Həmişəki maraqlı mövzularla həyatımıza davam edirik. Yenə kimsə bulvarda gülləri ayaqlayıb. Belə vəziyyətlərdə, mən həmişə, indiki uşaqlar tanımaz, Səbailin əski polis rəisi Nazim Nağıyevi xatırlayıram. 2006-cı ilədək onun sayəsində rayon ərazisində müxalifətçilərin iki-iki toplaşması belə qadağan idi. Sonradan bu müsbət təcrübə bütün ölkəmizdə tətbiq olunmağa başlamışdır, indi heç bir-bir toplaşmağa da icazə yoxdur. Nəsə, o çağlar yenə hansısa partiya cızığından çıxmışdı, Nazim müəllim isə televiziyaya açıqlama vermişdi: “Müxalifətçilər bulvarda çimənliyi tapdalayır”. Yəqin müasir dövrümüzün müxalifət partiyalarını da bloqerlər Lala, İsmila, Nara və Hilli əvəz edir (adlarını xəbərdən götürmüşəm, yoxsa oxucular belə şeyləri izlədiyimi zənn edib məndən bədgüman olarlar).
Söhbət açılıb, Nazim müəllim opera sənətinin də möhkəm aşiqi idi, lakin pensiya dövründə təyyarə məktəbində çalışmağa başlamışdı, gənclərimizə uçmağı öyrədirdi. Halbuki, opera sahəsində hazırda gərginlik müşahidə edilir, oranı tənzimləmək üçün yaxşı bir rəisə ehtiyac vardır.
Opera-baletdə narazılıq ora təzə başçı qoyulandan sonra şiddətli şəkil almışdır. Müdir bəzi əməkdar və xalq artistlərini işdən çıxarıb, deyir bunlara ehtiyacımız yoxdur, oxuyub-oynayanlarımız çoxdur. Bir nəfəri Gəncədə ayrı işi də olduğu üçün qovub. (Eyni zamanda manısların məktəbində rüşvətxorluq iddiaları ortaya atılıbdır, hərçənd, ordakı ayrı adam olmalıdır. Sadəcə, əlavə fakt kimi yazdım ki, vəziyyətin necə dramatik olduğunu görəsiniz. Bəlkə manıs sənətimizdə sülh yaratmaq üçün Trampa müraciət elədik).
Yanlış yanaşmadır. Birincisi, xalqımız musiqisevər xalqdır, manısın bolluğunun ziyanı yoxdur. Ən azı sünnətdə klavesin çalıb, “Fiqaronun toyunda”n səhnə göstərib pul qazanarlar.
İkincisi, əməkdarı çıxarmısan, lap bunu qəbul elədik, bəs xalq artistini çıxartmaq nəmənədir? Ayıb deyilmi? Ondansa gəl xalqımızı respublikadan çıxart. Bircə o qalıb. Xalq artisti ancaq səhnədə ölməlidir. Fəxri adlar haqqında qanuna əsasən bunu yazıram. Həmin qanuna görə xalq yazıçısı kitab yazdığı yerdə, xalq rəssamı isə əlində fırça rəhmətə getməyə borcludur. (Qanuna görə köşə yazarları da hansısa künc-bucaqda ölməlidir, lakin indi mövzumuz bu deyil).
Üçüncüsü, Gəncə teması lap anekdotdur, çünki operamıza təzə qoyulan müdirin özü xaricdə yaşayırdı, ayda-ildə bura gələrdi, məsələn, Novruzda tonqaldan tullanmağa-zada. İndi necə olur sən Milan və Vyanada qastrolda ola-ola burda müdirlik edə bilirsən, lakin dirijor Gəncədən çubuğunu Bakıya uzada bilmir?
Yəqin Gəncədən gələndə müdirə xurma gətirməyib, ona görə narazıçılıq yaranıb. Gərək insanın əli dolu olsun. Həmişə çubuq fırlatmaqla iş düzəlmir, zənbil də lazımdır.
Söz köşəsinə çəkər, bu məqamda kaman ustası Habil Əliyevdən bir pritçanın tam yeridir.
Dirijor Nəriman Əzimov həmişə Habilə sataşırmış, deyirmiş hökumət səni çox şişirdir, orden-medal verir, rəsmi tədbirlərə çağırır və sairə. Bir gün yenə bu tema düşəndə məclisə hansısa rəssam girir, deyir: “Habil müəllim, portretinizi işləməliyəm, mənə bir fotonuzu verin”. Əzimov əsəbləşir: “Bax, hətta portretini də sifariş ediblər!” Rəssam təəccüblənir, soruşur: “Habil müəllim, bu kimdir?”. Habil deyir: “Bu, dirijordur, sənin yerlindir, gəncəlidir”. Rəssam deyir, yox, tanımadım. Habil Əliyev deyir: “Nəriman, heç yerlin də səni tanımadı, bunun səbəbi bilirsənmi nədir? Sən həmişə səhnədə arxanı camaata çevirirsən, indi dön, yerlin arxadan baxsın, tanıyacaq səni”.
Zamin HACI