məşğulluq sahəsinə müəyyən mənada töhfə verən bir məsələdir və bu istiqamətdə ayrı-ayrı müsbət nümunələr mövcuddur.

Nailə Qasımova,
Medianews.az

 

Bizə qoşulun