Medianews.az
Bakıda ucuz, rayonlarda baha -
72 baxış

Bakıda ucuz, rayonlarda baha - Bankların sirli siyasəti insanları çaşdırır...

Azərbaycanda bank kreditləri üzrə faiz dərəcələrinin paytaxt və bölgələr arasında fərqli olması tez-tez müzakirə olunur. Eyni kredit məhsuluna görə müxtəlif şəhər və rayonlarda fərqli faizlərin tətbiq edilməsi vətəndaşlarda suallar doğurur.

Bəs bu fərqin arxasında hansı səbəblər dayanır?

Medianews.az yenisabah.az-a istinadən xəbər verir ki, iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, kredit faizlərinin regionlar arasında fərqlənməsini şərtləndirən müxtəlif amillər mövcuddur. O bildirib ki, bunun arxasında iqtisadiyyatın inkişaf səviyyəsi, əmək bazarının strukturu, gəlir səviyyəsi, risk parametrləri və girov təminatının xarakteri kimi mühüm məqamlar dayanır:

“Azərbaycanda son illərdə regionlar arasında qeyri-taraz inkişaf müşahidə olunur və bu, bir sıra faktorlarla əlaqəlidir. Eyni zamanda, regionlarda əmək bazarının strukturu da bu prosesə təsir göstərir. Regionlara baxdıqda görürük ki, bəzi yerlərdə əmək bazarının strukturunda kənd təsərrüfatının payı 60 faizə qədər yüksəlir. Halbuki şəhərlərdə bu göstərici 5-10 faiz civarındadır”.

İqtisadçı onu da diqqətə çatdırıb ki, kənd təsərrüfatında gəlirlər sabit deyil və risk səviyyəsi yüksəkdir. Onun sözlərinə görə, bu sahədən gəlir əldə edən şəxslərə münasibətdə kredit faizləri daha yüksək müəyyən oluna bilər. Həmçinin, ekspert qeyd edib ki, banklar vətəndaşın yaşadığı yerə görə ayrıca faiz dərəcəsi tətbiq etmir. Lakin faiz dərəcəsinin müəyyən edilməsində vətəndaşın gəliri, girov təminatının xüsusiyyətləri və digər maliyyə göstəriciləri əsas rol oynayır.

“Məsələn, kənd yerlərində girov kimi təqdim edilən daşınmaz əmlak daha yüksək riskli və az likvid hesab olunur. Kreditin geri qaytarılmaması halında bu əmlakın realizə edilməsi bank üçün çətinlik yaradır. Buna görə də bəzi hallarda belə əmlakın girov kimi qəbulundan imtina olunur, qəbul edildiyi hallarda isə yüksək risk nəzərə alınaraq daha yuxarı faiz dərəcəsi tətbiq edilir. Eyni zamanda, kənd yerlərində girov qoymaq imkanları məhdud olduğundan girovsuz kreditlərin həcmi daha çox olur. Girovsuz kreditlər isə risk səviyyəsi yüksək olduğuna görə adətən daha yüksək faizlə təklif edilir”, - R.Həsənov vurğulayıb.

Ekspert açıqlamasında digər mühüm amillərə də nəzər salıb. O söyləyib ki, regionlarda gəlir səviyyəsinin daha aşağı olması, tələb olunan kredit məbləğinin gəlirə nisbətini artırır, bu da bank üçün risk faktorunu yüksəldir və nəticədə faiz dərəcəsinə təsir edir:

“Bütövlükdə, regionlarda paytaxtla müqayisədə kredit faizlərinin daha yüksək olmasını şərtləndirən əsas məqam vətəndaşın yaşadığı yer deyil, onun maliyyə göstəriciləridir. Lakin həmin maliyyə göstəricilərini formalaşdıran iqtisadi mühit regionlar üzrə fərqləndiyi üçün faiz dərəcələri də fərqli olur. Adətən daha aşağı gəlirli və zəif inkişaf etmiş bölgələrdə risk yüksək olduğuna görə kredit faizləri də nisbətən yüksək müəyyən edilir”.

Hüquqşünas Əkrəm Həsənov isə “Yeni Sabah”a deyib ki, ümumilikdə faizlər kredit riskinin göstəricisi hesab olunur.

Onun sözlərinə görə, regionlarda faizlərin daha yüksək olması həmin ərazilərdə risklərin də daha çox olduğunu göstərir: “Regionlarda əməkhaqqı səviyyəsi daha aşağı, işsizlik problemi isə nisbətən daha yüksəkdir. Bu amillər bank üçün kreditin geri qaytarılmaması riskini artırır. Eyni zamanda, girov kimi təqdim olunan əmlakın satışı regionlarda daha çətin olur. Kiçik yaşayış məntəqələrində bazar məhduddur, əmlakın alıcısı azdır və sosial münasibətlər də satış prosesinə təsir göstərə bilir. Bu isə girovun likvidliyini azaldır”.

Hüquqşünas bildirib ki, kreditlərin geri qaytarılmaması hallarında məhkəmə proseslərinin aparılması, borcun icrası və problemli kreditlərin həlli regionlarda əlavə xərc tələb edir:

“Çünki əksər hallarda bankların regionlarda ayrıca problemli kreditlər şöbəsi və ya hüquqşünası olmur, bu işlər üçün mütəxəssislər Bakından göndərilir. Bu isə bank üçün əlavə inzibati və əməliyyat xərcləri yaradır. Nəticə etibarilə, həm iqtisadi risklərin, həm girov riskinin, həm də inzibati xərclərin daha yüksək olması regionlarda kredit faizlərinin paytaxtla müqayisədə daha yuxarı müəyyən edilməsinə səbəb olur”.

Bizə qoşulun