Medianews.az
Əliyevlə Ərdoğan Makronu niyə Türkiyəyə buraxmadılar? -
116 baxış

Əliyevlə Ərdoğan Makronu niyə Türkiyəyə buraxmadılar? - İZAH

Məlum olduğu kimi, Ermənistanda rəsmi səfərdə olan Makron Ermənistanla “Strateji tərəfdaşlıq haqqında birgə bəyannamə” və geniş spektri hərbi əməkdaşlıq haqqında sənədlər imzalandıqdan sonra quru sərhəddən Türkiyəyə keçmək istəsə də, rəsmi Ankara Bakı ilə məsləhətləşmələrdən sonra buna icazə verməyib.

Siyasi təhlilçi Qulamhüseyn Əlibəyli məsələ ilə bağlı Medianews.az-a açıqlamasında deyib ki, Fransa prezidentinin Ermənistanda “işini” qurtardıqdan sonra belə nümayişkaranə şəkildə Türkiyəyə keçmək istəyi bir sıra mətləblərdən xəbər verir: “Belə ki, Makron bununla demək istəyib ki, Ermənistanda imzalanmış sənədlər Fransaya və şəxsən ona Cənubi Qafqazda öz təsirini artırmağa, həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasında daha ciddi rol olmağa və regionda daha aktiv siyasi oyunçuya çevriləməyə imkan verir.

Digər tərəfdən bu addımı Makron tərəfindən Türkiyə-Ermənistan sərhədinin açılmasında Azərbaycanın rolunun arxa plana keçirmək cəhdi kimi də qiymətləndirmək olar. Türkiyə prezidenti cənab Ərdoğan və digər Türkiyə rəsmiləri Ermənistanla sərhədlərin açılmasının Azərbaycan-Ermənistan münasibətlərindən asılı olduğunu dəfələrlə qəti şəkildə bildiriblər. Ermənistan rəsmiləri isə Azərbaycanı “üçüncü tərəf” hesab edərək ölkəmizin bu prosesdə iştirakına qarşı çıxıb, sərhədin açılması məsələsini yalnız Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlər çərçivəsində həll etməyi israr ediblər.

Bu baxımdan Fransa prezidentinin quru sərhəddən Türkiyəyə keçmək cəhdi sadə diplomatik jest olmayıb, sərhədlərin açılmasında Fransanın və özünün rolunu ön plana çıxarmağa, Azərbaycanın rolu və təsirinin əhəmiyyəti olmadığını göstərməyə və son nəticədə Azərbaycanla Türkiyə arasında narazılıq yaratmağa və Azərbaycanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesindən kənarlaşdırmağa yönəlik hiyləgər addım kimi qiymətləndirilməlidir.

Buna görə də Türkiyə və Azərbaycan prezidentlərinin bu məsələyə münasibətdə eyni mövqedən çıxış etməsi tamamilə təbii görünür. Türkiyə prezidentinin Azərbaycan prezidenti ilə məsləhətləşmədən sonra Makronun Ermənistan–Türkiyə quru sərhədindən keçidinə məhdudiyyət qoyması ilk növbədə Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin və koordinasiyalı fəaliyyətinin göstəricisidir.

Türkiyə prezidenti Ərdoğan bununla diplomatik dillə həm Fransaya və həm də Ermənistana Cənubi Qafqaz regionu ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyi və maraqları hökmən nəzərə alınmalıdır mesajını verir. Bu mesajı həm də Makronun Ermənistana səfərinə və Fransa-Ermənistan münasibətlərinin strateji tərəfdaşlıq və geniş miqyaslı hərbi əməkdaşlıq istiqamətində inkişafına siyasi reaksiya, məşhur “Bir millət, iki dövlət” formulunun diplomatik praktikada necə işlədiyinin göstəricisi kimi də qiymətləndirmək olar”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun