“Bitcoin”in geriləməsi birjalarda çaxnaşma yaradıb
Kriptovalyuta dünyasının flaqmanı olan “Bitcoin”in yenidən 60 min dollar sərhədinə geriləməsi qlobal maliyyə bazarlarının da damarlarındakı gərginliyi üzə çıxardı. Hazırda investorlar təkcə kripto birjalarındakı “qırmızı” rəqəmləri deyil, həm də ABŞ-dan Avropaya qədər səhm bazarlarında yaşanan silkələnmələri böyük narahatlıqla izləyirlər.
Bazar niyə “qırmızılaşır”?
Maliyyə bazarlarında heç bir fırtına qəfildən qopmur. Hazırkı böhranı şərtləndirən amillər bir neçə qlobal dalğanın eyni vaxtda toqquşmasıdır. İlk olaraq, ABŞ Federal Ehtiyat Sistemi (FED) başda olmaqla, mərkəzi bankların yüksək inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini uzun müddət yüksək saxlaması, hətta bəzi rəsmilərin yeni faiz artımlarını istisna etməməsi bazarların qanını qaraldır. Faiz artımı o deməkdir ki, pul bahalaşır. Pul bahalaşanda isə investorlar “Bitcoin” və ya texnologiya səhmləri kimi riskli aktivlərdən qaçıb, özlərini dövlət istiqrazları kimi təhlükəsiz limanlara atırlar.
Keçən il bazarları göylərə qaldıran əsas amil “Spot Bitcoin ETF”ləri (birja fondları) vasitəsilə institusional pulların kriptoya axması idi. Lakin son həftələrdə bu fondlardan rekord həcmdə milyardlarla dollar geri çəkilir. Yəni maliyyə nəhəngləri pullarını geri alanda bazarın suyu çəkilir. Üstəlik, kriptovalyutaların qarşısında çox güclü bir rəqib var: Süni intellekt səhmləri. İnvestorlar kapitalın bir hissəsini kriptodan çıxarıb sürətlə böyüyən və real gəlir gətirən süni intellekt nəhənglərinin səhmlərinə yönəldirlər.
İri səhmdarların cəsarətli addımı
Böyük kapital sahibləri və nüfuzlu investisiya bankları riyazi ehtimal hesabatları ilə hərəkət edirlər. Onların kütləvi satışlar etməsinin arxasında konkret strateji səbəblər var. Xatırladaq ki, böyük oyunçular “Bitcoin” 100 min dolları keçən dövrlərdə böyük mənfəət əldə etmişdilər. İndi qlobal iqtisadiyyatda qarışıqlıq olan kimi həmin mənfəəti nağdlaşdırmaq və təhlükəni minimuma endirmək istəyirlər.
Bundan əlavə, iri səhmdarlar çox vaxt “marja ticarəti” (borc pulla böyük mövqelər açmaq) edirlər. Bazar bir az düşən kimi, borclarını bağlamaq üçün məcburi satışlar (likvidasiya) etməli olurlar. Bu da zəncirvari reaksiya yaradır. Yəni bir nəhəng investorlardan biri öz hissələrini satır, qiymət düşür, digərləri də avtomatik satmalı olur və fırtına böyüyür. Hətta bəzi dövlət fondlarının da rəqəmsal cüzdanlarından kütləvi “Bitcoin” satışları etməsi kiçik investorlar arasında panikanı daha da alovlandırır.
Bəs siyasi-hərbi qarşıdurmalar?
Bəli, həm də birbaşa və həlledici təsiri var. Necə deyərlər, iqtisadiyyat siyasətin və geosiyasətin əsiridir. Dünyanın müxtəlif nöqtələrində alovlanan münaqişələr maliyyə bazarlarını iki fərqli kanalla vurur. Bunun birincisi, şübhəsiz, energetika sahəsidir. Yaxın Şərqdə xüsusilə İran və İsrail arasındakı qarşılıqlı raket zərbələri və hərbi gərginlik birbaşa olaraq xam neft qiymətlərini yuxarı qaldırır. Neftin bahalaşması isə qlobal miqyasda istehsal və nəqliyyat xərclərini artırır. Nəticədə inflyasiya yenidən baş qaldırır və Mərkəzi banklar faizləri düşürə bilmir. Yəni Yaxın Şərqdə atılan hər bir raket, dolayısı ilə “Bitcoin”in və texnologiya səhmlərinin belinə dəyən bir zərbədir.
Maliyyə bazarları qeyri-müəyyənliyi sevmir. Rusiya və Ukrayna arasındakı müharibənin uzanması, regional nüvə təhdidləri və qlobal sanksiyalar investorların inamını sarsıdır. İqtisadiyyatda buna “Qara qu quşu” (gözlənilməz, lakin dağıdıcı təsiri olan hadisə) qorxusu deyilir. Belə gərgin və hər an hər şeyin dəyişə biləcəyi hərbi şəraitdə heç bir böyük fond rəhbəri milyardlarla dolları kripto kimi “uçub-qaçan” aktivlərdə saxlamaq riskinə girmir. Pulu qorumaq, pul qazanmaqdan daha önəmli hala gəlir.
Bir daha xatırladaq ki, “Bitcoin” qlobal texnologiya səhmlərindəki satış dalğasının dərinləşməsi və müxtəlif aktiv siniflərində riskli mövqelərin ləğv edilməsi ilə cümə günü 16 ayın ən aşağı səviyyəsini görüb Bu səviyyə, Donald Trampın kriptovalyutaları dəstəkləməsini seçki kampaniyasında dilə gətirdiyi və ABŞ prezident seçkilərini qazanmasından bir ay əvvəlki dövr olan 2024-cü ilin oktyabrından bəri ən zəif səviyyədir. Ether isə sessiya 1751,94 dollarla 10 ayın ən aşağı səviyyəsinə gerilədikdən sonra 2,4 faiz artımla 1927 dollara yüksəlib.
Qlobal kriptovalyuta bazarının ümumi dəyəri oktyabrın əvvəlində qeydə alınan 4,379 trilyon dollarlıq ən yüksək səviyyədən təxminən 2 trilyon dollar azalıb. Bunun 1 trilyon dollardan çoxu yalnız son bir ayda silinib.
Xülasə, bu gün “Bitcoin”in 60 min dollara geriləməsi və səhm bazarlarının titrəməsi qlobal güc balanslarının, hərbi qarşıdurmaların və mərkəzi bankların monetar siyasətlərinin eyni nöqtədə kəsişməsinin nəticəsidir. Dünya iqtisadiyyatı böyük bir sınaqdan keçir və bu gərginliyin nə vaxt bitəcəyi iqtisadi göstəricilərdən daha çox, diplomatik və hərbi masalarda qəbul ediləcək qərarlardan asılı olacaq.
Nurlan ABDALOV,
"Xalq qəzeti"