Medianews.az
“Təhminə” Anarla görüşmək istəyir:
293 baxış

“Təhminə” Anarla görüşmək istəyir: “Əvvəl tez-tez əlaqə saxlayırdıq, mənə hədiyyə də vermişdi, hönkürtü ilə ağlamışdım...” - FOTO + ÖZƏL

"Təhminə” filmi o qədər böyük bir filmdir ki.. Çəkildiyi gündən bu günə qədər hələ də təzəliyini qoruyub saxlayıb. Film heç köhnəlmədi ki.. Anar bəy senarini o qədər gözəl yazıb ki, Rasim Ocaqov o qədər gözəl çəkib ki.. Bizlər də yəqin ki, gözəl oynamışıq (gülür). Bu filmlə bağlı hər kəs nəsə bir şey düşünür, düşündüyünü dilə gətirib söyləyir. “Təhminə” filmi hər kəsin ürəyinə toxunur. Bu filmlə bağlı kim nə danışırsa hər biri haqlıdır. Əslində filmə baxış bucağı önəmlidir. Kim necə baxırsa, o şəkildə də rəy bildirir. Ona görə də hər kəsin rəyinə sayğı göstərirəm. Önəmlisi budur ki, film hər kəsin yaddaşında gözəl xatirələrlə qalıb”.

Bunu Medianews.az-a açıqlamasında türkiyəli aktrisa Meral Konrat deyib.

O filmin ikinci hissəsinin çəkilməsini istəmədiyini söyləyib:

“Bu filmə çəkiləndə mən Türkiyədə tanınmış aktrisa idim. Bir-birinin ardınca dəvətlər gəlirdi. O vaxt filmin təqdimat gecəsinə gələ bilməmişdim. Buna görə də Rasim Ocaqov mənim üçün İstanbulda qala gecəsi təşkil etdi. Bunu indi hansı rejissor aktrisa üçün edər ki? Qala gecəsində böyük bir izdiham yaşandı. Əslində inanmırdım ki, insanlar gəlib baxa bilərlər. Camaat nəinki oturacaqda, yerdə oturmuşdu. O qədər qəhərləndim ki.. Hər kəs məni təbrik edirdi, alqışlayırdı, xoş sözlər deyirdi.. Mən isə hönkürtü ilə ağlayırdım.. Bu hissləri yaşamışam. Ona görə də mənə bəzən bu filmin ikinci hissəsinin çəkilməsi ilə bağlı suallar ünvanlayırlar. Əlbəttə ki, istəməzdim. Çünki Rasim Ocaqovdan sonra “Təhminə”-ni kim çəkə bilər ki?”.

Meral Konrat Xalq yazıçısı Anarla da görüşmək istədiyini bildirib:
“Yazıçı Anar bəyi çox sevirəm. Həqiqətən də çox böyük hörmətim var. Möhtəşəm əsərlərin müəllifidir. İnsan olaraq da möhtəşəmdir. Bir ara Anar bəylə tez-tez görüşüb, əlaqə saxlayırdıq. Uzun zamandır görüşmürük. Mütləq illər sonra onunla bir araya gəlmək istərdim. Həqiqətən də çox dəyərli bir şəxsiyyətdir. Onunla görüşəndə kitabını mənə hədiyyə etdi. “Təhminə” əsər kimi də, senari və film kimi də gözəldir. “Təhminə”-dən əlavə onun “Ağ liman” əsərini da oxumuşam”.

Əli Əsgər 

Medianews.az

Bizə qoşulun