Medianews.az
Qızıl almaq istəyənlər tələssin:
46 baxış

Qızıl almaq istəyənlər tələssin: Bu tarixədək qiymətlər...

Dünya bazarlarında qızılın qiymətində eniş müşahidə olunur. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası 0,67 faiz ucuzlaşaraq 4 574 dollara düşüb. Gümüş də eyni istiqamətdə hərəkət edərək 2,18 faiz azalaraq 69,66 dollar olub. Bu dəyişikliklər bazarda qeyri-müəyyənliyin davam etdiyini göstərir.

Medianews.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli qızılın ucuzlaşmasının bir neçə əsas səbəbi olduğunu bildirib.

Onun sözlərinə görə, əsas amillərdən biri İranla bağlı müharibə fonunda Amerika Birləşmiş Ştatları dollarının nüfuzunun artmasıdır:

“Bundan əvvəl qızılın bahalaşmasının əsas səbəblərindən biri maliyyə bazarlarında dollara və digər valyutalara tələbatın azalması idi. Eyni zamanda, səhm bazarında da zəifləmə müşahidə olunurdu. Tələbat azaldıqca bazar likvidlik axtarışına çıxırdı və investorlar daha çox qızıla üstünlük verirdilər. Bu səbəbdən qızılın qiyməti artırdı. Hətta müəyyən dövrlərdə belə fikirlər səslənirdi ki, gələcəkdə dolların dominantlığı zəifləyə bilər. Bu kontekstdə Çin, İran və digər bəzi ölkələr arasında ticarətin dollarla deyil, milli valyutalarla aparılması tendensiyası da müşahidə olunurdu ki, bu da dolların mövqeyinə mənfi təsir göstərirdi”.

İqtisadçı bildirib ki, qızılın qiymətinin necə olması müharibədən asılıdır:

“Hazırkı vəziyyətdə müharibə başladıqdan sonra ABŞ-ın nüfuzu artdı və dollara inam gücləndi. Bu da bazarda vəziyyəti dəyişdi. Dollar gücləndikcə, təbii olaraq, qızıla olan maraq nisbətən azalır. Nəticədə biz qiymətlərin aşağı düşdüyünü müşahidə edirik. Ümumilikdə, dediyim kimi, bu prosesə təsir edən bir çox amil var. Amma əsas səbəblərdən biri məhz ABŞ dollarının nüfuzunun artmasıdır”.

Bizə qoşulun