Avstraliya alimləri 65 yaşdan yuxarı təxminən 9,7 min qadının məlumatlarını təhlil edərək maraqlı nəticəyə gəliblər.
Medianews.az xəbər verir ki, araşdırmaya əsasən, hər gün bir və ya iki fincan çay içən yaşlı qadınların sümük sağlamlığı qəhvə həvəskarları ilə müqayisədə daha yaxşı ola bilər.
Mütəxəssislərin bildirdiyinə görə, çay sevən qadınlarda bud nahiyəsində sümük toxumasının mineral sıxlığı daha yüksək olub. Bu təsirin xüsusilə piylənmədən əziyyət çəkən qadınlarda daha aydın müşahidə edildiyi qeyd olunur.
Araşdırma müəllifləri hesab edirlər ki, buna səbəb çayın tərkibində olan katexin maddələridir. Həmin maddələr sümük toxumasını formalaşdıran hüceyrələrin fəaliyyətini dəstəkləyir.
Qəhvə ilə bağlı nəticələr isə fərqli olub. Gündə beş fincandan çox qəhvə içən qadınlarda sümük sıxlığının daha aşağı olduğu müəyyən edilib. Alimlərin fikrincə, kofein kalsiumun orqanizm tərəfindən mənimsənilməsini zəiflədir. Üstəlik, qəhvə ilə birlikdə alkoqol qəbul edildikdə mənfi təsir daha da artır.
Medianews.az