Sosial şəbəkələrdə və müxtəlif virtual platformalarda iş elanlarına, vakansiyalara tez-tez rast gəlmək olur. Xüsusilə “təcrübə tələb olunmur”, “yüksək maaş”, “evdən işləmək imkanı” kimi vədlərlə paylaşılan bu elanları görüb iş tapmaq ümidi ilə müraciət edən vətəndaşlar bir sıra problemlərlə üzləşdiklərini də bildirirlər. Bəzən “qeydiyyat” və ya “təlim” adı ilə pul tələb olunduğu, kimlərinsə əmək müqaviləsi olmadan işlədildiyi deyilir. Uzun müddət maaş almadan “təcrübəçi” kimi çalışdığını, axırda isə heç bir işə qəbul edilmədiyini söyləyənlər də var.
Son dövrlərdə ən çox hansı tip saxta iş elanlarına rast gəlinir? Saxta vakansiyaları ilk baxışdan necə ayırd etmək olar? “İşə qəbul üçün ödəniş” tələb edilməsi qanunidirmi? Gənclər və tələbələr niyə daha çox belə elanların hədəfinə çevrilirlər? Əmək müqaviləsi olmadan işləməyin işçi üçün hansı riskləri var? “Təcrübəçi” adı ilə uzun müddət maaşsız işlətmək qanun pozuntusu sayılırmı?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov Medainaews.az-ın suallarına cavab olaraq bildirib ki, bu tip saxta iş elanları yeni deyil və uzun müddətdir mövcuddur: “Sadəcə internet-kommunikasiya texnologiyalarının inkişafı, süni intellektin və digər rəqəmsal alətlərin ortaya çıxması bu cür dələduzluq hallarının daha da genişlənməsi ilə nəticələnib”.
Bəzi şəxslərin dələduzların tora düşdüyünü, aldadıldığını və maddi zərərlə üzləşdiyini vurğulayan S.Məmmədov qeyd edib ki, burada ən təhlükəli məqamlardan biri xaricdə iş adı altında paylaşılan saxta elanlardır: “Bu tip elanlarda nə dil biliyi, nə də hər hansı ixtisas tələb olunur, əvəzində isə yüksək maaş vəd edilir. Təhlükə ondadır ki, belə elanları yayan dələduzlar kimlərisə insan alverinin və ya məcburi əməyin qurbanına çevirə bilərlər”.
S.Məmmədov bildirir ki, insanlar elanların doğru olub-olmadığını dəfələrlə yoxlamalıdırlar: “Bununla bağlı dönə-dönə xəbərdarlıq edilib, amma yenə aldananlar olur. Bəzən elan yayan dələduzlar nisbətən kiçik məbləğdə ödəniş tələb edir. Daha sonra isə yoxa çıxırlar. Məbləğ kiçik olduğuna görə zərərçəkənlərin çoxu şikayət etməyə maraq göstərmir. Dələduzlar da qazancını məhz buna hesablayır.
Hamı bilməlidir ki, normal vasitəçilər iş axtarandan deyil, işəgötürəndən ödəniş alırlar. Azərbaycan qanunvericiliyinə görə, yalnız hüquqi şəxslər işəgötürmə sahəsində vasitəçilik fəaliyyəti ilə məşğul ola bilərlər. Ona görə də rəsmi internet səhifəsi, bəlli fəaliyyəti və peşəkar səriştəsi olmayan subyektlərlə əməkdaşlıq etmək düzgün deyil. Təəssüf ki, buna baxmayaraq, hələ də aldanan insanlar var”.

İqtisadçı Bella Bəşirova Medainaews.az-a deyib ki, hazırda saxta vakansiyaların ən çox “evdən işləmək”, “təcrübəsiz yüksək maaş”, onlayn satış, operator və sosial media işi təklifləri adı altında yayıldığı müşahidə olunur.
B.Bəşirovanın sözlərinə görə, bu cür elanların əksəriyyəti vətəndaşları aldatmağa yönəlib: “Əgər şirkət barədə rəsmi məlumatlar, ünvan, əlaqə nömrələri və əmək müqaviləsi ilə bağlı şərtlər göstərilmirsə, bu artıq ciddi risk əlamətidir. Eyni zamanda, əvvəlcədən ödəniş tələb olunması və real bazar şərtlərinə uyğun olmayan, həddindən artıq yüksək maaş vədləri də şübhə doğurmalıdır. Qanunvericiliyə əsasən, işə qəbul zamanı vətəndaşdan qeydiyyat, təlim və ya digər adlarla pul tələb edilməsi düzgün deyil.
Gənclər, tələbələr daha tez iş tapmaq və gəlir əldə etmək istədikləri üçün bu cür elanlara daha həssas olurlar. Təcrübələrinin azlığı, əmək bazarı haqqında kifayət qədər məlumatlı olmamamları onların aldanacağı ehtimalını artırır.
Əmək müqaviləsi olmadan işləyəndə işçinin əmək hüquqlarını qorumaq çətinləşir, sosial sığorta hesablanmır və maaşla bağlı yarana biləcək problemlərdə hüquqi müdafiə zəifləyir. “Təcrübəçi” adı altında şəxsin uzun müddət maaşsız işlədilməsi isə əmək hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Çünki şəxs davamlı şəkildə iş görürsə və faktiki əmək münasibəti yaranıbsa, bu halda mütləq əmək müqaviləsi bağlanmalı və maaş ödənməlidir”.
Nailə Qasımova,
Medainaews.az