Medianews.az
AQTA 1 qəpiklik “süni yumurta” iddiasına
98 baxış

AQTA 1 qəpiklik “süni yumurta” iddiasına münasibət bildirdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 1 qəpiklik yumurta ilə bağlı iddiaları cavablandırıb.

Musavat.com xəbər verir ki, ötən həftənin Cümə günündən etibarən istehlak bazarında 1 və 3 qəpik qiymətində satılan yumurtalarla bağlı sosial şəbəkələrdə inanılmaz iddialar səslənir.

Əsas fərziyyə onların süni olmasıdır.

AQTA-nın “Yeni Sabah”ın sorğusuna cavabında qeyd olunur ki, qurum ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparır.

“Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb. Məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub”.

Agentlik əlavə edib ki, vətəndaşlar qida sahəsində qarşılaşdıqları uyğunsuzluqlarla bağlı konkret faktlarla “1003 - Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.

Xatırlatma: iyunun 22-də Azərbaycanda yumurta qiymətlərinin kəskin ucuzlaşması ilə bağlı bir sıra KİV, habelə sosial şəbəkələrdə satışa çıxarılan yumurtalarla bağlı əsassız iddiaları ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası da sayca ikinci məlumat yayıb.

Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycan istehsalçıları yumurtaya olan daxili tələbatı artıqlaması ilə təmin edirlər:

“Ölkəmizdə yumurta istehsalı tələbatdan yüksək olduğuna görə son günlər qiymət ucuzlaşmasını müşahidə edirik. Bu halda, xaricdən, özü də süni yumurtanın idxalı absurddur. O hansı ölkədir ki, süni yumurta istehsal edib sıfır qiymətə Azərbaycana satır?

Sıfır qiymət ona görə deyirəm ki, idxal edilib pərakəndə satışa 1-3 qəpiyə çıxarılan yumurtanı pulsuz almalısan ki, satışa 1 və ya 3 qəpiyə çıxarasan. Azərbaycanın özündə isə süni yumurta istehsalı texnologiyası mövcud deyil.

Hesab edirik ki, belə iddialar məqsədyönlü şəkildə, sırf yerli quşçuluq təsərrüfatlarının işgüzr nüfuzuna zərbə vurmaq məqsədilə cəmiyyətə ötürülür. Təəssüf ki, bəzi KİV-lər, saytlar da onu yayımlayır”.

M.Həsənli bir daha vurğulayır ki, Azərbaycanda təbii yumurta istehsalı kifayət qədərdir, süni, yaxud xaricdən idxal olunacaq yumurtalara ehtiyac yoxdur.

Bizə qoşulun