Medianews.az
Bu çempionatda oynayan futbolçu balaları -
287 baxış

Bu çempionatda oynayan futbolçu balaları - FOTOLAR

2026-cı ilin dünya futbol çempionatında iştirak edən milli komandaların heyətində futbolçu ailəsində doğulmuş, daha dəqiq ifadə etsək, atası peşəkar futbolçu olmuş şəxslər də var.

Medianews.az xəbər verir ki, onlardan biri Norveç millisinin kapitanı Erlinq Holanndır. Erlinqin atası Alf-İnqe Holann uzun illər Norveç millisində oynayıb, İngiltərənin “Lids Yunayted” və “Mançester Siti” kimi klublarının formasını geyinib.

Norveç yığmasının digər üzvü Kristian Torstvedt də futbolçu ailəsində böyüyüb. Onun atası Erik Torstvedt Norveçin ən məşhur qapıçılarından biri sayılır, uzun müddət İngiltərənin “Tottenhem” klubunda çıxış edib.

Niderland millisinin üzvü Castin Klyuvert 1990-cı illərin sonlarında Avropa futbolunun aparıcı hücumçularından olmuş Patrik Klyuvertin oğludur. Patrik Klyuvert 1998-ci il dünya çempionatında Niderland millisinin yarımfinala yüksəlməsində mühüm rol oynayıb.

Fransa millisinin hücumçusu Markus Türamın atası Liliyan Türam 1998-ci ildə Fransanı dünya çempionluğuna yüksəltmiş əsas futbolçulardan biridir.

Argentina millisində də ailədəki futbol ənənəsini davam etdirən oyunçular yer alır. Onlardan biri Culyano Simeonedir. Atası Dieqo Simeonen Argentina millisinin kapitanı olub.

Argentina yığmasının digər üzvü Niko Pas isə 1998-ci il dünya çempionatında Argentinanın heyətində yer almış Pablo Pasın oğludur.

Turnirin maraqlı simalarından biri Əlcəzair millisinin qapıçısı Luka Zidandır. O, Fransa futbolunun canlı əfsanəsi, 1998-ci ilin dünya çempionu Zinədin Zidanın oğludur. Zinədin futbol tarixinin ən böyük oyunçularından sayılır.

ABŞ millisində də futbolçu ailələrinin nümayəndələri az deyil. Covanni Reyna dörd dünya çempionatında iştirak etmiş sabiq kapitan Klaudio Reynanın oğludur.

Timoti Vea isə Afrika futbolunun məşhur simalarından olan, vaxtilə “Qızıl top” mükafatını qazanmış Corc Veanın övladıdır.

ABŞ yığmasının yarımmüdafiəçisi Sebastian Berhalterin atası Qreq Berhalter də bir zamanlar ölkə millisində çıxış edib, sonralar isə yığmanın baş məşqçisi olub.

İsveç millisinin üzvü Entoni Elanqanın atası Cozef Elanqa müxtəlif Avropa klublarında oynayıb.

Cənubi Koreya millisinin müdafiəçisi Li Te-Sok millinin keçmiş üzvü Li Yıl-Yonqun oğludur.

Dünya futbol çempionatları 1930-cu ildən bəri hər dörd ildən bir təşkil edilir. (İkinci Dünya müharibəsi ilə əlaqədar 1942 və 1946-cı illər istisna olmaqla).

1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya, 1966-cı ildə İngiltərə, 1978, 1986 və 2022-ci illərdə Argentina, 1998 və 2018-ci illərdə Fransa, 2010-cu ildə İspaniya dünya çempionu olub.

İyulun 11-dən start götürən 23-cü dünya futbol çempionatına ABŞ, Kanada və Meksikanın ev sahibliyi edir. Çempionatda 48 komanda 12 qrupa bölünüb. Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alır.

Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA reytinqində yeri.

23-cü dünya futbol çempionatının qrup mərhələsində üç turun ikisi geridə qalıb. Qrup mərhələsi iyunun 28-də bitir. 1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun