Medianews.az
Telefonsuz qala bilmirsiz? –
210 baxış

Telefonsuz qala bilmirsiz? – Azərbaycanlı psixoloq səbəbləri AÇIQLADI

Smartfonlar, sosial media, telefonlara aramsız gələn bildirişlər, daimi informasiya axını gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Texnologiya həyatımızı asanlaşdırsa da, telefonlardan uzunmüddətli istifadə, davamlı onlaynda qalmaq artıq “rəqəmsal yorğunluq” (digital fatigue) kimi bir halın ortaya çıxmasına səbəb olub.

Rəqəmsal yorğunluqdan necə qurtulmaq olar? Sadə yorğunluqla rəqəmsal yorğunluq arasında əsas fərqlər nədir? FOMO (nəyisə qaçırmaq qorxusu) psixoloji sağlamlığa necə təsir edir? Rəqəmsal detoks (digital detox) həqiqətən effektivdirmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan psixoloq Fəridə Şərifova bildirib ki, son illərdə telefonlar və sosial media həyatımızı çox rahatlaşdırıb, amma bir həqiqət var ki, beynimiz fasiləsiz işləmək üçün yaradılmayıb: “Gün ərzində davamlı bildirişlər, mesajlar, videolar, xəbərlər və sosial media axını beynimizi yorur. Maraqlıdır ki, insanlar bəzən deyirlər: “Heç ağır iş görməmişəm, amma özümü çox yorğun hiss edirəm”. Bunun səbəblərindən biri məhz rəqəmsal yorğunluq ola bilər.

Səhər gözümüzü açırıq, telefon əlimizdə olur, gün ərzində mesajlar, bildirişlər, sosial media, xəbərlər… Beyin bir an belə susmur. Təsəvvür edin ki, bir otaqda eyni anda on nəfər danışır və siz hamısını dinləməyə çalışırsınız. Bir müddət sonra nə hiss edərsiniz? Beynimiz də gün ərzində təxminən bunu yaşayır.

Rəqəmsal yorğunluqdan çıxmaq üçün ilk addım telefonu tam kənara atmaq deyil. Daha çox istifadə vərdişlərini dəyişmək lazımdır. Çox sadə bir qayda var: gün ərzində özünüzə qısa “ekransız fasilələr” verin. Məsələn, çay içəndə telefonsuz oturun, qısa gəzintiyə çıxın və ya yatmazdan əvvəl yarım saat ekranlardan uzaq qalın”.

Psixoloq qeyd edib ki, sadə yorğunluqla rəqəmsal yorğunluq arasında fərq var: “Adi yorğunluqdan sonra insan dincələndə özünü daha yaxşı hiss edir. Amma rəqəmsal yorğunluqda insan yorğun olsa belə yenə telefonu əlindən yerə qoya bilmir. Beyində sanki həddindən artıq açıq pəncərə qalır. Nəticədə diqqət azalır, əsəbilik artır və insan özünü dağınıq hiss edir.

Bir məsələ də var – FOMO. Yəni “birdən nəyisə qaçıraram” hissi. Məncə, bu hiss bir çox insanda var. Telefonu bir neçə dəqiqə kənara qoyanda belə insan narahat olur: “Görəsən nə paylaşdılar? Mən nəyisə qaçırdım?” Bu artıq sadəcə maraq deyil, daxili gərginliyə çevrilə bilir. İnsan fərq etmədən öz həyatını başqalarının paylaşdığı ideal görüntülərlə müqayisə etməyə başlayır.

Rəqəmsal detoksa gəlincə, düşünürəm ki, məsələni telefonu həyatımızdan çıxarmaq şəklində qoymaq olmaz. Çünki texnologiya düşmənimiz deyil. Problem ondadır ki, bəzən biz özümüzə fasilə verməyi unuduruq. Bəzən insanın telefona yox, sadəcə sakitliyə ehtiyacı olur. Kiçik fasilələr belə beyinə “mən də burdayam, bir az nəfəs al” mesajı verir. Çünki hər zaman onlayn olmaq o demək deyil ki, biz həqiqətən həyatın içindəyik”.

Nailə Qasımova,
Medianews.az

 

Bizə qoşulun