Medianews.az
İşığa gələn ilbizlər
89 baxış

İşığa gələn ilbizlər

Köhnə lətifə var, birinin arvadı doğurmuş, əkiz uşaq olur, ardıyca mamaça çıxıb deyir bir uşaq da doğulmaq üzrədir, adam təşvişə düşür, söyləyir: “Tez işığı keçirin, işığa gəlirlər!”

İndi sayın metro müdirimizin “Bakıya yaxın qəsəbələrə metronu ona görə uzatmırıq ki, oraların camaatı paytaxtın mərkəzinə axışıb basabas yaratmasın” açıqlaması mənə o söhbəti xatırlatdı. Yəqin tək metro embarqosu ilə iş düzəlməyəcək, işıqları da söndürmək lazımdır.

Ümumiyyətlə, koronavirus pandemiyası dünyada davam edir, Operativ Qərargah quru sərhədləri bağlı saxlayırsa, niyə Binəqədi, Masazır-filanda metro olsun? Mümkün qədər hərəni öz kəndinə, obasına bağlamalıyıq.
Hərçənd, bir qədər də gülməli vəziyyətdir ki, Masazırın masazırlısız futbol komandası bu ilki çempionatda dubl eləyib, həm çempion olub, həm kuboku alıb. Amma orda metro ola bilməzmiş. Yəni, prinsipcə, sən çempion olub Avropa liqalarında yarış hüququ qazanırsan, lakin Bakının mərkəzinə metro ilə gəlməyin olmaz. Pis çıxmasın, bir az gülməli vəziyyətdir.

Söz açılmışkən, bu yaxında futbol kubokumuzun yarımfinal oyununda stadiondakı 22 futbolçudan yalnız 1 ədədi azərbaycanlı idi. Onu yəqin damazlıq üçün saxlayıblar, əks halda bilinmir hansı ölkənin çempionatıdır. Bu da bir başqa tragikomik vəziyyətdir. İdmandan armuda qədər hər şey xaricdən gətirilir, biz özümüz isə quru sərhədin açılmağını gözləyirik ki, mürəxxəs olub burdan çıxıb harasa gedək və bir daha qayıtmayaq.

Armudun xaricdən gətirilmə səbəbinin birini tapmışam. Kənd təsərrüfatında zərərvericilərə qarşı dərmanlar olduqca keyfiyyətsizdir, insan dərmanlarında aparılan saxta siyasət bitki dərmanları sferasında da varmış. Əslində aqrar sektorda dava-dərman işini oliqarx məmurların inhisara aldığı və oradakı saxtakarlığın miqyası barədə təxmini məlumatlarım var idi, bugünlərdə canlı şahidi oldum.

Həyət-bacada müəyyən gül-çiçək əkmişik, onları ilbiz yeməsin deyə dərmanlayırıq. Yağış çox yağanda ilbizlər də həndəsi silsilə ilə artır. Ötən illərdəki dərmanlar adətən səmərəli çıxırdı, bu dəfə eyni dərmanı alanda nəsə gözümə şübhəli göründü, çünki üzərindəki yazılar bizim dildə idi. (Gör bizi nə kökə salıblar – öz ana dilimizdə qablaşdırmaya etibar etmirik). Dərmanın fiziki qabaritləri də fərqli, daha dənəvər şəkildə idi. Nəsə, Allaha mədət deyib güllərin ətrafına səpdim, bir gün sonra baxdım ki, süsənin yarpaqları aşsüzənə dönüb, sarmaşıq cırıq-cırıqdır, xrizantem isə ümumiyyətlə yox olub, ancaq çubuqları qalıb! Günortaya yaxın qapı döyüldü, açdım, gördüm ilbizlər sıra ilə düzülüblər, lap başdakı əzilə-büzülə, utana-utana deyir: “Qardaş, o dünənki dərmandan varsa, yenə ver, heç belə ləzzətli təam yeməmişdik”.

Qayıdaq yeraltı dünyamızın hökmdarının, yəni, metro müdirinin açdığı qafiyənin yanına. İndi böyük ehtimal hamı onu hoydu-hoyduya götürəcək, açıqlamasına peşman edəcəyik, halbuki, başqa məmurların demədiyini – paytaxtın ciddi urbanizasiya problemi olduğunu açıqlamışdır. Respublika üzrə ümumi şəhər planlaşdırması, əhalinin daxili miqrasiya axınları üzərində heç bir araşdırma, yönləndirmə siyasəti olmadığını etiraf etmişdir.

Həmişəki kimi, əsas inzibati-siyasi alət nədir? Bağlamaq. Qadağan etmək. İmkan verməmək. Ta alternativ təqdim olunsun, camaat kəndi-kəsəyi atıb qaçmasın, hamı Abşerona, yeganə işıq gələn yerimiz olan neft çırağının dibinə yığışıb basabas salmasın, başqa ərazilər “ithürənə” dönməsin və sairə - bunlar kimsəni maraqlandırmır.

Axı elementar məntiq deyir ki, Masazır və Binəqədini abad eləsək, Bakının mərkəzindəkilər ora axışar eyni zamanda! Yoxsa bizdə metro yalnız bir tərəfə işləyir?

Dəli şeytan deyir bu yaxında metroda işığı da elə həmin səbəb üzündən söndürmüşdülər. Camaat işığa gəlirmiş...

Zamin HACI

Bizə qoşulun