“Teatr Xadimləri İttifaqında sədr olmaq məsuliyyətli işdir. Burada işlər həqiqətən də çoxdur. Böyük kollektivdir. Biz sənətkarları, rejissorları, aktyorları, teatr xadimlərini yubileylərində və ilin sonunda mükafatlandırırıq. Sənətkarları mükafatlandırmaq lazımdır ki, onlarda həvəs yaransın və yeni-yeni rollar yarada bilsinlər. Akademik Milli Dram Teatrında da fəaliyyətimi davam etdirirəm və 7 tamaşada varam”. Bunu Medianews.az-a açıqlamasında Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov deyib.

O daha sonra film həyatından danışıb və az filmlərdə çəkilməyinə baxmayaraq, həmin filmlərin Azərbaycan kino tarixinə düşdüyünü bildirib: “Elə aktyorlar var ki, ömür boyu teatrda işləyir, amma öz rollarını tapa bilmir. Onlar o rolu oynayırlar, bu rolu oynayırlar.. Mən bir şeyə sevinirəm ki, yaradıcılığımda Mustafa kimi bir obraz var. Bu da mən gözləmədiyim halda olub. Rasim Ocaqovun sayəsində bu filmdə çəkilmişəm. “Həm ziyarət, həm ticarət”, “Ad günü” filmləri kifayət etdi ki, bir aktyor kimi tanınım, bacardığımı göstərim. Ondan sonra filmlərə çəkilməyə böyük həvəsim olmayıb. Elə aktyorlar var ki, güclə də olsa rejissoru vadar edir ki, filan əsəri onun üçün səhnələşdirsinlər. Bu məndə yoxdur. Gözləyirəm ki, pyes götürülsün, hansı rolu təklif edəcəklərsə mən də o rolu oynayım. Mənə elə gəlir ki, etdiyimi etmişəm. Yaş da o yaş deyil. Bəzən gərək teatrların rəhbərləri də bu işdə diqqətli olsunlar. Onlar bilməlidirlər ki, hansı aktyordan necə istifadə etmək olar”.
Əli Əsgər,
Medianews.az
