Medianews.az
Halallığın təcrübəsi və
83 baxış

Halallığın təcrübəsi və perspektivləri barədə

“Kor kora demiş: - cırt, bu yandakı gözünə”
(Azərbaycan ata sözü)

Jurnalist vəsiqəsinin verilməsi üçün rüsum ləğv ediləcəkdir. Bunu söz azadlığına şanlı hökumətimizin diqqət və qayğısının növbəti nümunəsi sayırıq. İnşallah, özümüzü yaxşı aparsaq hovuza su da buraxılacaqdır.

Ümumiyyətlə, bizim ölkədə elə münasibətlər sistemi formalaşmışdır ki, xaricilər hələ buna çatmaq üçün uzun yol qət etməlidirlər. Məsələn, bugünlərdə Bakıda İslam İnkişaf Bankının tədbiri keçirilirdi, orda qurumun rəhbərləri öz çıxışlarında əminliklə söylədilər: Azərbaycanda halal iqtisadiyyatın, halal bankçılığın inkişafı üçün böyük perspektivlər vardır.

Sitatı olduğu kimi dərc edim, oxucularımız da görsün ki, gopa basmıram: “Kuala Lumpurda yerləşən İslam İnkişaf Bankının (İİB) Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi Bakıda keçirilən Halal forumdakı çıxışında qeyd edib ki, Azərbaycan halal iqtisadiyyatının inkişafı üçün mühüm imkanlara malikdir”. Sitatın sonu.

Doğrudan da, bizdə hər şey halallıqla baş verir. İstər dükan açıb ayranı nehrə yağı adıyla sat, istər kiminsə evini içində yaşadığı halda söküb hər kvadrata görə 1 manat 50 qəpikdən kompensasiya ödə.

İstəsən kolbasa sexi işlət, orda ölü eşşək ətindən servelatı “Norveç maralının əti” kimi burax, istəməsən kafe açıb pivəyə su, xəngələ qurudulmuş əhəng, nə bilim, çaya soda qat. Hamısı halallıqla olur, əlhəmdüllah. Hətta, pis çıxmasın, yol qırağında durub müştəri gözləyənlər də halallıq prinsiplərinə söykənirlər – hər kəs öz zolağında dayanır.

Diqqətli oxucularımızın yadında olar, keçən il yayda Maştağa tərəfdə maraqlı, orijinal, həm də halallıq prinsiplərinin qorunduğu bir kriminal hadisə baş vermişdi: nəvə nənəsini soyaraq pulları yeyib-içməyə, qızlarla əyləncəyə sərf etmişdi. Həmin gəncin məhkəmədə ifadəsi bütün xalqımızı kövrəltmişdi: “Nənəm qızılı, pulu düyü torbasında gizlədərkən görmüşdüm. Konkret nə qədər pul və qızıl olmasını bilmirdim. Düyü torbasının içindəki bankanı götürdüm. Burun dəsmalına bükülmüş mirvari boyunbağı, qolbaq və nağd pul var idi. Nənəm pulu uzun illərdir ”kəfən pulu" kimi yığmışdı. Bilirdim ki, halal puldur. Ona görə pula dəymədim. Ancaq qolbağı götürdüm”. Yenə sitatın sonu.

Buyur. Nənə qolbağı Allah bilir hansı fırıldaqla əldə edibmiş, onu götürüb, ancaq halal kəfən puluna dəyməyib!

Bəli. Dünyada ən çox halallıq bizdədir. Halal məktəb, halal yumurta, halal qəzet, halal köşə yazarı, halal prokuror, halal icra başçısı, halal sponsor, halal ölü, halal diri, halal rüşvət, halal toy, halal gəlin, halal park, halal metro, halal yeyinti, halal halallıq... Saydıqca bitmir ki. Bizdə hardasa haram varsa, bu köşənin qonorarı mənə haram olsun!

Şəxsən mən hərdən bu qədər halal insanın arasında yaşadığım üçün kövrəlir, həzin-həzin ağlayıram. Şair Süleyman Rüstəm demişkən: “Bu eşqi mən gəncliyimdən bir xatirə saxlaram, İlk məhəbbət yada düşər, həzin-həzin ağlaram.”

Sözgəlişi, islam bankçılığının müdirləri əslində “Azərbaycanda halal bankçılıq üçün imkanlar var” deyəndə bir az yanlışa yol verirlər. Çünki “imkan var” demək, bu işin gələcəyini nəzərdə tutur, ancaq bizdə bank sektoru həmişə halallıqla işləməmişdirmi? Sovetin vaxtında nə qədər adamın pulu bankda halallıqla batdı, sonra “Vahidbank”-filan, arada halal muncuq düzdük, nə bilim, banklar milçək kimi qırğına düşəndə neçələrinin ev-eşiyinə, arvad-uşağın axırıncı halal donunacan satıldı, getdi... Hələ halal devalvasiya, inflyasiya-zad olanda bizdə halal bankçılıq lap şiddətlənir.

Hərçənd, biz dünya müsəlman ölkələrindən bu istiqamətdə çox fərqlənmirik, harda müsəlman varsa, orda halallıq var, bunu hamı bilir. Məsələn, bir ara İraq tərəfdə hətta adamın başını kəsib küçəyə qoyurdular, gör onu kimsə oğurlayırdımı? Qətiyyən!

Ona görə də böyük islam mütəfəkkiri Kamaləddin Əfqani hələ 19-cu əsrdə demişdir: “Getdim Avropaya, gördüm Almaniya dağılır. Gəldim Azərbaycana, gördüm halallıq FHN-də işləyir” (Ola bilər azca fərqli deyib, əsas məzmunudur – Z.H.)

Zamin HACI 

Bizə qoşulun