Medianews.az
Kitab mükafatı:
123 baxış

Kitab mükafatı: ləngiyir, ya elə belə də olmalıdır?

Ötən ilin dekabrında bəyan edilmişdi ki, 2026-cı ildə dövlət səviyyəsində Azərbaycan Kitab Mükafatı təsis olunacaq, 50 min manatlıq mükafat hər il bir müəllifə veriləcək, qalib əsər xarici dillərə tərcümə edilib yayılacaq.

Müsabiqəyə nəsr (roman və hekayə) və poeziya (şeir və mənzum hekayə) nümunələrini nəşriyyatların və ədəbi orqanların təqdim edəcəyi, birinci mərhələdə - sentyabr ayında ekspertlərin 10 əsərdən ibarət uzun siyahı hazırlayacağı, noyabr ayında xüsusi komissiyanın 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcəyi, həmin ay laureatın elan olunacağı bildirilmişdi.

Mayın 15-də Mədəniyyət Nazirliyinin Medianews.az-ın sorğusuna verdiyi cavabdan belə aydınlaşır ki, Azərbaycan Kitab Mükafatı ilə bağlı təşəbbüs hazırda konseptual və təşkilati hazırlıq mərhələsindədir. Layihənin hüquqi və institusional mexanizmləri üzərində iş aparılır, aidiyyəti tərəflərlə müzakirələr davam edir.

Bu templə 2026-cı ildə normal müsabiqə təşkil etmək mümkün olacaqmı? Konseptual və təşkilati hazırlıq mərhələsi, layihənin hüquqi və institusional mexanizmləri, müzakirələr indiyədək bitməli deyildimi?

Medianews.az bu suallarla yazıçı Əlabbasa müraciət edib. O deyib:

“Məncə də bitməli idi. İşlər yubanır. Üzəngi parıldadıb yoxa çıxdılar. Axırda da hər şeyi, loru dillə desək, basməmmədi eləməkdən başqa yol qalmayacaq. Bu da olacaq ənənəvi müsabiqələrin növbətisi...

Biz niyə indiyə qədər bilməyək ki, əsərlər nə vaxt, necə təqdim olunacaq. Ötən il bəzi şərtlər deyilib, amm bütün bunlar hələ rəsmiləşməyib axı. Şəxsən mən roman təqdim etmək fikrindəyəm. Amma bilmirəm, onu çap etdirim, ya müsabiqəyə qədər gözləyim?”

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında yazıçı Şərif Ağayar deyib ki, əslində belə bir mükafat çoxdan – on illər öncədən təsis edilməli idi: “Düzdür, “Qızıl kəlmə” var idi. Onun təsisində mən də iştirak eləmişəm. Onda Mədəniyyət Nazirliyinin əməkdaşı idim. Hardasa 2008-2009-cu illərdə onu təsis elədik. Azərbaycan Kitab Mükafatı isə daha geniş spektri əhatə edəcək. Mükafatın həm fondu genişdir, həm də əsərlərin qiymətləndirilməsi standartları fərqlidir. Ötən il Azərbaycan Kitab Mükafatının yaradılması mövzusunda aparılan müzakirələrdə mən də iştirak etmişəm, təkliflər vermişəm. Ancaq işin təşkilati tərəfi o qədər də asan deyil.

Gəlin etiraf edək ki, ölkəmizdə istər rəsmi, istərsə də ictimai qurumların keçirdiyi müsabiqələrin şəffaflığı həmişə şübhə doğurub. Ona görə ötən ilki müzakirələrdə bildirmişdim ki, mükafat fondundan da vacibi müsabiqənin obyektiv keçirilməsidir. Əgər şəffaflıq olmayacaqsa, bunu edə bilməyəcəksinizsə, keçirməyin”.

Ş.Ağayar qeyd edib ki, 2023-cü ildən mədəniyyət naziri vəzifəsində çalışan Adil Kərimli müasir dünyagörüşünə malik bir insandır: “Nazirliyin kitab nəşri ilə əlaqəli şöbəsinin əməkdaşları da kifayət qədər proqressiv düşüncəli, kitaba bağlı insanlardır. İnanıram ki, nəsə eləyə bilərlər. Ancaq bunun üçün təkcə məmurların səyi yetərli deyil. İctimaiyyət, ədəbi mühit, ümumiyyətlə hamımız bu məsələyə hazır olmalıyıq.

Mənim fikrim budur: gec olsun, güc olsun. Təki olsun, obyektiv olsun. İnanılacaq bir müsabiqə olsun. İnsanlar orada iştirak etməyə can atsınlar.

Düzdür, əsər müsabiqə üçün yazılmır, ancaq yaxşı mükafat fondu yazıçı üçün əlavə, həm də ciddi motivasiyaya çevrilə bilər. Tutalım, onu həvəsləndirər ki, əlindəki romanı bitirib müsabiqəyə göndərsin. Bu mənada Azərbaycan Kitab Mükafatının ədəbi prosesə yaxşı təsir göstərmək şansı var. Amma bir şərtlə ki, müsabiqə obyektiv keçirilsin. Obyektivlik prosesi canlandıra bilər. Söhbət yarış eyforiyasından yox, canlı bir proses yaratmaqdan gedir. Bu baxımdan mən təşəbbüsü alqışlayıram və inanıram ki, yaxşı bir nəticə olacaq”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun