ATV-nin "Gün ortası" proqramında xalq artisti Arif Quliyevin anım günü ilə bağlı süjet efirə gedib. Süjetdə iddia olunub ki, ailəsi və sənət dostları mərhum sənətkarın məzarını ziyarət etmək istəməyiblər. Qeyd olunub ki, süjet hazırlananda jurnalistlər təkid etsələr də, Arif Quliyevin oğlu Rövşən qəbiristanlığa ziyarətə gəlməyib. Süjetdəki iddiaya görə, mərhum aktyorun sənət dostları da işlərinin çox olduğunu bildirərək ziyarətdə iştirak etməyiblər.

Lakin sənətkarın oğlu Rövşən Quliyev Medianews.az-a açıqlamasında iddianın doğru olmadığını söyləyib:
“May ayının 6-sı bizim üçün çox ağır və həssas bir gün - atamızın anım günüdür. Hər birimiz üçün dərin ağrı, xatirə və hörmət günüdür. Biz ailə olaraq bu cür günləri təmtəraqsız qarşılamağı, ağrı-acını yalnız öz içimizdə yaşamağı üstün tuturuq. Çünki bu bizim üçün nümayiş yox, ürək məsələsidir. ATV kanalından bizə çəkiliş təklifi gəldi. Bildirildi ki, məzarın yanında çəkiliş etmək istəyirlər. Biz isə bu təklifi qəbul etmədik. Çünki artıq uzun zamandır belə çəkilişlərdən uzaqlaşmışıq və bu qərar bizim şəxsi seçimimizdir. Bu, nə hörmətsizlikdir, nə də etinasızlıq. Sadəcə, ailə olaraq sərhədlərimiz var. Ailəlikcə atamızın məzarını mütəmadi ziyarət edirik. Bu, bizim borcumuzdur və bunu heç vaxt kameraya göstərməyə ehtiyac duymamışıq. Amma təəssüf ki, bəzi saytlar və sosial şəbəkələr bu vəziyyəti tam fərqli formada təqdim edir, sanki mən məzarı ziyarət etməkdən boyun qaçırıram, guya ailədə Arif Quliyevin xatirəsinə hörmətsizlik var. Bu, həm yalandır, həm də bizim üçün çox ağrılıdır. Biz sadəcə çəkiliş istəmədik. Bu qədər sadə. Dünyadan köçmüş bir insanın xatirəsinə bu cür xəbərlərlə kölgə salmaq nə etikaya, nə də vicdana sığır. Bu cür yanlış məlumatlar bizim ailənin hisslərinə toxunur. Xahiş edirik belə həssas mövzulara daha diqqət və hörmətlə yanaşılsın. Hər şey reytinq və baxış sayı üçün olmamalıdır. Bəzi dəyərlər var ki, onlar sükutla, qəlbdə yaşanır. Biz atamızı böyük hörmət və sevgi ilə yad edirik və edəcəyik də. Və bunu kimsəyə sübut etməyə borclu deyilik”.

Rövşən Quliyev əlavə edib ki, atasının sənət dostlarından daima diqqət və qayğı görürlər:
“Süjetdə deyilir ki, heç bir sənətkar dostunun məzarını ziyarət etməyə gəlmədi. Hamının işi var, hər kəs öz işinin arxasınca qaçır. Xüsusən sənət adamlarının iş-güc başından aşır. Əgər kiminsə işi olubsa, gəlməyibsə bu o demək deyil ki, atamın xatirəsinə hörmətsizlik edib, onu unudub. Bu, qətiyyən belə deyil. Sadəcə həmin şəxslərin işi olub, yəni vaxtı olmayıb. Atamın bütün sənət dostları ilə münasibətimiz çox yaxşıdır. Bizə zəng edirlər, hal-əhval tuturlar. Xahiş edirik yalan xəbərlər yaymasınlar. Əsl sənətkarlar öləndən sonra yaşayanlardır. Atam da o sənətkarlardandır.
Əli Əsgər,
Medianews.az