Ermənistanda parlament seçkiləri ərəfəsində keçirilmiş yeni ictimai rəy sorğusu hakimiyyətin mövqelərinin gücləndiyini, müxalif düşərgənin isə parçalanmış vəziyyətdə qaldığını göstərir.
Medianews.az xəbər verir ki, Ermənistan Seçki Araşdırmaları Mərkəzinin (ArmES) hazırladığı və EVN Report-un yaydığı sorğunun üçüncü mərhələsinin nəticələrinə əsasən, baş nazir Nikol Paşinyanın fəaliyyətinə dəstək artmaqda davam edir.
Seçki Araşdırmaları Mərkəzi sorğunun üçüncü mərhələsini aprel ayı ərzində keçirib. Bundan bir ay qabaq ikinci, ötən ilin sonları, bu ilin əvvəli isə ilk sorğu olub.
Paşinyanın fəaliyyətini müsbət qiymətləndirənlərin sayı sorğunun birinci mərhələsində 36%, ikinci mərhələsində 47,2% idi. İndi bu göstərici 49%-ə çatıb.
Baş nazirin işindən narazı olanların sayı ilk sorğuda 45%, ikinci mərhələdə 35,8% idi, üçüncü mərhələdə 33,7% qeydə alınıb.
Araşdırma ölkənin gələcəyi ilə bağlı ictimai əhvalda dəyişiklik olduğunu göstərir. Əvvəlki sorğularda Ermənistanın yanlış istiqamətdə hərəkət etdiyini düşünənlər üstünlük təşkil etdiyi halda, son nəticələrdə respondentlərin 44%-i ölkənin düzgün istiqamətdə inkişaf etdiyini bildirib. Əks fikirdə olanların payı 30,9% təşkil edib.
Sorğunun müəllifləri bildirirlər ki, seçki yarışında hakim Vətəndaş Sazişi Partiyası ciddi üstünlüyünü qoruyur. Amma partiya müxalif qüvvələri əhəmiyyətli fərqlə qabaqlasa da, hazırkı mənzərədə təkbaşına hökumət qurmaq üçün lazımi çoxluğu əldə etməyə hələ də zəmanət yoxdur.
Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasını 2013-cü ildə yaradıb. 2017-ci ildə bu qurumun, İşıqlı Ermənistan və Respublika partiyalarının daxil olduğu “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək taxtdan düşüb.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Həmin il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkisini Vətəndaş Sazişi Partiyası udub.
Seçki Araşdırmaları Mərkəzinin sorğusuna görə, əsas diqqət çəkən məqamlardan biri müxalifətin parçalanmasıdır. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi Ermənistan bloku və iş adamı Qaqik Sarukyanın liderlik etdiyi Çiçəklənən Ermənistan Partiyası hələlik ictimai rəy sorğularında parlamentə düşmək üçün tələb olunan səslərin minimum həddinə çata bilmir.
İki partiyadan ibarət Ermənistan blokunun lideri Robert Köçəryan 1992-1997-ci illərdə Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimə başçılıq edib. 1997-ci ilin martında Ermənistanın baş naziri təyin olunub. 1998-ci ilin fevralında prezident Levon Ter-Petrosyan istefa verib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.
Qaqik Sarukyan Çiçəklənən Ermənistan Partiyasını 2004-cü ildə yaradıb. 2003, 2007, 2012, 2017, 2018-ci illərdə parlamentin deputatı seçilib.
Ermənistan Seçki Araşdırmaları Mərkəzinin sorğusuna əsasən, müxalif düşərgədə yalnız Güclü Ermənistan bloku seçki baryerini aşa biləcək yeganə qüvvə kimi görünür. Lakin bu siyasi təşkilata da dəstək son aylar ərzində azalır. Blok rusiyapərəst xətti və daha sərt təhlükəsizlik siyasəti ilə seçilir.
Güclü Ermənistan blokunda üç partiya təmsil olunur. Aparıcı qüvvə Samvel Karapetyanın liderlik etdiyi Güclü Ermənistan Partiyasıdır. Samvel Karapetyan Rusiyada fəaliyyət göstərən biznesmendir. 2025-ci ilin iyun ayında hakimiyyəti zorla ələ almağa çağırış ittihamı ilə həbs edilib, dekabrda ev dustaqlığına buraxılıb. Güclü Ermənistan Partiyası 2026-cı ilin yanvarında təsis olunub.
Sorğu müəllifləri qeyd edirlər ki, qərarını verməmiş seçicilər hələ də Ermənistan siyasətində əsas amillərdən biridir. Onların sayı elektoratın təxminən 35-40%-ni təşkil edir. Bu da seçki nəticələrinin son mərhələyə qədər dəyişə biləcəyini göstərir.
Araşdırmada daha bir diqqət çəkən məqam iqtisadi vəziyyət və təhlükəsizliklə bağlı ictimai əhvalın yaxşılaşmasıdır. Respondentlərin əhəmiyyətli hissəsi son bir ildə ölkənin təhlükəsizlik mühitinin yaxşılaşdığını düşünür. Eyni zamanda Paşinyan hökumətinin regional hadisələrə, xüsusilə İran ətrafındakı gərginliklərə münasibəti də müsbət qiymətləndirilir.
Ermənistanda parlament seçkilərinin 2026-cı il iyunun 7-də keçirilməsi planlaşdırılır.
2021-ci ildə seçilmiş indiki parlament 107 nəfərlikdir. Vətəndaş Sazişi Partiyasının parlamentdə 69, Robert Köçəryana bağlı Ermənistan blokunun 27, sabiq prezident Serj Sərkisyana bağlı “Qürurluyam” blokunun 6 mandatı var. 4 deputat partiyasızdır.