İyunun 7-si Ermənistanda parlament seçkisi keçiriləcək. Proporsional sistemlə formalaşan qanunverici orqana düşmək üçün mübarizəyə qoşulan partiya və blokların çoxu müxalifəti təmsil edir. Hökumət qurmaq üçün parlament mandatlarının yarıdan çoxunu almaq tələb olunur. Hakim Vətəndaş Sazişi Partiyası baş nazirliyə lideri Nikol Paşinyanı namizəd göstərib. Müxalif Ermənistan blokunun baş nazirliyə namizədi sabiq prezident Robert Köçəryandır.
Baş nazir postuna Çiçəklənən Ermənistan Partiyasının lideri, biznesmen Qaqik Sarukyan (“Ermənistana təklif” təşəbbüsünün namizədi), Güclü Ermənistan Partiyasının lideri, biznesmen Samvel Karapetyan (Güclü Ermənistan blokunun namizədi), dövlət xadimi Levon Zurabyan (sabiq prezident Levon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresi Partiyasının namizədi), Yeni Qüvvə Partiyasının lideri, paytaxt Yerevanın sabiq meri Ayk Marutyan, “Birlik qanadı” təşəbbüsünün lideri, sabiq ombudsman Arman Tatoyan da iddia edir.
2018-ci ildən baş nazir olan Nikol Paşinyan parlament seçkisində uğur qazanmasa, hökumət dəyişsə, Azərbaycanı nələr gözləyə bilər? Ermənistanla sülh prosesi pozularmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Natiq Miri bildirib ki, iyunun 7-də keçiriləcək parlament seçkiləri Ermənistanın gələcəyi baxımından taleyüklü bir prosesdir: “Bu seçkinin nəticəsi erməni xalqının, Ermənistan dövlətinin gələcəyini müəyyənləşdirəcək. Yenidən geriyə, müstəmləkəyə – Rusiya vassalına çevrilmək, yoxsa müstəqil, suveren ölkə kimi qonşularla əməkdaşlıq, dostluq çərçivəsində yaşamaq? Hazırkı baş nazir Nikol Paşinyanın qələbə qazanması Qərb dünyasının istər ABŞ, istərsə də Avropa İttifaqı ölkələri səviyyəsində Ermənistana investisiyalarını artıra bilər. Bu da elmi, texnoloji, iqtisadi inkişaf deməkdir. Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir. Paşinyana müxalif olanlar hansı partiya adı altında fəaliyyət göstərməsindən aslı olmayaq Rusiyanın maraqlarını ifadə edir. Onlar hər an Ermənistan dövlətinin maraqlarını, mənafeyini satmağa hazır siyasi qüvvələr kimi hərəkət edirlər. Ermənistan cəmiyyətinin də bunu anlaması çox vacibdir”.
Politoloq qeyd edib ki, müxalifətin qələbə çalıb revanş götürməsi Ermənistanda içiboş idealların yenidən dövriyyəyə buraxılması demək olacaq: “Azərbaycan və Türkiyə ərazilərini işğal edib “dənizdən-dənizə” dövlət qurmaq nağılını və “soyqırımı” iddialarını yenidən siyasətə daşımaq gərginlikdən, yeni münaqişələrdən, Ermənistanı növbəti dəfə zərbə altında qoymaqdan başqa heç nəyə xidmət etməyəcək. Bitmiş Qarabağ məsələsini diriltmək cəhdi, yeni silahlı təxribatlar Bakını Naxçıvanla Azərbaycanın qalan hissəsi arasındakı ərazini nəzarətə götürmək məcburiyyətində qoya bilər. Bu perspektiv doğrudanmı ermənilərin xoşuna gəlir? Onda buyurub müxalifətə səs verə bilərlər. Amma sonra övladlarının cəbhədən qayıtmamasından da şikayətçi olmasınlar. Bu mənada ermənilər yaşamla ölüm arasında bir seçim qarşısında qaldıqlarını anlamalıdırlar”.
N.Miri vurğulayıb ki, Ermənistanın müxalif qüvvələri Azərbaycanla sülh prosesinin pozulmasında maraqlı olmadıqlarını desələr də, bu, həqiqəti əks etdirmir: “Robert Köçəryan Ermənistanı mövcud 27 min 700 kvadrat kilometrlik ərazi çərçivəsinə sığışdırmağın doğru olmadığını söyləyir. Bu, açıq-aşkar növbəti ərazi iddiası deməkdir. Bu, yenidən Azərbaycanla toqquşma deməkdir. Təbii ki, bu həm də Ermənistanı yeni və daha böyük təhlükələrə atmaq, inkişaf perspektivlərinin üstündən birdəfəlik xətt çəkməkdir. Ona görə də iyun seçkisi ermənilərin bəlkə də XXI əsrdə verəcəkləri ən böyük sınaq imtahanıdır”.

Politoloq Aydın Tağıyev Medianews.az-a deyib ki, Nikol Paşinyan qalib gəlsə, Azərbaycanla sülh prosesinin davamı mümkün görünür: “Düzdür, müxalifətin daxili təzyiqləri Paşinyanın manevr imkanlarını qismən məhdudlaşdıra bilər. Əgər müxalifətdən Robert Köçəryan qalib gələrsə, onda daha sərt mövqelər, revanşist ritorika sülh prosesinin dayanması ehtimalını artıra bilər.
Fikrimcə, Azərbaycan üçün ən optimal nəticə Paşinyanın hakimiyyətdə qalmasıdır, çünki bu, sülh prosesinin davamlılığını təmin edə bilər. Müxalifətin qələbəsi, yəni sərt ritorikanın, revanşist siyasətin baş qaldırması ehtimalı isə Bakı üçün yeni diplomatik və təhlükəsizlik çağırışları deməkdir”.
A.Tağıyevin fikrincə, Azərbaycanın sülh təşəbbüsləri Ermənistanın xarici siyasət kursunu dəyişməyə məcbur edib: “Seçkini Paşinyanın udacağını gözləyirəm. Çünki köhnə siyasəti davam etdirməyin Ermənistana qəti şəkildə fayda verməyəcəyini ermənilər indi yaxşı anlayırlar. Məncə, bu ölkənin vətəndaşları Ermənistan üçün müharibənin yox, sülh və inkişafın daha vacib olduğunu dərk edirlər”.
Medianews.az xatırladır ki, Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.
Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
2025-ci il avqustun 8-də Azərbaycan prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sülh öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.
Nailə Qasımova,
Medianews.az