Britaniyanın “The Economist” jurnalında “Vladimir Putin Rusiyaya nəzarəti itirir” başlıqlı məqalə dərc olunub. Jurnal bildirir ki, məqalənin müəllifi vaxtilə Rusiya hökumətində çalışmış yüksək vəzifəli bir sabiq məmurdur. Amma jurnal onun adını məxfi saxlayıb.
Medianews.az-ın məlumatına görə, məqalədə deyilir ki, Vladimir Putin hakimiyyəti qorumağa çalışdıqca Rusiyada sistem böhranı daha da dərinləşir və ölkə gələcəklə bağlı qeyri-müəyyən mərhələyə daxil olur.
Məqalədə qeyd edilir ki, Rusiya elitasının ritorikası dəyişib. Əgər əvvəllər məmurlar və biznes nümayəndələri Ukrayna müharibəsini “bizim müharibəmiz” kimi təqdim edirdilərsə, indi baş verənlərdən “onun layihəsi”, “onun qərarları” kimi danışırlar. Müəllifə görə, gələcək artıq Putinin qərarlarından asılı proses kimi yox, ondan kənarda formalaşacaq bir reallıq kimi müzakirə olunur.
Yazıda vurğulanır ki, bu vəziyyət dörd əsas amillə bağlıdır.
Birinci amil Ukrayna müharibəsinin getdikcə ağırlaşan iqtisadi və sosial nəticələridir. Müharibə uzandıqca inflyasiya, vergilər artır, senzura güclənir, infrastruktur zəifləyir. Müəllif yazır ki, müharibənin xərclərini bütün ölkə ödəyir, amma cəmiyyət bunun müqabilində heç bir məqsəd görmür.
İkinci amil elitaların yeni qaydalara və institutlara ehtiyac duymasıdır. Məqalədə bildirilir ki, əvvəllər rus oliqarxları və iri biznes sahibləri öz mübahisələrini Qərb məhkəmələri və beynəlxalq arbitraj vasitəsilə həll edirdilər. İndi isə kapitalın Rusiyaya qayıtması fonunda bütün münaqişələr ölkə daxilində həll edilməlidir. Son üç ildə təxminən 5 trilyon rubl dəyərində aktivin müsadirə olunduğu, milliləşdirildiyi və ya hakimiyyətə yaxın şəxslərə verildiyi vurğulanır. Müəllifə görə, hətta rejimə loyal qüvvələr belə sabit qaydalar və işlək institutlar tələb etməyə başlayıb.
Üçüncü amil geosiyasi mühitin dəyişməsidir. Məqalədə qeyd olunur ki, Rusiya özünü dünya nizamını dəyişən güc kimi təqdim etsə də, əslində yalnız qlobal böhranların sürətlənməsinə təsir göstərib. Müəllif yazır ki, əvvəllər Moskva Avropanın qaz asılılığı, BMT Təhlükəsizlik Şurasındakı statusu və nüvə gücü kimi üstünlüklərdən istifadə edə bilirdi. İndi isə Avropa alternativ enerji mənbələrinə yönəlib, Rusiyanın beynəlxalq çəkisi zəifləyib və nüvə təhdidləri Moskvanın mövqeyinə zərbə vurub.
Məqalədə dördüncü amil kimi ideoloji nəzarətin güclənməsi göstərilir. Müəllif bildirir ki, əvvəllər hakimiyyət vətəndaşların şəxsi həyatına qarışmamaq müqabilində siyasi loyallıq əldə edirdi. İndi isə dövlətin əsas alətləri repressiya, senzura və nəzarətdir. Xüsusilə internet məhdudiyyətləri bunun simvoluna çevrilib. Məqalədə qeyd edilir ki, hakimiyyət insanlardan sədaqət tələb etsə də, onları hansı gələcəyin gözlədiyini izah edə bilmir.
Yazının sonunda vurğulanır ki, Putinin hakimiyyəti qorumaq üçün atdığı hər addım sistemi daha da çökdürür. Müəllifin fikrincə, repressiyaların güclənməsi və ya yeni müharibələr vəziyyəti dəyişməyəcək, əksinə, böhranı daha təhlükəli və qanlı mərhələyə keçirəcək.