“Mən o teatra can qoymuşam, ayağım da burxulub, sınıb, xəstələnmişəm, yaxınım vəfat edib, amma tamaşa oynamışam. Bunu tamaşaçı bilməyib ki? Razıyam ki, Akademik Milli Dram Teatrında aktrisalıq ştatı yoxdursa, məni xadiməlik ştatına götürün, xadiməliyimi edim, həm də səhnəmə qovuşum. Təki mən öz doğma teatrımda işləyim, başqa teatra sürgün etməyin”.
Medianews.az xəbər verir ki, bunu Əməkdar artist Mehriban Xanlarova bildirib.
Onun sözlərinə görə, özünə qarşı çox böyük qarayaxma kampaniyası həyata keçirilir.
“Guya mənə yüksək vəzifə verilib, istəməmişəm. Yüksək vəzifə kimə verilsə, getməz? Çox absurddur. Akademik Milli Dram Teatrı müraciətimə cavab verib ki, ştat yoxdur. Bu, bəhanədir. Qərəzli şəkildə məni işə bərpa etmək istəmirlər”.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından iddialara cavabda qeyd olunub ki, Mehriban Xanlarovanın teatra olan mənəvi bağlılığı və bu sənət ocağına xüsusi münasibəti anlayışla qarşılanır:
“O, əvvəlcə yenidən işlə təmin olunması ilə bağlı müraciət edib. Məhz onun müraciəti nəzərə alınaraq, peşə fəaliyyətini davam etdirməsi məqsədilə digər dövlət teatrlarında iş imkanları, eləcə də Mədəniyyət Nazirliyinin “Teatral Akademiya” layihəsi çərçivəsində gənc aktyorlar üçün ödənişli əsaslarla ustad dərslərinin aparılması təklif edilib. Lakin o, yalnız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmaq istədiyini bildirərək təqdim olunan alternativ təklifləri qəbul etməyib.
Teatra bərpa olunması ilə bağlı son müraciəti zamanı ona bir daha izah edilib ki, əmək münasibətlərinə xitam onun öz yazılı müraciəti əsasında verilib və hazırda teatrda müvafiq vakant ştat mövcud deyil. Digər dövlət teatrlarında fəaliyyətini davam etdirməsi ilə bağlı təklifi isə o qəbul etməyib.
Gələcəkdə teatrın yaradıcılıq planları, repertuar siyasəti və konkret tamaşa layihələri çərçivəsində, yaranacaq zərurət və bədii ehtiyac nəzərə alınmaqla, Mehriban Xanlarovanın Akademik Milli Dram Teatrının ayrı-ayrı layihələrinə hər hansı formada cəlb olunması məsələsinə də baxıla bilər”.\Yeni Sabah