Medianews.az
Azərbaycanda bağça pulu bu qaydada veriləcək –
224 baxış

Azərbaycanda bağça pulu bu qaydada veriləcək – Prezidentin təsdiqlədiyi yeni modelin İZAHI

İyunun 19-da Prezident İlham Əliyev məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqda fərman imzalayıb.

Məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri əsasında əhatəliliyin artırılması məqsədilə verilən fərmana əsasən, valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına təmin ediləcək.

Fərmanda Nazirlər Kabinetinə məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydasını üç ay müddətində təsdiq edib Prezidentə məlumat vermək tapşırılıb.

Elm və Təhsil Nazirliyi isə hər növbəti maliyyə ili üzrə məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi üçün tələb olunan məqsədli vəsaitin həcmini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.

Valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli nə deməkdir?

Medianews.az-ın sualını cavablandıran Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, bu model bağça uşaqlarının təhsil xərclərinin dövlət büdcəsi, özəl sektor (sahibkarlar) və valideynlər arasında müştərək şəkildə bölüşdürülməsini nəzərdə tutan proqressiv iqtisadi mexanizmdir: “Artıq yeni model cənab Prezidentin fərmanı ilə təsdiq edilib. Bu model ümumilikdə dövlət bağçalarında həm də yer çatışmazlığı problemini aradan qaldırmaq və məktəbəqədər təhsildə əhatəliliyi sürətlə artırmaq məqsədi daşıyır.

Mən ilk öncə modelin strukturuna və işləmə mexanizminə nəzər salmaq istərdim. Bu model çərçivəsində maliyyə yükü və öhdəliklər üç tərəf arasında bölüşdürülür: dövlət, özəl sektor və valideyn. Elm və Təhsil Nazirliyinə ayrılan məqsədli vəsait hesabına hər bir uşaq üçün özəl bağçaya subsidiya ödənilir. Yəni bu, Elm və Təhsil Nazirliyinə ayrılan vəsait hesabına təmin olunur.

Özəl sektor burada hansı funksiyanı yerinə yetirir? Sahibkarlar yeni alternativ bağçalar açır, infrastrukturu təmin edir və xidmət keyfiyyətini tənzimləyirlər. Valideynlər isə təhsil haqqının dövlət tərəfindən qarşılanmayan cüzi hissəsini ödəyirlər”.

İ.Orucov bu modelin tətbiqini maliyyə və təhsil baxımından Azərbaycanda sosialyönümlü dövlət siyasətinin ən uğurlu addımlarından biri kimi dəyərləndirir: “Burada əsas meyarlardan biri əhatəliliyin artırılmasıdır. Dövlət yeni bağça binaları tikmədən özəl bağçaların mövcud potensialından istifadə edərək uşaqların bağçaya qəbul sayını artırır. Həmçinin büdcə səmərəliliyi burada gözlənilir. Dövlət bir uşağın təhsil xərcini yüz faiz qarşılamaq əvəzinə maliyyəni digər tərəflərlə bölüşərək daha çox uşağa maliyyə ayıra bilir. Eyni zamanda rəqabət mühiti formalaşır, keyfiyyət təmin olunur. Özəl bağçalar dövlət sifarişini cəlb etmək üçün öz aralarında rəqabət aparırlar, bu da təhsilin keyfiyyətini yüksəldir.

Qiymətlərin əlçatan olması da burada çox önəmlidir. Mən düşünürəm, burada o qədər ciddi mexanizmlər olmalıdır ki, prosesdən sui-istifadə halları olmasın. Yəni hərə durub bir bağça açmaq, necə deyərlər, prosesi bağça bazarına döndərmək fikrinə düşməsin. Bəzən cəmiyyətdə belə halları müşahidə eləmişik. Ona görə şəffaf, doğru mexanizm qurulmalıdır ki, burada rəqabət mühiti hansısa monopolistin bu sahəni ələ keçirməsi ilə deyil, keyfiyyətli, əlçatan təhsil və eyni zamanda sağlam, bilikli nəsil yetişdirmək hədəfi önə çıxsın. Həm də burada bahalı özəl bağçalar dövlət subsidiyası sayəsində orta təbəqədən olan ailələr üçün tam əlçatan olmalıdır. Eyni zamanda, bu, sahibkarlığın stimullaşdırılması baxımından əhəmiyyətlidir. Çünki məktəbəqədər təhsil biznesi üçün səmərəli daxili bazar formalaşır və bu sahəyə investisiya axınını sürətləndirir. Amma yenə də qeyd eləmək istəyirəm, burada mütləq şəkildə çox önəmlidir ki, proses düzgün, doğru yönəldilsin. Bu xoşməramlı fərmanın icrasından kimlərsə öz şəxsi məqsədləri naminə və xoşagəlməz şəkildə istifadə etməsin”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun