Medianews.az
Köhnə maşın almaq istəyənlərə xəbərdarlıq -
238 baxış

Köhnə maşın almaq istəyənlərə xəbərdarlıq - Bakı tıxaclarında hansı maşınlar daha qənaətcildir?

Azərbaycanda avtomobil seçimi zamanı insanların üstünlük verdiyi meyarlardan biri onun sərfəli olmasıdır. Bəs avtomobilin sərfəli olması nə deməkdir? Daha az yanacaq işlətməsimi? Başqa hansı meyarlar var?

Medianews.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, sərfəli dedikdə məsələyə yalnız avtomobilin az yanacaq işlətməsi prizmasından baxmaq düz deyil: “Bura göstərilən xidmətlərin keyfiyyəti, yəni ixtisaslaşmış usta xidmətlərinin mövcudluğu, hər hansı modelin təmirinin rahatlığı və ehtiyat hissələrinin bazarda asan tapılması da daxildir. Həmçinin lazım olan detallar ölkədə yoxdursa, onların xaricdən nə qədər vaxta və hansı şərtlərlə gətirilməsi də ümumi sərfəlilik meyarını müəyyən edir. Buna görə də avtomobili sırf yanacaq sisteminə görə qiymətləndirə bilmərik. Bura nəqliyyat vasitəsinin məxsusi keyfiyyətləri və istismar göstəriciləri də birbaşa təsir edir.

Yanacaq növündən yanaşdıqda dizellə işləyən avtomobillər sinfi adətən yük maşınları və digər ağır texnika kateqoriyaları üçün daha sərfəli sayılır. Minik maşınlarında isə yanacaq xərclərini azaltmaq baxımından hibrid və elektromobilləri sərfəli nəqliyyat vasitələri sinfinə aid etmək olar”.

Aslan Əsədov qeyd edib ki, son iki ildə Azərbaycanda yanacağın qiyməti təxminən 30% artıb, nəticədə avtomobil bazarında meyarlar dəyişib və nəqliyyat vasitələri müəyyən siniflərə (məsələn, ekonom sinfə) bölünməyə başlayıb: “İnsanlar artıq avtomobilin istehsal ilinə (təzə və ya köhnə olmasına), keyfiyyətinə və ən əsası yanacaq sərfiyyatına daha çox diqqət yetirirlər.

Bu proses həm də köhnə avtomobillərin ehtiyat hissələrinin tapılması problemini və ya bəzi detalların satışdan tamamilə yığışdırılması məsələsini ön plana çıxarıb. Nəticədə ikinci əl avtomobil bazarının ümumi coğrafiyası və tələb-təklif balansı yeni iqtisadi şəraitə uyğun olaraq yenidən formalaşıb”.

“Bakı kimi tıxacların çox olduğu şəhərlərdə hansı avtomobil növləri daha qənaətcil hesab olunur” sualına cavab olaraq ekspert bildirib ki, adətən meqapolislərdə elektromobillər, hibridlər və "plug-in" (şəbəkədən doldurulan) hibridlər daha qənaətcil sayılır: “Lakin bu texnologiyaların səmərəliliyi regionun iqlim şəraitindən xeyli asılıdır. Məsələn, sırf elektromobillər və bəzi "plug-in" modellər soyuq iqlimi olan ölkələrdə batareya funksiyasını tam bərpa edə bilmir. Soyuqda batareyanın ömrü və şarjı tez bitir. Ona görə soyuq iqlimlərdə şarj sisteminin və batareyaların səmərəli işləməməsi alternativ yanacağa tələbatı çoxaldır.

Azərbaycan kimi iqlimi əsasən mülayim, isti və günəşli olan ölkələrdə isə elektromobillər və "plug-in" modellər özünü yaxşı doğruldur. Bu baxımdan, tutalım, Bakıda elektrik gücü ilə işləyən nəqliyyat vasitələrinə marağın artması tamamilə təbiidir və bu növ avtomobillər sürücülər üçün daha cəlbedicidir”.

Sürücülər gündəlik istifadədə yanacaq sərfiyyatını azaltmaq üçün nələrə əməl etməlidirlər? A.Əsədov saytın bu sualına belə cavab verib: “Gündəlik istifadədə yanacaq sərfiyyatını minimuma endirmək üçün sürücü bir çox texniki məqama diqqət yetirməlidir. Avtomobillərdə yanacaq istehlakını artıran ümumilikdə 18 əsas amil var. Bunların arasında ən mühüm üçlüyü yanacağın keyfiyyəti, mühərrikin işçi həcmi ilə onun faydalı iş əmsalı (bu göstəricinin minimum 30 faizdən yuxarı olması şərtdir) və mühərrikdəki alışma ilə yanma prosesi təşkil edir. Qeyd etmək lazımdır ki, sonuncu amilə elektrik şamlarının vəziyyəti birbaşa təsir göstərir.

Ümumilikdə sözügedən üç amil yanacağın itkiyə getməsinin qarşısını alan əsas komponentlərdir.

Bunlardan başqa, avtomobilin qabarit ölçüləri, əyləc sistemi, təkərlərin vəziyyəti və hətta sükan mexanizmi də yanacaq sərfiyyatına əhəmiyyətli dərəcədə təsir göstərir. Sükan idarəetmə sisteminin sazlığı avtomobilin hərəkət müqavimətini azaltdığı üçün qənaətdə böyük rol oynayır və bu, danılmaz bir faktdır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun