Medianews.az
"Atlant işi" təxirə salındı -
135 baxış

"Atlant işi" təxirə salındı - 171 zərərçəkən müraciət edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilməsi nəzərdə tutulan və ictimaiyyət arasında "Atlant işi" kimi tanınan cinayət işi üzrə məhkəmə prosesi gözlənilmədən təxirə salınıb.

Medianews.az-ın əldə etdiyi məlumata görə, prosesin təxirə salınmasına səbəb zərərçəkmiş şəxslərin Baş Prokurorluğa ünvanladıqları müraciət olub.

171 zərərçəkən vətəndaş istintaqın yenilənməsini, "Atlant" istirahət mərkəzinin rəhbəri Tahir Qədəşovun cinayət məsuliyyətinə cəlb edilməsini və məhkəmə araşdırmasının dayandırılmasını tələb edib. Onlar bildiriblər ki, müraciətlərinə hüquqi qiymət verilənədək prosesin davam etdirilməsi məqsədəuyğun deyil.
Məlumata görə, məhkəmə məhz bu səbəbdən qeyri-müəyyən müddətə təxirə salınıb.

Məhkəmə qarşısında yalnız kürəkən dayanıb

Hazırda iş üzrə təqsirləndirilən şəxs qismində Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev mühakimə olunur.

İttihama görə, Nofəl Hacıyev 171 vətəndaşa qarşı 14 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilir. O, istintaq və məhkəmə zamanı verdiyi ifadələrdə həmin vəsaitlərin əhəmiyyətli hissəsini qayınatasına məxsus "Atlant" Ailəvi İstirahət Mərkəzinin genişləndirilməsi və tikinti işlərinə yönəltdiyini bildirib.

Cinayət işi üzrə digər təqsirləndirilən şəxs isə şirkətin icraçı direktoru Talış Məhəmmədovdur.

"Pulumuzun hesabına tikilən obyekt reklam olunur"

Zərərçəkmişlər hesab edirlər ki, vətəndaşlardan toplanan milyonlarla manatın taleyi ilə bağlı sualların cavabı məhz "Atlant" istirahət kompleksində axtarılmalıdır.

Onlar bildirirlər ki, pullarının hesabına genişləndirilmiş obyekt bu gün fəaliyyətini davam etdirir, müxtəlif reklam kampaniyaları həyata keçirir, sosial şəbəkə fenomenləri vasitəsilə tanıdılır.

"Bizim pullarımızın hesabına tikildiyi deyilən obyekt bu gün əyləncə və reklam məkanına çevrilib. Yüzlərlə ailə evsiz qaldığı halda, milyonların izi düşən kompleks sanki heç nə olmamış kimi fəaliyyət göstərir", - zərərçəkənlər bildirirlər.

"Atlant" satılsın, vətəndaşların pulu qaytarılsın"

Zərərçəkənlərin əsas tələblərindən biri də üzərinə həbs qoyulmuş "Atlant" Ailəvi İstirahət Mərkəzinin hərraca çıxarılması və əldə ediləcək vəsait hesabına dəymiş zərərin ödənilməsidir.

Onlar hesab edirlər ki, milyonlarla manatlıq vəsaitin həmin obyektə yönəldildiyi barədə məhkəmədə ifadələr verilibsə, o zaman bu vəsaitlərin hüquqi taleyinə də aydınlıq gətirilməlidir.

"Milyonların izi "Atlant"a çıxırsa, əvvəlcə həmin pulların aqibəti araşdırılmalı, sonra hovuz kənarında reklam videoları çəkilməlidir", - zərərçəkənlər vurğulayırlar.

14 milyon manatlıq qalmaqal

Xatırladaq ki, cinayət işinin materiallarına əsasən, "Təbriz" MTK vasitəsilə 171 vətəndaşdan 14 milyon manatdan artıq vəsait toplansa da, həmin şəxslərə vəd edilən mənzillər verilməyib.

İstintaq dövründə "Atlant" istirahət mərkəzinin üzərinə həbs qoyulub. Nofəl Hacıyev isə ifadəsində vətəndaşlardan alınan vəsaitin istirahət mərkəzinin tikinti və genişləndirilməsi işlərinə sərf olunduğunu etiraf edib.

Hazırda 171 ailə məhkəmənin verəcəyi qərarı gözləyir. Onları düşündürən əsas sual isə budur: milyonların izi düşən obyekt satılaraq zərər ödənəcək, yoxsa illərdir davam edən mənzil dramı yeni mərhələyə keçəcək?(Musavat.com)

Bizə qoşulun