İranın Fars körfəzinə nəzarət idarəsi (PGSA) gəmilərdən Hörmüz boğazından keçməzdən əvvəl əvvəlcədən məlumat vermələrini tələb edib.
Medianews.az xəbər verir ki, idarənin məlumatına görə, mümkün gecikmələrin qarşısını almaq üçün bütün gəmilər boğaz ərazisinə çatmazdan 48 saat əvvəl keçidlə bağlı sorğu təqdim etməlidir.
“Gəmilərin Hörmüz boğazına daxil olması və ya oradan çıxması zamanı gecikmələrin qarşısını almaq üçün boğaz ərazisinə çatmazdan 48 saat əvvəl bütün zəruri məlumatları özündə əks etdirən sorğu təqdim etmək lazımdır”, – deyə PGSA-nın “X” platformasında yayımladığı açıqlamada bildirilib.
İdarə həmçinin qeyd edib ki, İran yaxın 60 gün ərzində Hörmüz boğazında göstərilən xidmətlərə, o cümlədən təhlükəsizlik sahəsində xidmətlərə görə ödəniş tələb etməyəcək. Bu müddət ərzində bütün xərcləri Tehran qarşılayacaq.
Qeyd edək ki, bundan əvvəl ABŞ və İran Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.
İsrail tərəfi həmin memorandumla bağlı danışıqlarda iştirak etməyib.
İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat xidməti isə bildirib ki, İsveçrənin Bürqenştok şəhərində keçirilməsi planlaşdırılan ABŞ və İran arasındakı danışıqlar təxirə salınıb və iyunun 19-da baş tutmayacaq.//Bakues.az