Medianews.az
Rəis, olar şəhərə gələk?..
143 baxış

Rəis, olar şəhərə gələk?..

Məmurların mətbuata müsahibə verməsi təqdir olunandır. Düzdür, dövlət başçısından nümunə götürüb, mediaya açıq olan səlahiyyət sahiblərinin sayı elə də çox deyil, amma az da olsa var. “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun “ATV Aktual” verilişinə müsahibəsi də təqdirolunandır, xüsusilə də həmkarlarımızın aktual mövzularla bağlı açıq suallarını səsləndirməsi çox yaxşı haldır.

Metropoliten sədrinin cavablarına gəldikdə...Xüsusilə də şəhər kənarında yaşayan əhalinin mərkəzə gəlmək istəyinə neqativ yanaşması çoxlarını şaşırdıb, elə sosial şəbəkə hesablarında, mediada bu mövzuda paylaşımlar, yazılar münasibətin göstəricisidir. Dövlət bütün sahələrdə vətəndaş əlçatanlığına nail olunmasından ötrü siyasət yürüdür, böyük vəsaitlər xərcləyir, infrastrukturun təkmilləşdirilməsini həyata keçirir, ölkəni ASAN-laşdırır, amma baş metroçu nədənsə paytaxt ətrafındakı yaşayış məntəqələrinin metrostansiyalar vasitəsilə mərkəzə birləşdirilməsinin məqsədəuyğun olmadığını söyləyir.

2024-cü ildən Metopolitenə rəhbərlik edən və kifayət qədər təcrübə toplayan hörmətli Vüsal Aslanovun dediklərinə diqqət edin: “Bütün inkişaf perspektivləri simulyasiya olunur və ona əsasən biz yeni metro stansiyalarının yerini müəyyənləşdirməyə çalışırıq. Burda incə bir nüans da var, qeyd etdiyiniz Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyaları tiksək, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində onsuz da bizim mövcud olan və çox yüklənmiş infrastrukturumuz tamamilə iflic vəziyyətə düşə bilər. Ona görə də, ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, mərkəzə bir neçə alternativ istiqamətdə gediş-gəlişi təmin etmək, ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər”.

İndi bu fikirlər hansı anlamı verir? Deputat Fazil Mustafanın reaksiyası belə olub: “Mən bu çıxışdan belə başa düşdüm ki, “Bakı Metropoliteni”nin rəisi Bakıxanovda, Binəqədidə yaşayan insanlara ikinci növ vətəndaş kimi baxır və düşünür ki, onlar şəhərə əziyyətlə gəlməlidirlər. Çünki şəhərin mərkəzi daha çox elit məkandır və bu məkana ikinci növ vətəndaşlar rahatlıqla çatmamalıdır”. (Axar.az) Fazil bəy deyib ki, metro tikintisi bu cür düşüncə ilə aparılacaqsa, bizi böyük bir xəyal qırıqlığı gözləyir: “Metro rəhbərliyində dəyişiklik olandan sonra gözləyirdim ki, birinci müjdə Bakıxanova metro çəkilməsi olar. Çünki bu qəsəbədə 200 min əhali yaşayır. Bu insanlar şəhər və şəhərətrafı ərazilərə əziyyətlə, əzabla hərəkət edirlər. Deməli, kimsə onların şəhərə əzabla gəlməyini vacib sayır. Bu isə artıq vətəndaşa xidmət deyil”.

Belə... Alınmadı, rəis! Belə olmaz! Prezident bütün fəaliyyətində, bütün çıxışlarında “ÖNCƏ VƏTƏNDAŞ” deyir. Amma siz...Siz istəmirsiniz ki, Maştağa, Zabrat, Balaxanı və digər kəndlərimizin sakinləri uyğun bir məkanda tikilmiş stansiyadan düşüb, paytaxtın mərkəzinə rahat şəkildə gəlsinlər, istirahət eləsinlər, kinoya, teatra getsinlər? Eyni məntiqlə, gərək dövlət məsələn, qədim Balaxanı kəndinə o qədər xərc çəkib, abadlaşdırmazdı. Bu günlərdə paytaxtın İslam Səfərli küçəsi yüksək səviyyədə abadlaşdırıldı, Prezident və ailə üzvləri açılışını etdi. Məgər Bakının kənarında yaşayan sakinlərin o küçəni görməsi günah olar? Axı, ekoloji təmiz kənd məhsullarına ehtiyac olanda dərhal Zirə pomidoru, Abşeron şanısı, Maştağa ənciri, Bilgəh zəfəranı üçün soraqlaşırıq, indi necə olur o kəndlərin zəhmətkeşlərinin Bakının mərkəzinə gəlməsini paytaxta “ağırlıq” salacağından ehtiyatlanırıq? Bakıxanov və Qaraçuxurda günün müxtəlif saatlarında elə tıxaclar olur ki, insanlar piyada hərəkət edə bilmir, nəinki avtomobillə. Yaxud “Köhnə Günəşli”də, “Neapol” dairəsini keçmək üçün uzun müddət səbr etməli olursan. Həmçinin “Yeni Günəşli”də...On illərdir insanlar metro yolunu gözləyir, tikilsə, bu qədər gərginlik olmaz. Dövlət paytaxtımızı gözəlləşdirir, turistləri heyran edən Bakımız var, Hacıbala Abutalıbov demişkən. Amma rəisin sözlərindən belə çıxır ki, yerli turistlərin mərkəzə gəlməsi zərərlidir. Niyə axı, Bakı kəndlərində yaşayan sakin Fəvvarələr bağındakı “Soyuq əllər, isti ürəklər”dən zövq ala bilməsinlər? Eyni məntiqlə, rayonlarda yaşayanların da paytaxta girişini başqa bir məmur qadağan edə bilər, belə çıxır. Yaxud sabah rəis deyər rayon və kəndlərdən gələnlər metrodan istifadə etdiyi üçün sıxlıq yaranır...

Metopoliten rəisi Mehdiabaddan paytaxtın mərkəzinə tramvay xəttinin bərpasından danışır. Olsun, arzuolunandır. Amma Bakıda bu qədər göydələnlərin tikintisi həyata keçiriləndən sonra tramvay xəttinin keçəcəyi istiqamətlər barədə təsəvvürü necədir, çox maraqlıdır? Paytaxt yollarında avtobus, ya velosiped yolu haşiyələnəndən sonra avtomobillər üçün xeyli çətinliklər yaranır, saatlarla yollarda qalır insanlar. Bunun üzərinə tramvayı da gələk, mənzərə aydındır. İndiki halda metopoliten xilaskar rolunu oynayır, bu quruma rəhbərlik edən şəxs açıqlamalarında reallıqları nəzərə almalıdır.

Həm də çalışmaq lazımdır, vətəndaş məmnunluğu rahatlığı üçün... Rəis özü də etiraf etdi ki, Bakı Metropoliteni dünyadakı 213 metro içərisində sıxlığına görə TOP-10-dadır. Başqa nə gözləyirik ki? Bakı Metropoliteni 3 xətt və 27 stansiyadan ibarətdir. Bakının real əhalisi nə qədərdir?..

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, Bakı metropoliteninin konseptual inkişaf proqramına uyğun olaraq, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq. Dövlət Proqramına əsasən, 2030-cu ilədək 10 stansiyanın tikintisi nəzərdə tutulub. Biri bu ilin sonunadək yekunlaşdırılacaq. Buraya “Nizami” metrostansiyası və “28 May”la birləşəcək stansiyalar da var ki, onlar parkların altında yerləşəcəklər. Bu barədə bir müddət öncə hüquqşünas Sahib Məmmədov narahatlığını ifadə etmişdi. Düzdür, metro tikintisi ən bahalı infrastruktur növüdür. Amma axı, həm də ən rahatıdır. Bu il “28 May” və “Nizami” stansiyaları arasındakı tuneldə tikinti işləri aparılacaq. Çox yaxşı. Amma axı, “Həzi Aslanov”-dan “Azadlıq prospekti”nə getmək istəyən sərnişin üçün “28 May” son dayanacaq olacaq. Rəis deyir onlar alternativ nəqliyyat vasitəsindən istifadə etməli olacaqlar. Deməli, sərnişin əlavə xərc çəkməli olacaq. Məsələn, Bakı Dövlət Universitetində təhsil alan tələbə əvvəl məsələn, iki nəqliyyat vasitəsindən, avtobus və metrodan istifadə edib, günə minimum 2.40 AZN xərcləyirdisə, bundan sonrakı təmir prosesində “alternativ”in hesabına daha 1.20 AZN xərcləyəcək. Ayda əlavə minimum 20 AZN əlavə yolpulu ödəməli olacaq. Eləcə də digər vətəndaşlar. Bəs, Metropolitenin avtobus və taksi xidmətinə “töhfə”sinin sadə vətəndaşa faydası nə olacaq? Bəli, bu tikinti işləri paytaxtımız, ölkəmiz, vətəndaşlarımız üçündür, təqdir edir, alqışlayırıq. Amma aztəminatlı ailələr üçün Metropoliten nə təklif edir: bəlkə bu təmir müddətində məlum ünvanlarla bağlı gedişhaqqına endirim edilməsi barədə humanist təşəbbüs qaldırılsın? Hərdən deyirlər ki, guya vətəndaşların ödənişsiz daşınması həyata keçirilə bilər. Buna inanırsınızmı? Həm də metronun yükünü heç bir avtobus xidməti daşıya bilməz, üstəlik də ödənişsiz. “28 May”ın qarşısında avtobus parkı üçün məkan belə mövcud deyilsə, onda “Kərəmi ağlamaq tutur”.

Metropoliten rəisi isə deyir AYNA ilə danışıqlar aparılıb, “20 Yanvar”dan “28 May”a, yaxud digərlərindən alternativ avtobus xətləri ayrılacaq. Bir qatarda 1600 sərnişin daşımaq mümkün olursa, indi təsəvvür edin, ayrı-ayrı ünvanlardan gələn sərnişinlərin mənzilbaşına çatması üçün hansı əziyyətlər yaşanacaq. Paytaxt yollarındakı tıxacın yaratdığı fəsadlar fonunda bu addımın problemləri artırmayacağına zəmanət yoxdur.

Bakı Metropolitenindəki 381 ədəd vaqondan cəmi 180-i yenilənib. Onlar kondisioner sistemi ilə təchiz edilib, vaqonlar arasında arakəsmələr mövcud deyil və xeyli üstünlükləri var. Amma 200-dək vaqonda xüsusən yay aylarında qatarlar “qaynar qazan”a çevrilir. Yeni vaqonların alınması isə qarşıdakı illər üçün planlaşdırılır. Deməli, hələ neçə yaz, yay, payızda sərnişinlərdən ürəyi gedənlər, halı pisləşənlər olacaq. Metrodakı ölüm faktları rəhbərliyi hərəkətə gətirməlidir. Metrostansiyalarda heç olmasa “Təcili yardım” xidməti yoxdursa...

“Mən özüm də sıx-sıx metrodan istifadə edirəm. Həm də avtomobildən daha tez çatıram təyinat nöqtəsinə, metro ilə getdiyim zaman...”, deyir rəis. Əla! Onda zəhmət olmasa, köhnə vaqonlardan, günün pik vaxtına istifadə edin, gerçək mənzərəni görün!   

Sərnişinlərdən metrodan istifadə qaydalarına əməl etmələrini xahiş edən metropoliten rəisi müəyyən məsələlərdə haqlıdır. Amma vaqonlarda həmişə yer olmur axı, sərnişinlər “mehriban olsunlar” və digərləri də qatara minə bilsin. Yaxud qatarlarda düşmək istəyənlərlə eyni vaxtda vaqona minmək istəyənlər arasındakı “yarış”ın da səbəbi sərnişinlərdə iraq olsun, nəqliyyatdan istifadə mədəniyyətinin kasadlığı ilə bağlı deyil, bu da vaqona minə bilməmək təşvişindən irəli gəlir. Elə vaxt olur ki, bir neçə qatar gəlir keçir, minmək olmur.  

Azərbaycan dövləti qitələri birləşdirəcək Zəngəzur dəhlizini tikib, yekunlaşdırmaq üzrədir, cənab rəis, siz Bakıxanov və Qaraçuxurda metrostansiyasının tikilməsinə qarşı çıxırsınız. Bu gedişlə sakinlərin sizə ünvanlayacağı “Rəis, olar şəhərin mərkəzinə gələk”, müraciətlərini alacaqsınız. Lütfən, etməyin! Bir zəhmət, gələn həftə Qaraçuxur, Bakıxanov, “Köhnə Günəşli” sakinləri ilə ayaqüstü görüş təşkil edin, görün nə deyirlər...Yerin üstündəki sakinləri dinləyin, sonra görəcəksiniz ki...

Elşad PAŞASOY 

Bizə qoşulun