Medianews.az
Moskva ilə İrəvan arasındakı “davalı kino” və
87 baxış

Moskva ilə İrəvan arasındakı “davalı kino” və Kremldən “sezon finalı” anonsu

Ermənistana hələ də taxıl və gübrə yollayan Rusiya hələlik Nikol Paşinyanın seçki qələbəsinə görə iki kəlməlik təbrik göndərməyib. Bu faktın özü təəccüb doğurur. Amma görünür əldə olunan bəzi anlaşmalar var, əks təqdirdə, Kreml elə ermənilərin taxılını kəsərdi ki, xalq hakimiyyətə qarşı kütləvi üsyana qalxsın, Nikol Paşinyanı devirsin.

Görün arxayınlıq nə qədərdir ki, Paşinyan açıq şəkildə çağırış edir: “Məni istəmirsinizsə, ayağa qalxın, devirin!”

Deməli, 1 aprel görüşündə Ermənistan hakimiyyətinin hansı məsafəyədək Kremldən uzaqlaşa biləcəyinin xəritəsi cızılıb, tərəflər “yol xəritəsi”nin surətini qovluqlarına qoyub, ayrılıblar. Əks təqdirdə, sanksiyalar yalnız ərik, bibər, xiyar-pomidor, yaxud “Cermux”la məhdudlaşmazdı.

Diqqət edin, Avropa təşkilatları Rusiyanın Ermənistana sanksiya xəbərini alar-almaz İrəvan üçün yardım paketini qəbul etməyə başladılar. Təkcə Avropa Komissiyası “öz boğazından kəsib”, Ermənistana 34 milyon avro ayırdı. Bundan əvvəl Avropa Sülh Fondu 30 milyon yollamışdı. O tərəfdən ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) Direktorlar Şurası Amerika və Ermənistanın birgə müəssisəsi olan “TRIPP Development Company”nin yaradılmasını təsdiqlədi. Rəsmi açıqlamaya əsasən, layihə ümumi dəyəri 2,5 milyard dollar olan strateji investisiyalar paketinə daxil edilib. Avropa İttifaqı neçə ildir ki, Ermənistana 2,5 milyard avroluq dəstək paketinin qəbul ediləcəyi anonsunu edir. 2024-cü ilin yazında Brüsseldə keçirilən toplantını da unutmamışıq: o zaman ABŞ Ermənistana 65 milyon, Avropa İttifaqı isə 270 milyon avro qrant ayıracağını elan etdi. Hələ ayrı-ayrı Qərb fondlarından Ermənistana “vətəndaş cəmiyyəti” adı altında ayrılan milyonları demirik. Bir sıra hallarda Cənubi Qafqaz ölkələri üçün nəzərdə tutulan vəsaitin böyük hissəsi Ermənistana axır. Beləcə, Ermənistanı “dollar və avro yağışı”na tuturlar. Rusiyanın Ukrayna bataqlığında olması, hətta sanskiyalardan yayınması baxımından Ermənistana ehtiyac duyulmasından Paşinyan hakimiyyəti ciddi şəkildə faydalanır. Bundan Kremlin məlumatı yoxdurmu? Əlbəttə, var. Rusiya rəhbərliyi Ermənistanın bütün şıltaqlıqlarına və həm də oyunbazlığına dözür ki, öz maraqları da təmin olunsun. Deyək ki, “demokrat” Paşinyan Avropaya inteqrasiya tamaşası qurmadı, bu halda nə Rusiyadan pul gələcək, nə də Avropadan. Amma Rusiya ilə “soyuq müharibə” tamaşası bir yandan Kremlin gizli maraqlarını təmin edəcək, digər tərəfdən də tarixi forposta pullar axacaq. Necə ki, axır...

Rusiya ilə Ermənistan arasında görün necə gərginlik var ki, 2026-cı ilin ilk üç ayında 42 mindən çox Ermənistan vətəndaşı işləmək məqsədilə Rusiyaya səfər edib. 2026-cı ilin yanvar-mart aylarında isə Rusiyaya işləmək üçün daxil olan Ermənistan vətəndaşlarının sayı 42 min 366 nəfər olub. 2025-ci ilin eyni dövründə bu göstərici 45 min 526 nəfər təşkil edib. Əgər gerçəkdən ciddi gərginlik var idisə, məntiqlə cari ilin statistikası qat-qat aşağı olmalı idi. Amma...Ümumilikdə 2026-cı ilin birinci rübündə Rusiyaya gedən Ermənistan vətəndaşlarının sayı 112 min 741 nəfər olub. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 125 min 143 nəfər olub. Yenə də uzağı 11 minlik fərqdən söhbət gedir. Rusiyaya səfər edənlərin 3,2 min nəfər təhsil almaq üçün yollanıbsa, bu faktın özü çox şey deyir. Deməli, onlar öz taleyini Rusiyaya bağlayan şəxslərdir. Düşmən ölkəyə münasibət beləmi olardı?

Görək Paşinyanın “inteqrasiya etmək istədiyi” Avropa ölkələrinə neçə Ermənistan vətəndaşı üz tutub? Statistika açıqlanmır. Amma fərqin yerdən göyədək olmasına şübhə yoxdur. Bütün gərginliklərə rəğmən, ermənilər öz taleyini Rusiyaya bağlayır. Həm də Gürcüstan nümunəsi var axı...Ermənistan indi-indi Avropaya getmək istəyirsə, Gürcüstan oradan qayıdır. “Duza getmək” misalı yada düşür...

Rusiya prezidentinin köməkçisi Dmitri Peskovun son açıqlamasına diqqət edin: “Hazırda İrəvan öz inkişaf yolunu seçmək prosesindədir ki, bu da Moskva üçün vacibdir, çünki Rusiya və Ermənistan qardaş ölkələrdir”.

Bəli, nə qədər “gərginlik” fonu yaradılsa da, “qardaş ölkə” ifadəsini vaxtaşırı səsləndirirlər. Həm də “tarixi bağlılıq” və s. Ermənilərin yadına salırlar ki, sizi biz siz elədik, yoxsa...Ona görə haylar nə qədər dönük olsalar da, xüsusən son illər reallığı qəbul etməkdən ayrı əlaclarının olmadığını anlayırlar. Avropa köməyə yetişincə, Rusiya Ermənistanın daşının üstündə daş qoymaz, bunu bilirlər.

Peskov daha sonra belə deyib: “Biz görürük ki, Ermənistan və onun rəhbərliyi indi yol ayrıcındadır. Ermənistan rəhbərliyi qarşıdan gələn inkişaf yolu seçimindən danışır. Bu, bizim üçün vacibdir, çünki uzun əsrlər boyu Rusiya və Ermənistan qonşu, qardaş ölkələr olub”.

Bu, həm də qarşıdakı günlərdə Kremldən İrəvana təbrik mətninin, yaxud da Rusiya prezidentinin şəxsən Paşinyanla telefon danışığının olacağının anonsu da sayıla bilər. Birbaşa prezident Putinin mövqeyini çatdıran Peskov “Biz əminik ki, bu inteqrasiya prosesi, yəni Aİİ hər il Ermənistanın ÜDM-in artımına əhəmiyyətli faiz töhfə verir. Və biz əminik ki, bütün keyfiyyət xüsusiyyətlərinə görə bizim inteqrasiya prosesimiz digər alternativləri əhəmiyyətli dərəcədə üstələyir”, - deməklə İrəvana Avropa “havası”na uyub, “cızığından çıxmamaq”la bağlı xatırlatma etmiş olub. Və: “Ermənistanla münasibətlərimizi davam etdirəcəyik. Bizim çoxlu ortaq cəhətlərimiz var. Biz Ermənistanda əhəmiyyətli sərmayəçiyik. Ona görə də görüləsi işlər çoxdur və əlaqələr bundan sonra da inkişaf edəcək”.

Deməli, Paşinyan üçün əlvida, Avropa İttifaqı! Əslində Nikol Paşinyan ölkəsində Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirmək, həmçinin Avrasiya İqtisadi İttifaqından çıxmaq planının olmadığını açıq mətnlə bildirmişdi. Üstəlik, çox uzağa gedərək Aİİ-nin növbəti toplantısında şəxsən iştirak edəcəyini bildirmişdi.

Düzdür, Kreml bundan əvvəl bəyan etmişdi ki, İrəvanın Avropa İttifaqı ilə inteqrasiya istəyi onun suveren hüququdur, lakin Ermənistan bunu Aİİ ölkələrinin hesabına edə bilməz və etməməlidir. Yəni həm “hüquq azadlığı”, həm də dəyənək! “Dərisi soyulan qardaş” misalını da tez-tez çəkirlər, Ukraynanın timsalında…

Hətta mayın 9-da – İrəvandakı Avropa “küləyi”ndən sonra Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında bəyan etmişdi ki, İrəvan “ağıllı boşanma” ehtimalına imkan verərək, Aİ və ya Aİİ üzvü olmaq barədə mümkün qədər tez qərar verməlidir. Paşinyan isə cəmi iki gün sonra, 11 mayda demişdi ki, Ermənistan Aİİ-nin tamhüquqlu üzvü olaraq qalır və referendumun keçirilməsi yalnız “obyektiv ehtiyac” olduğu halda mümkün olacaq. Bunun ardınca Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Ermənistan Aİ standartlarına keçid üzərində işləyir və ölkə texniki reqlamentlərə dəyişiklik etməyə başlasa, “bu, Aİİ üçün müəyyən təhlükələr yaradacaq”.

Mayın 29-da Astanada keçirilən Aİİ sammitində üzv dövlətlərin liderləri birgə bəyanatla çıxış ediblər və bu bəyanatda digər məsələlərlə yanaşı, Ermənistanda Aİ-yə daxil olmaq və ya Aİİ-də qalmaq üçün mümkün qədər tez bir zamanda referendum keçirilməsinə çağırıb. Astanada keçirilən Aİİ sammitindən sonra Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ÜDM-in 14%-ni itirə bilər.

Yeri gəlmişkən, Rusiyada yaşayıb, işləyən ermənilər hər il Ermənistana orta hesabla 4 milyard dollar vəsait göndərirlər. Bu rəqəm Ermənistanın illik ÜDM-nin (29,2 milyard dollar) təxminən 13,2%-nə bərabərdir. Paşinyan ölkəsinə göndərilən rus pulundan niyə imtina etsin ki? Ona pul lazımdır, fərqi nədir, Avropa, ABŞ, ya Rusiyadan? Görək hind filmlərinə bənzəyən bu “davalı” kino haraya qədər davam edir…Əslində Peskov “sezon finalı”nın anonsunu verib…

Elşad PAŞASOY

Bizə qoşulun