Medianews.az
Dəmiryol biletlərini ucuzlaşdırmağın yolu varmı? -
220 baxış

Dəmiryol biletlərini ucuzlaşdırmağın yolu varmı? - AÇIQLAMA

Gələn həftədən Bakı-Tbilisi-Bakı sərnişin qatarı fəaliyyətini bərpa edir.

Tbilisiyə biletlərin qiymətləri səfərə Bakıdan çıxanda komfort sinfi üzrə 81 manatdan, komfort+ sinfi üzrə 117 manatdan, lüks sinfi üzrə 180 manatdan; Yevlaxdan çıxanda komfort sinfi üzrə 67 manatdan, komfort+ sinfi üzrə 94 manatdan, lüks sinfi üzrə 144 manatdan; Gəncədən çıxanda komfort sinfi üzrə 62 manatdan, komfort+ sinfi üzrə 86 manatdan, lüks sinfi üzrə 132 manatdan; Ağstafadan çıxanda komfort sinfi üzrə 57 manatdan, komfort+ sinfi üzrə 78 manatdan, lüks sinfi üzrə 120 manatdan başlanır.

⁠Böyük Kəsik-Qardabani marşrutunda bir biletin başlanğıc qiyməti komfort sinfi üzrə 51 manat, komfort+ sinfi üzrə 68 manat, lüks sinfi üzrə 102 manatdır.

Qiymətləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyənləşdirib. Reyslər müasir “Stadler” vaqonları ilə həyata keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC bəyan edib ki, beynəlxalq istiqamətlər üzrə gedişhaqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir: “Bakı-Tbilisi-Bakı reysi üzrə bilet qiymətləri də Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyənləşdirilir. Bundan əlavə, beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə əmsal tətbiq edir. Qiymətlərə həmçinin ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir”.

Ölkə mediasında və sosial şəbəkələrdə işıq üzü görən şərhlərdən belə aydın olur ki, bəzi şəxslər Bakı-Tbilisi-Bakı sərnişin qatarına biletlərin qiymətlərindən narazıdırlar. Onlar hesab edirlər ki, qiymətlər daha aşağı həddə müəyyən edilməlidir.

Bəs “Azərbaycan Dəmir Yolları” QSC-nin qoyduğu qiymətləri dəyişməyin yolu varmı? Elə bir hüquqi mexanizm varmı ki, ondan istifadə etməklə biletlərin ucuzlaşmasına nail olmaq mümkündür? Yoxsa hər şey yalnız “Azərbaycan Dəmir Yolları” QSC-nin iradəsinə və insafına bağlıdır?

Medianews.az-ın suallarını cavablandıran hüquqşünas Əkrəm Həsənov deyib ki, adından da göründüyü kimi, “Azərbaycan Dəmir Yolları” QSC kommersiya təşkilatı hesab olunur: “Dövlətin olsa da, bu, kommersiya təşkilatıdır. Yəni onun əsas məqsədi gəlir götürməkdir. Amma gəlir götürməzdən qabaq gərək hələ öz xərcini də çıxartsın. Biz həmişə deyirik ki, dövlət təşkilatları, dövlət qurumları, dövlət şirkətləri səmərəsiz işləyir. Yəni öz xərcini çıxarmır, dövlətdən əlavə pul alır. Burada da ki, aydındır ki, qatar, özü də belə qatar kifayət qədər bahalı nəqliyyat vasitəsidir və bunun xərci çoxdur. O baxımdan məsələyə kompleks yanaşsaq qiymətlər ədalətlidir. Xaricdə də bu kimi qatarların qiyməti təxminən belədir.

Şəxsən mən hesab etmirəm ki, qiymət azaldılmalıdır. Əlbəttə, istəsələr azalda bilərlər, amma bu halda nə baş verəcək? Səhmdar cəmiyyəti zərərlə işləyəcək və dövlət büdcəsindən əlavə pul istəyəcək. Dövlət büdcəsi də bizik, deməli, bizim pulumuz ora veriləcək. Hətta heç bu dəmir yolu nəqliyyatından Gürcüstana getmək üçün istifadə etməyən vətəndaşların da pulu ora yönəldiləcək. Bu səbəbdən də qiyməti ədalətli hesab edirəm.

Düzdür, əvvəllər qiymət ucuz idi, amma faktiki olaraq ötən müddət ərzində Azərbaycanda qiymətlər artıb. Hər bir halda qatarın qiyməti təyyarə qiymətindən ucuzdur.

Prinsipcə, qiymətlərin belə olacağı, yəni ucuz olmayacağı gözlənilən idi. Buna bazar iqtisadiyyatı deyilir. Yəni kimsə bizə xidmət göstərirsə, xərcini çıxarmalı, əlavə qazanc da əldə etməlidir. Bu, bazar iqtisadiyyatının qaydasıdır.

Ona görə biz diqqətimizi başqa istiqamətə yönəltməliyik: nə edək, necə edək ki, insanların gəliri çox olsun? Hamı üçün iş yeri olsun ki, hər kəs belə xərcləri ödəyə bilsin”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun