Sürətlə inkişaf etməkdə olan süni intellektin bəzi peşələri sıxışdıracağı, hətta sıradan çıxaracağı deyilir.
Azərbaycanda süni intellektin repetitorluğa təsiri varmı? Varsa, bu təsirlər nədən ibarətdir? Süni intellektin Azərbaycanda repetitorları əvəz etməyə başladığı duyulurmu, bunun əlamətləri görünürmü? Süni intellekt konkret olaraq bizim ölkəmizdə nə vaxtsa repetitorluğu sıxışdırıb sıradan çıxara bilərmi?

Mövzu ilə bağlı Medainaews.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Azərbaycanda süni intellektin repetitorluq sahəsinə təsiri artıq özünü büruzə verir: “Lakin bu təsir repetitorluğun aradan qalxması və repetitorları əvəz etmək yox, onların işini asanlaşdırmaq və gücləndirmək xarakteri daşıyır. Ölkəmizdə repetitorluq güclü iqtisadi və mədəni köklərə bağlı olduğundan texnologiyanın bu sahəni tamamilə sıradan çıxarması yaxın gələcəkdə real görünmür.
Ümumiyyətlə, mən repetitorluğun aradan qalxacağına inanmıram. Bunu tələb eləyənlərin də məntiqini anlamıram. Çünki repetitorluq bütün təhsil tutumlu ölkələrdə var. Sadəcə, repetitorluğun mahiyyəti bizim ölkəmizdə olan repetitorluqdan kəskin fərqlənir. Güclü təhsil tutumlu ölkələrdə repetitorluq bəlkə bizim ölkəmizdəkindən də geniş yayılıb. Lakin orada repetitorluğun mahiyyətində universitetə hazırlaşmaq kimi bir amal dayanmır. Burada daha çox hansısa dilləri dərindən öyrənmək, ixtisas üzrə dərin biliklər əldə etmək məqsədi üstünlük təşkil edir. Bizim ölkəmizdə isə repetitorluğun şagirdlərin, abituriyentlərin məhz universitetlərə hazırlığı baxımından geniş yayılmasının, təbii ki, səbəbləri var. İndi bizim mövzumuz o deyil. Amma təbii ki, mən bunun da səbəblərini təhlil edə bilərəm, bu mövzuda kifayət qədər arqumentim var.
Süni intellektin Azərbaycandakı repetitorluq fəaliyyətinə faktiki təsirlərinə gəlincə, bəllidir ki, süni intellekt həm müəllimlər, həm şagirdlər, həm də abituriyentlər tərəfindən köməkçi alət kimi aktiv şəkildə istifadə olunur. Repetitorlar ChatGPT və digər süni intellekt alətlərindən, böyük dil modellərindən yararlanıb şagirdlərin zəif nəticələrinə uyğun fərdi testlər və çalışmalar hazırlayırlar. Yəni bu, fərdiləşdirilmiş tapşırıqlar formatı kimi dəyərləndirilməlidir. Xüsusilə xarici dil repetitorları süni intellekt vasitəsilə mətnlərin korreksiyası, esselərin yoxlanması və dialoq tərəfdaşı qismində interaktiv dərslər təşkil edirlər. Və bu, dil öyrənmədə sürəti artırır. Eyni zamanda, müəllimlər dərs planlarının tərtibi, mövzu izahlarının sadələşdirilməsi və tapşırıqların yoxlanmasını süni intellektə həvalə edərək vaxta qənaət edirlər. Yəni bu, onların inzibati yükünü azaldır”.

İ.Orucov xatırladıb ki, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu abituriyentlər üçün Azərbaycan dilində anlayış və cavab vermə qabiliyyətinə malik robot repetitor sistemi hazırlayıb: “Bu sistem repetitor büdcəsi çatmayan şagirdlərə tarix, coğrafiya və riyaziyyatı virtual müəllimlərlə öyrənmək imkanı verəcək. Əslində, bu daha çox həm də testologiyaya əsaslanır. Elə bizim imtahanlarımızın zəif cəhəti bundan ibarətdir: şagirdlər daha çox əzbərçi ruhda, məntiqi düşüncə baxımından deyil, əzbərçilik, testə fokuslanma ilə imtahanlara hazırlaşırlar.
Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi qlobal şirkətlərlə əməkdaşlıq çərçivəsində təhsildə intellektual repetitorlar və müəllim köməkçiləri tətbiq etmək istiqamətində də çalışmalıdır. Yüksək rəqəmsal savadlılığı olan bəzi abituriyentlər, eyni zamanda tələbələr proqramlaşdırma, riyaziyyat və xarici dil mövzularını repetitor köməyi olmadan, birbaşa süni intellektlə öyrənməyə üstünlük verirlər”.
İ.Orucovun fikrincə, süni intellekt Azərbaycanda repetitorluq institutunu tamamilə sıradan çıxarmayacaq, lakin köklü şəkildə transformasiya edəcək: “Tam sıradan çıxmamağın bir neçə səbəbi var. Azərbaycanda valideynlər və şagirdlər üçün müəllimlə canlı ünsiyyət, müəllimin psixoloji dəstəyi, intizam yaratmaq qabiliyyəti və mənəvi motivasiyası, təbii ki, daha ciddi faktordur. Süni intellekt emosional zəka və empatiya nümayiş etdirmir. O, şagirdin bütövlükdə psixoloji durumunu təyin edə bilmir.
Dövlət İmtahan Mərkəzinin qəbul proqramları və kurikulum tələbləri yerli xüsusiyyətlərə malikdir. Süni intellekt Azərbaycanın milli bazasına, eyni zamanda, Azərbaycan dilində düşünmə modelinə tam adaptasiya olunana qədər yerli müəllimlərə ehtiyac daha yüksək olacaq. Məhz bu mənada gələcəkdə biz süni intellektin repetitorluğa dəstək baxımından daha geniş imkanlarını görəcəyik. Amma hələ ki, qeyd etdiyim səbəblər süni intellektin bütövlükdə repetitor müəllimlərə olan ehtiyacı tam təmin etməsinə imkan vermir.
Yalnız mexaniki qaydaları əzbərləyən, şagirdə fərdi yanaşmayan və köhnə üsullarla mühazirə oxuyan repetitorlar, hesab edirəm ki, artıq bu bazardan sıxışdırılıb çıxarılacaqlar. Əksinə, süni intellekti özünə köməkçi edən, şagirdə tənqidi təfəkkür və mentorluq təlqin edə bilən müəllimlər daha da populyarlaşacaq. Süni intellekt Azərbaycanda repetitorluğu yoxa çıxarmayacaq, lakin ənənəvi əzbərçi repetitorluğa son qoyulması baxımından sözünü deyəcək. Yaxın gələcəkdə süni intellektdən istifadə etməyi bacaran, digər rəqəmsal biliklərə malik olan, müasir texnologiyalarla işləyən repetitorlar üçün daha geniş bir bazar formalaşacaq”.

Abşeron rayonunun Məmmədli kənd tam orta məktəbinin Azərbaycan dili müəlliməsi Fəridə Mehralıyeva Medianews.az-a açıqlamasında deyib ki, süni intellekt çox sürətlə inkişaf edir və artıq həyatın müxtəlif sahələrinə daxil olmağa başlayıb: “Ona görə gələcəkdə süni intellektin repetitorluğu müəyyən qədər əvəz etməsi də təəccüblü olmayacaq. Ətrafımda süni intellektlə söhbət edən, məsləhətləşən, hətta dərdləşən insanlar görürəm. Bu texnologiya bir çox işi daha rahat və sürətlə həll etməkdə adamların köməyinə çatır. Mən də növbəti tədris ilindən test və mövzu hazırlamaq üçün süni intellekt proqramında özümə aid platforma yaratmağı düşünürəm. Süni intellekt işi sürətləndirir, az vaxtda daha çox iş görməyə imkan yaradır. Hazırda müəyyən səhvlərə yol verməsi ehtimalları olsa da, zamanla daha da təkmilləşəcəyi şübhəsizdir”.
F.Mehralıyevanın sözlərinə görə, hazırda süni intellekt repetitorluğu tam şəkildə əvəz etmir: “Şagirdlər və abituriyentlər ondan daha çox köməkçi vasitə kimi yararlanırlar. Üstünlük hələ də müəllimlərdədir”.

Tovuz rayonunun Dondar Quşçu kənd tam orta məktəbinin XI sinif şagirdi Məleykə Əliyeva mövzu ilə bağlı Medianews.az-a bildirib ki, imtahanlara hazırlaşdığı dövrdə süni intellekt alətlərindən əsasən çətin mövzuları və məsələləri tez başa düşmək, yol verdiyi səhvləri analiz etmək üçün yararlanır: “Süni intellektdən əsasən riyaziyyat fənnində yararlanmışam. Məsələni səhv həll edəndə və ya başa düşməyəndə süni intellekt onu mənə sadə şəkildə izah edə bilib. Daha çox “Gemini” platformasından istifadə etmişəm. Çünki mövzuları addım-addım və aydın formada anladır.
Amma süni intellekt repetitor müəllimlərin yanına getməyimi azaltmayıb. Mən süni intellektdən daha çox evdə test işləyərkən yararlanıram. Eyni zamanda repetitor yanına da gedirəm. Süni intellekt müəllimə olan ehtiyacımı aradan qaldırmayıb. Sadəcə, süni intellekt bizim üçün əlavə və köməkçi vasitə rolunu oynayır”.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.
