Medianews.az
Köhnə filmlərimizin 85 yaşlı siması:
201 baxış

Köhnə filmlərimizin 85 yaşlı siması: “Sənətimlə sağollaşmışam, cavan qız idim, qorxdum, iş çox idi” - ÖZƏL

“Prezidentin Fərdi Təqaüdünə layiq görülməyim mənim üçün çox sevincli və gözlənilməz xəbər oldu. Xoreoqrafiya akademiyasından müəllim yoldaşlarım zəng edib dedilər. Düşünmürdüm ki, fərdi təqaüdə layiq görülərəm. Çox sevincliyəm. Heç gözləmirdim. Əlbəttə ki, bu mənim kino və xoreoqrafiya sənətimə verilən bir dəyərdir”.

Bunu Medianews.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, tanınmış kino aktrisası, xoreoqraf Rima Məmmədova deyib.

Aktrisa-xoreoqraf deyir ki, sağlamlığı ilə bağlı maddi xərcləri çox çıxır və bu təqaüd onun üçün böyük bir stimuldur: “Cənab prezident əslində bu təqaüdü mənə ən çox lazım olan vaxtımda verdi. Sağlamlıq və dərman xərclərim üçün mənə çox pul lazım olurdu. Ən çox pul demək olar ki, elə səhhətimə gedirdi. Bu da elə bir vəziyyətdir ki, insan öz can sağlığına görə xərcləməlidir. Sağlam olmalıyam, yaşamalıyam ki, təqaüdü özümə xərcləyə bilim”.

Rima Məmmədova “Bizim küçə”, “Molla Fəttahın sərgüzəştləri”, “Koroğlu” kimi filmlərə çəkilib. Aktrisa hazırda nədənsə filmlərə çəkilmək istəmədiyini bildirib:
“Mən bundan sonra filmlərə çəkilmək istəməzdim. Çünki kinoda olan iş prosesi məni özünə çəkmir. “Bizim küçə” filmini sonundan axırına doğru çəkməyə başladılar. Mən də cavan qız idim. Sözün düzü çox yoruldum. Balet belədir ki, bu mənim əsl sənətimdir. Əvvəldən axıra qədər necə başladınsa, elə hərəkət edirsən. Filmdə iş çoxdur. Qorxdum. Anladım ki, bu iş mənlik deyil. Ona görə də film sənətimlə sağollaşmışam. İndi heç filmlər də çəkilmir. “Azərbaycanfilm” kinostudiyası bağlıdır, çəkilənlər ancaq özəl ekran işləridir”.

Rima Məmmədova 18 il Xoreoqrafiya məktəbinin direktoru olduğunu bildirib və hazırkı fəaliyyətindən də danışıb: “Bakı Musiqi Akademiyasında vokalçılara “Səhnə hərəkətinin əsasları” və “Rəqs” fənnindən dərs deyirəm. Ümidverici gənclərimiz çoxdur. Mənim bir ikinci kursum var ki... Təsəvvür etməzsiz necə gözəldirlər?! Yaxşı işləyirlər, götürümləri yaxşıdır. Dərslərə qaça-qaça gedirəm. O qədər sevinirəm ki.. İndiki gənclərdə çox həvəs var. Biz bəlkə də gənc olanda hansısa hərəkətləri utanardıq müəllimlərimizdən soruşaq, amma onlar hər şeylə maraqlanırlar. Mənim də çox müəllimlərim olub. Amma ən çox öyrəndiyim müəllimim Qəmər Almaszadə idi. Leninqradda da 2 il oxumuşam. Ora bütün ölkələrdən gəlib təhsil alırdılar. 3 yaşında övladım var idi. Getmək istəmirdim. O vaxtkı rektor dedi ki, mütləq getməlisən. Leninqraddan gələn kimi Qəmər Almaszadə dedi ki, sən mütləq Xoreoqrafiya məktəbinin direktoru olmalısan. Dedim ki, bacarmaram. Çünki qorxurdum, sakit qız idim. Qəmər xanım mənə bir gün dedi ki, “sən məni nazirliyə apara bilərsən?”. Dedim ki, əlbəttə. Qəmər xanımla birlikdə Mədəniyyət Nazirliyinə getdim. Heç xəbərim də yox idi ki, o mənə görə nazirdən xahiş edəcək ki, Rimanı rektor qoysun. O vaxtkı nazir Zakir Bağırov idi. Dedi ki, “Zakir müəllim, mən sizə xoreoqrafiya məktəbinə yeni direktor gətirmişəm”. Təsəvvür etməzsiz ki, mən nə hala qaldım. Vəziyyətdən-vəziyyətə düşdüm. Qəmər xanımın sayəsində 18 il Xoreoqrafiya məktəbinin direktoru oldum”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun