Medianews.az
Dünyanı kimlərin idarə edəcəyini bilmək üçün
137 baxış

Dünyanı kimlərin idarə edəcəyini bilmək üçün bu siyahıya baxmaq kifayətdir

“2025-ci ildə süni intellektin inkişafına ən çox sərmayə qoyan ölkələrin siyahısına ABŞ başçılıq edir. Ötən il ABŞ süni intellektin inkişafına 470.9 milyard dollar xərclədiyi halda, onun yeganə rəqibi Çin 119.3 milyard dollar xərcləyib. Rəqəmlərdən göründüyü kimi, ABŞ ötən il süni intellektin inkişafına Çindən təxminən dörd dəfə çox pul xərcləyib”. Politoloq Xaqani Cəfərli Medianews.az-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, siyahıda üçüncü olan Böyük Britaniya 28.2 milyard dollar xərcləyib ki, bu da süni intellektin liderliyi uğrunda mübarizənin ABŞ və Çin arasında getdiyi, digər ölkələrin bu mübarizənin iştirakçısı olmadığı anlamına gəlir: “Böyük Britaniyanı 15.3 milyard dollarla Kanada izləyir. Almaniya, Yaponiya, Hindistan və Fransa kimi böyük iqtisadiyyata malik ölkələri qabaqlayaraq sırada beşinci olan İsrail ötən il süni intellektin inkişafına 15 milyard dollar xərcləyib.

Süni intellektin inkişafına 11.3 milyard dollar xərcləyən Almaniya altıncı, 11.1 milyard dollar xərcləyən Hindistan yeddinci yerdədir.

Siyahıda səkkizinci olan Fransa ötən il süni intellektin inkişafına 9 milyard dollar, doqquzuncu olan Cənubi Koreya 7.3 milyard dollar xərcləyib.

Ərazisi Bakıdan üç dəfə kiçik olan Sinqapur süni intellektin inkişafına Cənubi Koreya qədər, yəni 7.3 milyard dollar xərcləyib və siyahıda onuncu yerdədir.

Göründüyü kimi, süni intellektin inkişafına ən çox pul xərcləyən 10 ölkə arasında Rusiya, İran və Türkiyənin adı yoxdur. Bu isə o deməkdir ki, iqtisadiyyatda və hərbidə süni intellektin həlledici rol oynayacağı XXI əsrdə bu dövlətlərin suverenliyi olmayacaq. Ən böyük nüvə arsenalına sahib olmaq belə yetərsizdir. Çünki süni intellekt sənayeni kökündən dəyişdirərək yeni inkişaf meyarları yaratdığı kimi, hərbidə də təhdidlərin təhlili, hədəflərin seçilməsi və qərar qəbuletmə mərkəzinə çevrilir”.

X.Cəfərli qeyd edib ki, ABŞ Müdafiə Nazirliyi bir neçə gün öncə Nvidia, Microsoft, Amazon Web Services (AWS) və Reflection kimi süni intellekt şirkətləri ilə müqavilələr imzalayıb: “Bu yeni müqavilələr Google, SpaceX və OpenAI ilə əldə edilmiş razılaşmaları tamamlayır. Son razılaşmalarla ABŞ hərbi infrastrukturuna inteqrasiya edilən süni intellekt texnologiyaları şirkətlərinin sayı yeddiyə çatıb. Vaşinqtonun məqsədi süni intellekt mərkəzli bir ordu yaratmaqdır.

Döyüş robotlarından istifadənin tədricən genişlənməsi orduların “dəmir adam”lardan ibarət olması ilə başa çatacaq. Böyük Britaniyanın 2030-cu ildə ordusunun 25 faizini robotlar təşkil edəcək ki, bu da gələcəkdə orduların “dəmir adam”lardan ibarət olacağı haqqında qənaətimi təsdiq edir.

Robotlardan ibarət ordunun ən zəif və ən güclü yeri isə süni intellektlə bağlı olacaq. Hansı ordunun süni intellekt proqramı kənar təsirə daha davamlı olacaqsa, həmin ordu ən güclü ordu olacaq.

Süni intellektdə suverenlik əldə etmək üçün şərtlər çox olsa da, bir neçəsi həlledicidir. Məsələn, nəhəng maliyyə resursları, böyük enerji resursları, qabaqcıl süni intellekt sistemlərini quracaq və idarə edəcək sayda üstün istedadlar olmadan müstəqil süni intellekt sahəsi yaratmaq israfçılığa səbəb olan lovğalıqdan başqa bir şey deyil.

Bu günə olan mənzərə ondan ibarətdir ki, süni intellekt sahəsində iki ölkə - ABŞ və Çin dominantlıq edir. Bu həm də o deməkdir ki, yalnız bu iki ölkə süni intellektdə suverenliyə malikdir. Digər ölkələr bu iki ölkənin birindən önəmli dərəcədə asılıdır. Seçim də bu iki ölkə arasındadır. Üçüncü ölkə yoxdur.

Çini seçməzdən öncə təhlükəsizlik, kəşfiyyat və strateji risklər üzrə dünyaca məşhur ekspert Keys Fleminqin “Qırmızı sunami: Azadlığınızı məhv edən səssiz fırtına” (The Red Tsunami: The Silent Storm Killing Your Freedom) kitabını oxumağı tövsiyə edirəm.

Azərbaycanın təhlükəsizlik arxitekturasının Çinə deyil, ABŞ-a söykənməsinin alternativi yoxdur və olmayacaq”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun