Medianews.az
Azərbaycan haqda dezinformasiya: kimlər yayıb, məqsəd nədir?
198 baxış

Azərbaycan haqda dezinformasiya: kimlər yayıb, məqsəd nədir?

“CNN World” beynəlxalq aləmdə nüfuzlu xəbər kanalı hesab olunur. Bu səbəbdən həmin xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi və guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialara inananlar da tapıla bilər. Halbuki həmin xəbər tamamilə əsassız və təxribat xarakterlidir.

Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların əsassız olduğu dəfələrlə rəsmi səviyyədə bəyan edilib.

Maraqlıdır ki, Azərbaycan Xarici İşlər Nazirliyinin CNN-in sorğusuna cavab olaraq məlumatın əsassız olduğu redaksiyaya təqdim edilsə də, bu kanal “anonim mənbələrə” əsaslanaraq dezinformasiyanı yaymağa üstünlük verib. Demək, “anonim mənbə” xəbərin yayılmasında israrlı olub və CNN bu israra tabe olub. Hansı mərkəzlər İsrailnin guya Azərbaycan ərazisindən istifadə etməklə İrana qarşı əməliyyatlar həyata keçirməsi barədə dezinformasiyanın yayılmasında maraqlı ola bilər?

ABŞ Prezidenti Donald Trampın CNN kanalına münasibəti mənfidir, Ağ ev sahibi bu kanalı daima dezinformasiya yaymaqla ittiham edir. Elə Azərbaycana aid yayılan xəbər də bunun təsdiqidir. Buna baxmayaraq, “anonim mənbənin” ABŞ rəsmi strukturlarına bağlı olduğu ehtimalını diqqətdən qaçırmaq olmaz.

“Anonim mənbənin” dezinformasiya yaymaqda məqsədi İran-Azərbaycan münasibətlərini gərginləşdirmək olub. İranın mühafizəkar dairələri və onlara bağlı saytlar CNN-in yaydığı “xəbərdən” əvvəl də İsrailin guya Azərbaycan ərazisindən istifadə etməsinə dair dezinformasiyalar yayırdılar. İndi həmin dairələr CNN-ə istinad edərək, bizə qarşı “düşmən dövlətin xəbər kanalı da biz deyənləri təsdiq etdi” kimi ittihamlar səsləndirəcəklər. Demək, “anonim mənbə” kimdirsə və ya kimlərdirsə, məhz İran mühafizəkarlarının Azərbaycana qarşı dezinformasiyalarının yayılmasının davamında maraqlıdırlar.

Azərbaycan Xarici İşlər Nazirliyi “CNN World”ün “anonim mənbəyə” istinadən yaydığı xəbəri təkzib edən bəyanat yayıb. Azərbaycan XİN-in bəyanatı “CNN-dən əsassız iddiaların yayıldığı bu məqalənin təkzib edilməsini gözləyirik” cümləsi ilə bitib. CNN-in dezinformasiyasında Azərbaycanla yanaşı İsrailin adı çəkildiyinə görə bu ölkənin Xarici İşlər Nazirliyinin də CNN-in məlumatını təkzib etməsinə ehtiyac var. Bu halda CNN-in “anonim mənbəyə” istinadən yaydığı xəbəri təkzib etməkdən başqa seçimi qalmayacaq. Əks halda CNN-ə istinad edənlərin sayı arta bilər.

Elxan Şahinoğlu,
politoloq

Bizə qoşulun