Medianews.az
“Üçbaşlı” müxalifət sülhü poza bilərmi?
159 baxış

“Üçbaşlı” müxalifət sülhü poza bilərmi?

Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkisinin siftə nəticələrinə görə, 18 qüvvənin yarışdığı seçkidə dörd iddiaçı önə çıxır. Baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası 49,82 faiz, Güclü Ermənistan bloku 23,28 faiz, Ermənistan bloku 9,93 faiz, Çiçəklənən Ermənistan Partiyası 3,99 faiz səslə göstərilir.

Proporsional sistemlə formalaşan parlamentə düşmək üçün partiyalar etibarlı səslərin 4 faizini, bloklar 8 faizini toplamalıdır.

Beləliklə, hazırkı seçki nəticəsində üç qüvvə Paşinyan hökumətinin rəqibi kimi rəsmiləşir: Güclü Ermənistan bloku, Ermənistan bloku, Çiçəklənən Ermənistan Partiyası. Onların ilk ikisinin mandat alacağı dəqiqləşib.

Güclü Ermənistan blokunda aparıcı qüvvə Samvel Karapetyanın liderlik etdiyi Güclü Ermənistan Partiyasıdır. 1965-ci il təvəllüdlü Samvel Karapetyan Rusiyada fəaliyyət göstərən biznesmendir. 2025-ci ilin iyun ayında hakimiyyəti zorla ələ almağa çağırış ittihamı ilə həbs edilib, dekabrda ev dustaqlığına buraxılıb. Güclü Ermənistan Partiyası 2026-cı ilin yanvarında təsis olunub.

Ermənistan blokunun namizədlərinin siyahısına Robert Köçəryan başçılıq edir. 1954-cü il təvəllüdlü Robert Köçəryan 1992-1997-ci illərdə Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı olub. 1997-ci ilin martında Ermənistanın baş naziri postuna keçib. 1998-ci ilin fevralında prezident Levon Ter-Petrosyan istefa verib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.

Çiçəklənən Ermənistan Partiyasının namizədlər siyahısında lideri Qaqik Sarukyan birincidir. 1956-cı il təvəllüdlü Qaqik Sarukyan biznesmendir. Çiçəklənən Ermənistan Partiyasını 2004-cü ildə yaradıb. 2003, 2007, 2012, 2017, 2018-ci illərdə parlamentin deputatı seçilib.

Nikol Paşinyan bu üç qüvvəni “üçbaşlı müharibə partiyası” adlandırır.

Paşinyan hökumətinin müxalifəti, onun təbirincə, “üçbaşlı müharibə partiyası” Azərbaycanla sülh prosesində problemlər yaratmağa qadirdirmi? Müxalifət sülh sazişinin imzalanması, Ermənistan Konstitusiyasının dəyişdirilməsi, konstitusiyadan Azərbaycana və Türkiyəyə ərazi iddialarını ehtiva edən istinadların çıxarılması, Zəngəzur dəhlizinin açılması kimi prosesləri pozmaq və ya ləngitmək gücündədirmi?

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Ermənistandakı seçkilərdə rəqabət, şərti bölgü ilə desək, Qərb yönümlülərlə Rusiya yönümlülər arasında getdi: “Moldovada olduğu kimi, Ermənistanda da Rusiya yönümlülər məğlub oldular. Nikol Paşinyanın bu seçkiləri udacağı gözlənilirdi, çünki rəy sorğuları onun reytinqinin daha yüksək olduğunu göstərirdi. Amma müzakirə ondan ibarət idi ki, bu seçkilərin nəticələri Paşinyana təkbaşına hökumət qurmaq imkanı verəcək, ya yox? Məsələ bunun üzərində idi. İlkin nəticələr göstərdi ki, Paşinyanın belə bir imkanı artıq yaranıb və o, təkbaşına hökumət qurmaq iqtidarındadır.

Rusiyanın bu seçkilərdə iki əsas hədəfi vardı. Birincisi ondan ibarət idi ki, Paşinyan seçkini uduzsun, Rusiya əlaltısı olan qüvvələri hakimiyyətə gətirib Ermənistana təsir imkanlarını qorusun. Amma Rusiyada da yaxşı başa düşürdülər ki, Paşinyanı uduzdurmaq çətin olacaq. Məsələn, Putinin son həftədə Paşinyana zəng eləyərək onu ad günü münasibətilə təbrik etməsi və digər açıqlamaları da göstərir ki, Rusiya əslində ikinci ssenariyə hazırlaşıb. İkinci ssenari isə ondan ibarət idi ki, parlamentə Rusiyanın mümkün qədər çox tərəfdarı düşsün. Hesab eləyirəm ki, Rusiya bu istiqamətdə öz məqsədinə nail oldu”.

O.Qasımov qeyd edib ki, 2021-ci ilin parlament seçkilərində Paşinyan 54 faiz almışdısa, bu seçkilərdə, ilkin nəticələrə görə, 50 faiz qazanıb, yəni əvvəlki seçki ilə müqayisədə 4 faiz səs itirir: “Bu isə Paşinyanın parlamentdə 10 yeri itirməsi anlamına gəlir. İkincisi, Rusiya yönümlü qüvvələr keçən seçkilərdə ümumilikdə parlamentdə 26,4 faizlə təmsil olunurdular, hazırda ilkin nəticələrə görə, onlar bunu 37 faizə qədər artıra bilirlər. Parlamentdə 27 mandat sahibi idilərsə, bu dəfə 44 mandat sahibi olurlar. Rusiya bunun vasitəsilə Ermənistana mümkün qədər çox təzyiq etməyə çalışacaq. Əlbəttə ki, Paşinyanın işi heç də asan olmayacaq. Xüsusilə də konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilməsi və digər bu kimi prinsipial addımlarda Rusiya yönümlü qüvvələr Paşinyana mane olmağa çalışacaqlar.

Amma Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya, demarkasiyası və başqa bu kimi məsələlərdə Paşinyanın əli daha güclüdür. Bu proseslər texniki proses olduğundan onları sürətli şəkildə həyata keçirə bilər. Konstitusiya dəyişiklikləri ilə bağlı referendumda isə məsələ bir az qəlizdir. Burada Paşinyan da müəyyən qədər manipulyasiya edə bilər, belə bir ehtimal var. O, daxili təzyiqləri bəhanə gətirərək refendumu müəyyən qədər uzatmağa çalışa bilər. Zəif ehtimaldır, amma mümkündür. Hərçənd Paşinyan yeni konstitusiyanın qəbuluna çağırış edir. Onun şəraitdən asılı olaraq bunu həyata keçirmək imkanları var. Ümid eləyirik ki, Paşinyan elə məhz verdiyi vədə əməl edəcək və ilin sonuna qədər referendumun keçirilməsini, müsbət nəticənin alınmasını təmin edəcək”.

Politoloq Xaqani Cəfərli Medianews.az-a bildirib ki, Ermənistanla Azərbaycan arasında münaqişə erməni və Azərbaycan xalqlarının iradəsinin nəticəsi deyildi: “Buna görə də Paşinyanın “üçbaşlı müharibə partiyası” adlandırdığı müxalifət öz-özlüyündə sülh prosesinə maneə yaratmağa qadir deyil. Ermənistandakı müharibə partiyası Rusiya güclü olduğu müddətdə güclüdür. Rusiya isə hər ötən gün zəifləyir və çökür. Buna görə də Paşinyanın “üçbaşlı müharibə partiyası” adlandırdığı müxalifət Azərbaycanla sülh prosesində problemlər yarada bilməyəcək.

Ermənistan Konstitusiyasının dəyişdirilməsi, oradan ərazi iddialarını ehtiva edən istinadların çıxarılması üçün isə, belə görünür ki, müəyyən zamana ehtiyac var. Zəngəzur dəhlizinə (TRIPP) gəlincə, dəhlizin açılışının texniki məsələ olduğunu söyləmək olar. Texniki məsələlər həllini tapdıqdan sonra bu marşrutun açılması gerçəkləşəcək. Rusiyanın zəifləməsi, ABŞ-nin Cənubi Qafqazda güclənməsi TRİPP-i qarşısı alınmaz edəcək.

Ümumiyyətlə, Rusiyanın zəifləməsi, ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiyada güclənməsi bölgədə daimi sülü və əməkdaşlığı təmin edəcək. Bu prosesə mane olmağa çalışanlar zamanla səhnəni tərk etmək məcburiyyətində qalacaqlar”.

Nailə Qasımova,
Medianews.az

 

Bizə qoşulun