Medianews.az
"Eldar Quliyevə dedim ki, "net" sözündən başqa heç nə bilmirsən, məni səsyazmaya çağırmadı"
131 baxış

"Eldar Quliyevə dedim ki, "net" sözündən başqa heç nə bilmirsən, məni səsyazmaya çağırmadı" -FOTO+ÖZƏL

"Filmlərin çəkildiyi illərdə mən Bakıda olmamışam. O vaxt çalışdığım Gənc Tamaşaçılar teatrının binası təmirdə idi. Binanı 10 ilə tikdilər. İndi 6 aya bir binanı tikirlər. Biz teatrı saxlamaq üçün bölgələrə qastrol səfərlərinə gedirdik. Planı belə ödəyirdik. “Nəsimi”, “Babək” filmi də o dövrlərdə çəkildi. Nəsimi də olmasaydım Nəsiminin dostu, düşməni roluna çəkilə bilərdim də. “Azərbaycanfilm” kinostudiyası bizdən əlini üzmüşdü. Deyirdilər ki, onlar rayonda qastroldadır, dəvət etməyin”

Bunu Medianews.az-a açıqlamasında xalq artisti Cəfər Namiq Kamal deyib.

 

O daha sonra mərhum rejissor Eldar Quliyevlə yaşadığı anlaşılmazlıqdan da söz açıb:

“Eldar Quliyevin rejissoru olduğu “Dərvişin qeydləri” filmində çəkilmişəm. Bizdə bir az rejissorların da xasiyyəti başqa cürdür. Allah Eldar Quliyevə rəhmət etsin. Mən bu filmdə xanın qardaşı rolunu oynayırdım. Fuad Poladov da böyük qardaşımızı oynayırdı. Eldar Quliyev mənə deyirdi ki, sən rolda içkili gəlirsən, içəri girirsən və yad adamları görürsən. Deyirdim ki, bu rol niyə içkili olmalıdır ki? Deyirdi ki, sən içənsən də.. Mənimlə də rusca danışırdı. Ondan qabaq da bir-iki fikir demişdim, demişdi ki, “net”. Yenə də təklif verdim, yenə “net” dedi. Bu “netləri” deyir mənə, mən də yavaş-yavaş yığıram. Dayanmadım yenidən təklif verdim, dedi ki, “nu kak?”. Bu sözü mənə elə dedi ki, yəni onsuz da sənin dediyinlə razı olmayacam. Mən axı xanın yanına icazəsiz, özbaşına girə bilmərəm. Lap qardaş da olsa. Dedim ki, otağın yanından keçəndə özümü sərxoşluğa vurum və buradan da belə bir məna olsun ki, mən subardinasiyanı içkili olduğuma görə pozdum. Yəni özümdə deyildim. Yenə də “net” dedi. Dedim ki, sənin “net”-dən başqa sözün yoxdur?! Bu sözümə görə məni filmdəki rolumun səsləndirməsinə çağırmadı. Bizim aktyorlardan bir nəfəri çağırdı. O aktyora dedim ki, sən orada nə etdin ki?! Mənə 2 saat qrim ediblər, o geyimləri geyinmişəm. Mənim orada zümzümələrim var idi, onu sən heç vaxt edə bilməzsən. Sən qalstukda gəlirsən, şüşənin arxasından mətni verirlər, oxuyub gedirsən. Dedim axı mən sağ idim, səsim də batmamışdı. Onun da belə kaprizləri var idi. Amma teatr başqa aləmdir. Özümü orada doğma hiss edirəm. Gücüm də var, həvəsim də, potensialım da. Güc hərdən zəifləyir, o tərəfə gedir. Sağ ikən bizlərdən istifadə etsinlər”.

Əli Əsgər
Medianews.az

Bizə qoşulun