Sintetik narkotik nədir? Azərbaycanda nə dərəcədə yayılıb? Harada, necə hazırlanır? Neçə növ sintetik narkotik var? Onların orqanizmə vurduğu ziyan təbii üsullarla yetişdirilən narkotiklərin vurduğu ziyandan fərqlənirmi?

Medianews.az-un suallarını cavablayan tibb elmləri doktoru, professor, psixiatr, psixoterapevt, narkoloq Araz Əliquliyev deyir ki, sintetik narkotiklər təbii mənşəli olmayan, laboratoriya şəraitində kimyəvi maddələrdən hazırlanan vasitələrdir: “Bu kimyəvi maddələrdən sui-istifadə qısa müddətdə güclü asılılıq yaradır. Hüquqi və qanunvericilik baxımından, strukturlarına görə bu maddələr rəsmən narkotik vasitələrin siyahısına daxil edilib. Təəssüf ki, Azərbaycanda da bu maddələr geniş yayılıb. Sintetik narkotiklərin çoxçeşidlidir. Məsələn, “duzlar” və onların müxtəlif modifikasiyaları. Belə maddələr ölkəyə həm qanunsuz gətirilir, həm də hüdudlarımız daxilində qanunsuz hazırlanır.

Bazarda həm yarımsintetik, həm də tam sintetik maddələrə rast gəlinir. Metamfetamin və amfetaminlər tam sintetik maddələrdir. Ekstazi geniş yayılan sintetik növlərdən biridir. Geroin əsasında hazırlanan maddələr də bu qrupa aid edilir. Geroin təbii xammaldan - tiryəkdən alındığı üçün yarımsintetik maddə hesab olunur.
“Duzlar” qrupundan olan narkotiklərin sırası və çeşidi çox genişdir, kimyəvi tərkibinə görə minlərlə növü mövcuddur. Bu maddələrin hamısı qanunvericilikdə qadağan olunmuş narkotik vasitələrdir.

Sintetik narkotiklərin orqanizmə ziyanı təbii narkotiklərlə müqayisədə heç də az deyil. Hər ikisinə aludəçilik ağır intoksikasiya, yəni zəhərlənmə yaradır. Ən böyük zərbə mərkəzi sinir sisteminə dəyir. İnsanın psixi sağlamlığında ciddi problemlər yaranır, qavrama, düşüncə, emosional durum, iradə və hisslər tamamilə pozulur. Daxili orqanlar da ağır zədələrə məruz qalır. Orqanizmə daxil olan toksinlər ilk və ən ağır zərbəni qaraciyərə vurur. Maddələrin bədəndən xaric olunması prosesində metabolik “duzlar” böyrəkləri ciddi təsirə məruz qoyur. Zərərli maddələr qan vasitəsilə bütün bədənə yayılaraq ürək, ağciyər və mədə-bağırsaq sistemini sıradan çıxarır”.
Nailə Qasımova,
Medianews.az