İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək “UFC Fight Night: Fiziev vs. Torres” turnirində UFC-də debüt edəcək azərbaycanlı döyüşçü Tahir Abdullayev hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb.
Medianews.az xəbər verir ki, yarımorta çəki dərəcəsində onun rəqibi braziliyalı Ceferson Nasimento olacaq.
“UFC-də döyüşmək mənim üçün böyük şans və uzun illərin əməyinin nəticəsidir. Mən 15 yaşımdan idmanla məşğulam, 18 yaşımdan isə peşəkar döyüşlərə çıxıram. UFC-yə düşmək həmişə ən böyük məqsədlərimdən biri olub və bu gün artıq dünyanın ən güclü təşkilatında çıxış etmək imkanı qazanmışam.
Mən ABŞ-da təlim-məşq toplanışında olanda UFC ilə müqavilə bağlamağa hazırlaşırdım. Əvvəlcə başqa rəqiblə döyüşməli idim, lakin sonradan planlar dəyişdi və mənə Bakıda keçiriləcək turnirdə iştirak etmək təklif olundu. Döyüş təklifi gələndə çox düşünmədən qəbul etdim. Rəqibimin kim olmasının mənim üçün böyük əhəmiyyəti yoxdur. Rəqibim braziliyalıdır, Braziliya ciu-citsu döyüş məktəbindən gəlir. Amma ona demək istəyirəm ki, hazır olsun. Onun güclü tərəflərini bilirəm, hörmətlə yanaşıram. Mən oktaqona yalnız qələbə qazanmaq üçün çıxıram və öz gücümü göstərməyə hazıram. Mənim ləqəbim “Tank”dır. Rəqibimin üzərindən tank kimi keçməyə hazıram.
Bakıda, doğma azarkeşlər qarşısında UFC-də döyüşmək mənim üçün qürur mənbəyidir. Bu, uzun illər arzuladığım bir məqamdır. Doğma publikanın dəstəyi mənə əlavə motivasiya verir və mən bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.
Hazırda bütün diqqətimi qarşıdakı döyüşə yönəltmişəm. Məqsədim UFC-də uğurlu çıxış etmək, qələbələr qazanmaq və gələcəkdə daha böyük hədəflər uğrunda mübarizə aparmaqdır.
Bütün azarkeşlərə dəstəklərinə görə təşəkkür edirəm. Mən döyüşə çıxanda məni dayanmadan dəstəkləyin. İyunun 27-də Milli Gimnastika Arenasında görüşərik. Sizin dəstəyinizlə birlikdə möhtəşəm döyüş gecəsi yaşayacağımıza inanıram.”\Metbuat.az

