Medianews.az
Ədəbi mühitdə durğunluq:
603 baxış

Ədəbi mühitdə durğunluq: Debatlar və təqdimatlar niyə azalıb? – Yazıçılar arasında SORĞU

Hazırda ədəbi mühitdə yazıçılar arasında aktiv proseslərin zəiflədiyi, debatların və kitab təqdimatlarının isə kifayət qədər azaldığı müşahidə olunur. Ədəbiyyatın inkişafı üçün mühüm hesab edilən fikir mübadiləsi və ictimai müzakirələr əvvəlki dinamikanı itirib. Bu vəziyyət yaradıcılıq mühitinin genişlənməsinə və yeni ədəbi tendensiyaların formalaşmasına da müəyyən dərəcədə təsir göstərir. Belə olan halda, ədəbi proseslərin canlandırılması üçün hansı addımlar atılmalıdır və bu istiqamətdə məsuliyyət kimlərin üzərinə düşür?

Mövzu ilə bağlı Medianews.az qələm əhli arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Xalq şairi Sabir Rüstəmxanlı:

“Ədəbi mühitdə əsas məsələ yazıçıların bir-biri ilə münasibətləri deyil, yaradıcılıq prosesinin özüdür. Ədəbiyyatın taleyi yazıçıların şəxsi əlaqələri ilə ölçülməməlidir. Əsas proses yazı masasında, yazıçının iş otağında gedir. Bu mənada yaradıcılıq prosesi yeraltı çaylara bənzəyir. Mehdi Hüseynin dediyi kimi, həmin yeraltı çaylar daim qaynamaqdadırsa, bir gün mütləq dənizə axacaq. Əgər proses bu şəkildə davam edirsə, deməli, hər şey yaxşıdır. Yazıçı sakit şəkildə öz yaradıcılığı ilə məşğul olmalı, ədəbi prosesin müzakirələrinə isə zərurət yarandıqca qoşulmalıdır. Bu gün Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda, Yazıçılar Birliyinin Natəvan klubunda və Atatürk Mərkəzində kitab təqdimatları və müzakirələr keçirilir, lakin əsas məsələ təqdim olunan əsərlərin keyfiyyətidir. Ədəbiyyatın inkişafı üçün ictimai müzakirələr, fikir mübadiləsi vacibdir. Amma bəzən bu proses yalnız kitab təqdim edib keçməkdən ibarət olur. Təqdim olunan əsərlərin janrı, bədii keyfiyyəti və ədəbiyyata gətirdiyi yeniliklər kifayət qədər müzakirə edilmir”.

Xalq şairi 1970-80-ci illərdə Bakıda kitabxanalarda fəaliyyət göstərən ədəbiyyat dərnəklərini də xatırladıb:

“Həmin dərnəklərə Cabir Novruz, Tofiq Bayram, Söhrab Tahir, Tofiq Mütəllibov kimi tanınmış ədiblər rəhbərlik edirdi və gənclər burada yeni şeirlərini oxuyur, ciddi müzakirələr aparırdılar. Bu müzakirələr təkcə ədəbiyyat deyil, həm də Azərbaycanın gələcəyi ilə bağlı fikir mübadiləsi idi. Xüsusilə Güney Azərbaycan məsələsi tez-tez gündəmə gəlirdi. Həmin dərnəklər ədəbiyyatın inkişafında mühüm rol oynayıb”.

Sabir Rüstəmxanlı əlavə edib ki, bu ənənələri yaşatmaq vacibdir:

“Yazıçılar bir-birinin əsərlərini oxumalı, ədəbi mühit canlandırılmalıdır. Təəssüf ki, bu gün çoxları yalnız öz yazısı ilə məşğuldur. Oxucular da adətən Azərbaycan ədəbiyyatını kifayət qədər oxumadan tənqid edirlər. Oxumadan tənqid etmək düzgün deyil. Ədəbiyyatımızda çoxlu dəyərli əsərlər var, onların müzakirəsi genişlənməlidir”.

Yazıçı Fəxri Uğurlu:

“Doğrusu, mən kitab təqdimatlarının azaldığını hiss eləmirəm, bəlkə də hələ “normadan” artıqdır. Əksinə, cavan dostlarım məni tez-tez danlayırlar ki, təqdimatların çoxuna gəlmirsən, yeni çıxan kitabların çoxunu oxumursan, oxuduqlarını da tərifləmirsən. Mən də onları inandırmağa çalışıram ki, işdən-gücdən, məişət, səhhət qayğılarının ucbatından vaxtım çox qalmır, özüm də yaşlanmışam, beynim də, vücudum da tez yorulur. Mən yaşa çatmağın bircə faydası var ki, bol təcrübə toplayırsan, hər deyilənə, hər yazılana inanmırsan. Mən indi bu yaşımda kitabın üz qabığına baxanda içində nə olduğunu görürəm. Bir müəllifin istedad dərəcəsindən, intellektual səviyyəsindən halı olmaq üçün çox vaxt onun kitabını başdan-ayağa oxumaq lazım gəlmir. Bəzən üçcə cümlə də bəs eləyir. O ki qaldı diskussiyalara, mən istər özümdən yaşlı, istərsə də özümdən cavan dostlarımla, qələm yoldaşlarımla tez-tez ədəbi polemikalara girirəm. Bəzən lap gərgin müzakirələr aparırıq, bir-birimizi  inandırmağa çalışırıq. Əgər bu polemikalar geniş auditoriyaya çatmırsa, bu, bizim günahımız deyil. Ədəbiyyat, sənət yönümlü media istəsə, bu işləri asanlıqla təşkil eləyə bilər”.

Yazıçı, şair Həmid Herisçi:

“İndi, ədəbiyyat dövrü deyil, antiədəbiyyat zamanıdır. Şeir yox, antişeir vaxtıdır. Gərək antişeir yazasan, şeirin vaxtı keçdi. Şairlər ictimai-siyasi mövzuları özlərinə sığışdırmırlar. Boşluğu meyxanaçılar, reperlər qəsb edib.

Bu cür antişeirlər yazsaq, cəmiyyət bizə tərəf baxar:

Bu ölkədə,
bəlkə də,
arvadların yazdığı cadu duası,
restoranlardakı kələm, yarpaq dolması,
"Qarabağ" futbolçularının
diz yarası,
Şəki halvası,
hətta Qafqaz Müsəlmanları İdarəsində
mollaların yaşıl çalması,
"Qapaz.info" xəbər agentliyinin ikiəlli qapazı,
Ayfonun dişlənmiş alması,
Beynəlxalq Valyuta Fondundan alınmış kreditlərin
son tranşı
eyni qaydayla
qatlanır, bağlanır, sarınır,
bükülür...

Gözlərimizin yaşı tökülsə də,
Böyrəklərimizin daşı
tökülmür!!!

Şair, tarixçi Nicat Mədətli:

“Bütün bu proseslərin zəifləmə səbəbi texnologiyanın sürətli inkişafı və bunun nəticəsində də insanların hal-hazırdakı maraq dairələrinə xitab edən yeni cərəyanların formalaşmasıdır. Ədəbiyyat və digər sənət sahələri nəinki əvvəlki dinamikalarını hətta öz təbii xüsusiyyətlərindən bəzilərini də itirmişdir. Artıq insanlar öyrənmək və fərqli dünyalar haqqında məlumat əldə etmək üçün ədəbiyyata yiyələnmək yerinə, texnologiyanın təqdim etdiyi daha əlçatan və fərqli vizual vasitələrdən istifadə edirlər. Lakin, hər yeni ixtira doğru yol demək deyildir. Ədəbiyyat əvvəlki xüsusiyyətlərinə yenidən qovuşmalı, insanlarda bu sahəyə olan maraq yenidən oyandırılmalıdır. Bunun üçün ədəbiyyatın inkişafı üçün çalışanlar mükafatlandırılmalı və onlara dəyər göstərilməlidir. Bəhs etdiyimiz tədbirləri isə Mədəniyyət Nazirliyi tək başına deyil, Elm və Təhsil Nazirliyi ilə (və onlara daxil olan qurumlar ilə) birlikdə həyata keçirməlidirlər”.

Oğuz Ayvaz

Medianews.az

Bizə qoşulun