Rusiya Prezidenti Vladimir Putin heç nə olmayıbmış kimi ölkə ərazisində beynəlxalq forumlar keçirməyə və bu tədbirlərdə əməkdaşlıq barədə nitqlər söyləməyə davam edir.
Halbuki işğalçı müharibə aparan Rusiya ilə əməkdaşlıq imkanları geniş deyil. Növbəti forum iyunun 17-19-u tarixində Tatarıstan paytaxtı Kazanda keçirilib. Bu dəfə Rusiyada ASEAN sammiti (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) təşkil olunub. Sammitdə Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin, Şərqi Timor kimi ölkələrin rəsmiləri iştirak edib. Sammit keçirilərkən Ukrayna dronları Moskvda yanacaq mərkəzlərinə zərbələr endirirdi. Putin sammitdəki çıxışında müharibə mövzusuna toxunmayıb. Rusiya Prezidenti Ukrayna dronlarının zərbələrini və ilhaq olunan Krımın yanacaq böhranı ilə üzləşməsini görməzliyə vurur.
Vladimir Putin sammitdən əvvəl Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Hakan Fidan Vladimir Putinlə görüşdən bir gün əvvəl rusiyalı həmkarı Sergey Lavrovla Moskvada müxtəlif mövzuları müzakirə edib. Hakan Fidan Lavrovla yanaşı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb.
Sankt-Peterburqda və Kazanda keçirilən forumlar Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın beynəlxalq aləmdən tam təcrid olunmamasına dəlalət etməlidir. Kremlin məqsədi budur. Putin Kazandan əvvəl Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak etmişdi. Sankt-Peterburqda forum keçirilərkən Ukrayna dronları bu şəhərin yanacaq mərkəzlərinə zərbələr endirirdi. Putin Kazanda keçirilən forum çərçivəsində Asiya ölkələrinin bir neçə lideri ilə görüşüb. Rusiya Prezidenti Kazan forumunda ASEAN-a daxil olan ölkələrin aparıcı biznes nümayəndələrinin iştirakını da fəxrlə bildirib.
Kazandakı sammit Pekinin diqqətini çəkib. Sammitdə Filippin Prezidenti Ferdinand Markos da iştirak edib və o, Putinlə ikitərəfli görüş keçirib. Pekin Filippin Prezidentinin Kazana səfərindən və Putinlə görüşündən narahat olub. Çünki Çinlə Filippin arasında münasibətlər gərgindir. Çin və Filippin arasındakı münasibətlər Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən gərginləşib. Çinlə Filippinin hərbi gəmiləri arasında tez-tez atışmalar olur. Təsadüfi deyil ki, Çin Filippinin müdafiə nazirinə qarşı sanksiya tətbiq edib. Nazir və onun ailə üzvlərinin Çin Xalq Respublikasına girişi qadağan olunub.
Münasibətləri gərginləşdirən digər amil Çinin dənizdə Filippin sahillərinə yaxın sularda mobil platformalar yerləşdirməsidir. Filippin hesab edir ki, Çin mobil platformalar vasitəsilə Cənubi Çin dənizində süni adalar yaratmağa çalışır.
Vladimir Putinin Filippin Prezidenti ilə görüşü və onunla müzakirə aparması Moskvanın Pekinə ismarışı kimi qiymətləndirilə bilər. Moskva Pekinin strateji tərəfdaş sayılsa da, Kreml Çinin Ukrayna müharibəsi fonunda Rusiyaya kifayət qədər dəstək verməməsindən narazıdır. Digər tərəfdən Çin Rusiyadan neft və qaz alışını şaxələndirir və enerji daşıyıcılarını ucuz qiymətə alır. Bu amil də Kremlin xoşuna gəlmir. Digət tərəfdən Kreml Pekinin Brüssel və Vaşinqtonla artan dialoqunu narahatlıqla izləyir. Belə olan halda Kreml də Pekinin regional rəqibləri ilə dialoqu genişləndirməyə qərar verib.
Elxan Şahinoğlu,
politoloq