Medianews.az
Dəyişkən hava şəraitində immunitetimizi necə qorumalıyıq? –
137 baxış

Dəyişkən hava şəraitində immunitetimizi necə qorumalıyıq? – HƏKİM MƏSLƏHƏTİ

Bu yaz Azərbaycanda hava şəraiti tez-tez dəyişir. Bir gün qızmar günəş, növbəti gün isə intensiv yağışlar, dolu müşahidə olunur. Hava gah sakit keçir, gah da külək əsir.

Bəs bu cür qeyri-sabit hava şəraiti insanın immun sisteminə necə təsir göstərir? Havanın qısa müddətdə kəskin istiləşməsi və ya soyuması orqanizmdə hansı dəyişikliklərə səbəb olur? Temperaturun tez-tez dəyişməsi xəstəliklərə yoluxma riskini artırırmı? İmmun sistemimizi hava dəyişikliklərinə necə uyğunlaşdıra bilərik?

Mövzu ilə bağlı Medianews.az-a danışan terapevt Günay Lətifova bildirib ki, havanın qeyri-sabit keçməsi immun sistemi zəif olan insanlarda ciddi fəsadlara yol aça bilər. Onun sözlərinə görə, kəskin temperatur dəyişmələri orqanizmdə ani və qəfil reaksiyaların yaranmasına səbəb olur: “Əlbəttə, yoluxma dedikdə bura qlobal xarakter daşıyan epidemiya və ya pandemiyalar daxil deyil. Lakin qrip və bu kimi müxtəlif soyuqdəymə halları, təəssüf ki, belə havalarda daha tez-tez baş qaldırır. Bundan əlavə, artıq mövsümlə əlaqədar kondisionerlərdən istifadəyə də başlanıb və bu amili mütləq nəzərə almaq lazımdır. İsti havadan gəlib tərli vəziyyətdə birbaşa kondisioner qarşısında əyləşmək, eləcə də cihazın təmizliyinə riayət etməmək xəstəliklərə zəmin yaradır. Bu cür kəskin "soyuq-isti" keçidləri orqanizmi sarsıdır və onu zəiflədir”.

Həkim qeyd edib ki, hava dəyişkənliyinin yaratdığı mənfi təsirlərdən qorunmağın və orqanizmin müqavimətini artırmağın bir neçə qaydası var: “İlk növbədə hava şəraitinə uyğun geyinmək mütləqdir. Xüsusilə səhər işə gedib, axşam qayıdan şəxslər günün sonuna doğru havanın soyumasını nəzərə almalı və özləri ilə mütləq üst geyimi götürməlidirlər. Həmçinin orqanizmin su balansını qorumaq üçün gün ərzində bol maye içilməlidir. Rasionda meyvə-tərəvəzlərə xüsusi yer verilməlidir. Ehtiyac olarsa, həkim tövsiyəsi və nəzarəti altında qida əlavələri və vitaminlər qəbul edilə bilər.

Gözlənilməz hava şəraitində bu qaydalara əməl etdikdə orqanizm öz daxili tarazlığını qoruyur, həmçinin müxtəlif infeksiya və viruslara qarşı daha dözümlü və dayanıqlı olur”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun