"ADY-nin "SİMA Pay" - üztanıma ilə ödəniş sistemi olmayan stansiyalarında bar-koddan istifadə mümkün olacaq".
Medianews.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.
Qurum "A nöqtəsində "SİMA Pay" var, B nöqtəsində isə yoxdur, bu zaman sərnişin necə ödəniş etməlidir?" sualını belə cavablandırıb:
"Sərnişinlər üztanıma ilə ödəniş sistemi olmayan stansiyalardan bar-kodla ödəniş edə bilərlər. Üztanıma sistemi ADY-nin mobil tətbiqinə inteqrasiya olunub. Belə ki, vətəndaşlar tətbiqi yeniləyərək funksiyanı aktivləşdirə bilərlər.
Əgər A nöqtəsində "SİMA Pay" ödəniş sistemi varsa, sərnişin ödənişi edib, stansiyaya daxil olur. Çıxışda isə "SİMA Pay" olmadığı halda, tətbiqin bar-kodu ilə ödəniş etməlidir.
Eyni qaydada əksinə, bar-kodla ödəniş edib stansiyaya daxil olmaq, çıxışda isə üztanıma ilə ödəniş mümkündür. Bar-kodun aktivləşməsi üçün balansda minimum 2.40 manat olmalıdır".
Xatırladaq ki, bu gündən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında "SİMA Pay" - üztanıma ilə ödəniş sistemi tətbiq olunur. Üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür. Bildirilir ki, növbəti mərhələdə həm Abşeron dairəvi marşrutu boyunca bütün stansiya və dayanacaqlarda, həm də ölkə üzrə dəmir yolu şəbəkəsində bu müasir xidmətin göstərilməsi planlaşdırılır.