Medianews.az
FHN nəzarətsiz ərazidə dörd nəfərin batmasından necə xəbər tutub?
215 baxış

FHN nəzarətsiz ərazidə dörd nəfərin batmasından necə xəbər tutub?

İyunun 22-də Xəzər dənizində dörd nəfərin batdığını Fövqəladə Hallar Nazirliyinə batan şəxslərdən birinin qardaşı xəbər verib. Bunu Medianews.az-a nazirliyin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətindən qeyd ediblər ki, hadisə barədə FHN-in 112 qaynar telefon xəttinə ilk məlumat özünü dənizdə batanlardan birinin qardaşı kimi təqdim edən şəxsdən daxil olub.  

FHN-in açıqlamasına görə, hadisə Bakının Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 kilometr aralıda - nəzarətsiz ərazidə baş verib.

112 qaynar telefon xəttinə məlumat daxil olandan sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıblar. 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti tapılaraq sudan çıxarılıb.

2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam etdirilir.

4 nəfərin eyni vaxtda batmasının səbəbinə gəlincə, hazırda bu barədə ətraflı bilgi yoxdur. Hələlik bəlli olan odur ki, hadisə həmin şəxslər dənizdə çimərkən baş verib.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun