Bu ilin yanvar-mart aylarında Azərbaycanda doğulan körpələrin 53,8 faizi oğlan, 46,2 faizi qız olub.
Hazırda ölkə əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə hər 1000 kişiyə 1048 qadın düşüb.
1995-ci ildə hər 1000 kişiyə 1036 qadın, 2005-ci ildə hər 1000 kişiyə 1032 qadın, 2015 və 2025-ci illərdə isə hər 1000 kişiyə 1009 qadın qeydə alınıb.
Hazırda ölkədə qadınların sayı kişilərdən çox olsa da, göründüyü kimi, son illərdə cins balansı xeyli dəyişib. 2026-cı ilin ilk rübündə doğulan körpələr arasında oğlanların çoxluq təşkil etməsi bu balansın gələcəkdə daha ciddi surətdə dəyişə biləcəyindən xəbər verir.
Azərbaycanda cins bölgüsündə tarazlığı necə bərpa etmək mümkündür? Ölkədə qız uşaqlarının doğumunu stimullaşdırmaq üçün nələr etmək olar?

Sosioloq Elçin Bayramlı Medianews.az-a deyib ki, doğulan körpələr arasında qız uşaqlarının sayının azalmasının ən böyük səbəbi selektiv abortlardır: “Bu məsələdə biz adətən dünyada birinci-ikinci yerlərdə oluruq. Selektiv abortlar son dövrlər ölkəmizdə kütləvi şəkildə həyata keçirilir. Bizdə abort statistikası çox yüksəkdir. İldə təxminən 80 minə yaxın abort olur. Bunun da əhəmiyyətli bir hissəsini selektiv abortlar təşkil edir. Nəticə doğumda cins balansına ciddi təsir göstərir. Buna baxmayaraq, ölkədə qadınların sayı hələ də üstünlüyü qoruyur və 51-52 faiz təşkil edir.
Əsas məsələ abort cinayətinin qarşısını almaqdır. Söhbət təkcə selektiv abortdan deyil, ümumiyyətlə abortdan gedir. Abort qətl hadisəsidir, canlı bir insanın öldürülməsidir. Bunun qarşısı alınmalıdır, hüquq sistemində ağır cəza kimi qəbul olunmalı və cəzalandırılmalıdır. Abortlar cəmiyyətdə demoqrafik balansa mənfi təsir göstərir, mənəvi-sosial problemlər yaradır. Ona görə bu məsələ həll olunmalıdır. Bir çox ölkədə abort ağır cinayət sayılır və ciddi cəzalandırılır. Bizdə də bunu eləməyə ehtiyac var”.
E.Bayramlı hesab edir ki, cins bölgüsündə tarazlığı süni şəkildə stimullaşdırıb tənzimləmək mümkün deyil: “Təbiət özü bütün canlı növlərində cins fərqini balanslaşdırır. Min illərdir insan cəmiyyətində balans 50/50-yədir, arabir 41/59 olur. Yəni bu civardadır, bərabər balans var. Biz süni müdaxilə, selektiv abortlar eləməsək və yaxud ölkələr uzunmüddətli, dağıdıcı müharibə aparmasalar, cinsi balansda problem yaranmır. Eləcə sadə qaydalarla, düzgün bioloji sistemlə yaşamaq kifayət eləyir ki, təbiət öz balansını formalaşdırsın. Bu balans yalnız süni yolla dəyişdirilə bilər. O da dediyim kimi, ən böyük səbəb selektiv abortdur. Uzunmüddətli müharibələr nəticəsində oğlanların məhv olması da cins balansını dəyişə bilir.
Mən illərdir təklif eləyirəm ki, abortlara görə ağır cəzalar qoyulsun, abort qadağan olunsun. Çünki bütün dünya alimlərinin ümumi rəyinə görə, artıq 4-5 həftəlik körpə tam bir insan formasına malikdir. O, artıq insandır. Onu qətlə yetirmək insan öldürmək deməkdir. Bir sözlə, abort birbaşa uşağın qətlə yetirilməsidir. Ona görə abort qətlə bərabər bir cinayət kimi cəzalandırılmalıdır.
Xəstəxanalarda abort qadağan olunmalı, bunu edən həkimlər cəzalandırılmalıdır. Yalnız bu halda cins balansı bərpa olunacaq. O demək deyil ki, qızların sayı çox olacaq. Xeyr, təbiət özü elə tənzimləyəcək ki, yenə qız-oğlan doğumu 50/50 və yaxud 51/49 civarında dəyişəcək. Min illərdir, on min illərdir insan cəmiyyətində həmişə belə olub. Bütün digər canlılarda da bu balans tam bərabər və bərabərə yaxın bir formada olur.
Yəni təbiətin balansı yalnız süni yollarla pozulur və bu, insan cəmiyyətinin öz problemidir. Bu problemi qaydaya salmaq, düzgün bioloji qaydalarla yaşamaq gərəkdir. Qeyd etdiyim kimi, sərt cəzalar tətbiq etməklə bu cinayətin qarşısını almaq, yəni həm də cins bölgüsündə tarazlığı qorumaq mümkündür”.
Nailə Qasımova,