Medianews.az
Abşeron səmasında nadir meteoroloji hadisə -
275 baxış

Abşeron səmasında nadir meteoroloji hadisə - VİDEO

Bu gün saat 15-dən sonra Bakı və Abşeron yarımadasına güclü yağış və dolu yağmağa başlayıb.

Medianews.az xəbər verir ki, Abşeronda səmada məməvari buludlar müşahidə olunub.

Məməvari bulud adı latın dilindəki "mamma" (döş, məməcik) sözündən götürülüb.

Azərbaycan dilində bu buludlara bəzən yelin buludları və ya kisəvari buludlar da deyirlər.

Məməvari bulud - buludun aşağı hissəsində kisəyə və ya məməciyə bənzər sallanan strukturların formalaşdığı nadir və vizual olaraq heyranedici bir meteoroloji hadisədir.

Məməvari bulud varsa, bu artıq güclü fırtına göstəricisidir. Belə ki, məməvari buludlar çox vaxt güclü tufan, ildırım və qasırğa gətirən nəhəng “cumulonimbus” (topa-yağış) buludlarının aşağı qatlarında yaranır.

Adi buludlar havanın yuxarıya doğru qalxması ilə formalaşdığı halda, məməvari buludlar soyuq və rütubətli havanın aşağıya doğru çökməsi (enən hava axınları) nəticəsində yaranır. Adətən güclü tufanlar və ya ildırımlı hava şəraiti zamanı, soyuq havanın aşağı enərkən buludun alt hissəsində torbalar yaratması ilə əmələ gəlir.

Məməvari buludlar qısaömürlüdür. 10-15 dəqiqə, nadir hallarda bir neçə saat görünür və sonra yox olur.

Təyyarələr üçün təhlükəlidir, çünki səbəb olduqları güclü turbulentlik (hava burulğanı) səbəbindən pilotlar bu buludların olduğu zonalardan uzaq durmağa çalışırlar.

Məməvari buludların özü birbaşa dolu yağdırmır, lakin o, səmada dolunun yaranmasına səbəb olan çox güclü bir fırtınanın yaxınlıqda olduğundan xəbər verir. 

Medianews.az

Bizə qoşulun