Medianews.az
Putindən Paşinyana “təbrik” ZƏNGİ –
71 baxış

Putindən Paşinyana “təbrik” ZƏNGİ – 7 iyun DƏRSİ

Möcüzə baş vermədi. Ermənistanda seçici çoxluğu Nikol Paşinyanın partiyasını yenə qalib edib, ona təkpartiyalı hökumət qurmaq şansı tanıdı. Yola davam üçün 3-cü dəfə mandat verdi. 44 günlük müharibədən (2020) sonra isə 2-ci, Qarabağda antiterror əməliyyatından (2023) sonra isə İLK dəfə.

Sonuncu məqam üzərində xüsusi dayanmağa ehtiyac var. Bu, o anlama gəlir ki, erməni cəmiyyəti artıq “Dağlıq Qarabağ problemi”nin keçmişdə qalması fikri ilə böyük ölçüdə barışıb və Paşinanın “Qarabağ hərəkatına davam Ermənistanın müstəqilliyinə təhlükədir” tezisini qəbul edir (60%-lik seçici fəallığı yetərincə yüksək sayılır). Demək, radikal-revanşist müxalifətin və onu qızışdıran xarici qüvvələrin, özəlliklə Rusiyanın yaxın illərdə “vurulmuş kart”dan istifadəsi mümkün olmayacaq.

Şübhəsiz, Paşinyanın partiyasının qələbəsində Rusiya amili də az rol oynamadı. O mənada ki, son seçkilər Moskvaya inam-etimadın hələ də aşağı olduğunu göstərdi. Kremlin Ermənistana qarşı meyvə-tərəvəz təhdidləri, konyakla şantajı da işə yaramadı və hətta toplumda qıcıq və əks-effekt yaratdı. Odur ki, Rusiya da nəticə çıxarmalıdır...

Uduşda olan əlbəttə ki, həm də Azərbaycan və Türkiyədir. Bölgədə daimi sülh və əməkdaşlıqda maraqlı olan digər qüvvələr, ölkələrdir. ABŞ başda olmaqla Qərbdir.

Beləcə, Bakı və İrəvan yekun sülh sənədinin imzalanmasına bir az da yaxınlaşdı. Qalır son və yekun addımı atmaq – Ermənistanda təzə konstitusiyanı referendumla təsdiqləmək. Harda ki, Azərbaycana və Türkiyəyə ərazi müddəaları yer almayacaq.

Doğrudur, bu, asan olmayacaq. Ancaq 7 iyun seçkiləri uğurlu yekun üçün artıq əlverişli və tarixi zəmin yaradıb. Nikol indi cəmiyyətlə, xüsusən də onun laqeyd təbəqəsi ilə daha səmərəli, daha inamla işləmək, ictimai rəyi müvafiq nəticəyə kökləmək şansı əldə edib. Ümid edək ki, təkrar referendum keçirməyə lüzum qalmayacaq. Yada salaq, Paşinyan ehtiyac olsa, buna da gedəcəyini bəyan edib...

Ermənistan həm də tələsməlidir. Çünki nə qədər sülh sənədi tez imzalansa, Azərbaycan və Türkiyə ilə sərhədlər bir o qədər tez açılar, iqtisadi-ticari əlaqələr tez qaydaya düşər, nəticədə Rusiyadan asılılıq zəifləyər. Bunu hamıdan yaxşı indi Paşinyan bilir. Bunu, həmçinin, seçkilər ərəfəsində Moskvanın qaba davranışı diktə edir.

Zaman-zaman yazmışıq və bunu üzücü konfliktin tarixi də dönə-dönə sübut elədi ki, Ermənistan adlı dövlətin varlığına ən güclü zəmanəti məhz qonşu Türkiyə və Azərbaycan verə bilər, nəinki qonşu olmayan böyük güclər – Rusiya, ABŞ və ya Avropa Birliyi.

7 iyun səsverməsi bu yöndə unikal fürsət pəncərəsi açır. Ümumiyyətlə, ermənilər millət olaraq nəhayət, normal inkişaf yoluna çıxmaq istəyirsə, axmaq ideyalara həmişəlik “yox” deməli, ağa axtarışına son qoymalıdırlar – istər Rusiya olsun, istərsə də ABŞ və ya Avropa Birliyi. Əks təqdirdə labüd olaraq, köhnə bataqlığa qayıdacaqlar...

İndi ən intriqalı gözlənti Kremlin ötən bazar seçkilərinin nəticələrini “həzm” edib-etməyəcəyi ilə bağlıdır. Putin seçkilərin legitimliyini tanıyacaqmı? Az öncə ad günü münasibətilə zəng edib təbrik elədiyi Paşinyanı bu dəfə seçkilərdəki parlaq qələbəsi münasibətilə təbrik edəcəkmi? Hər halda, bu, formal da olsa, KTMT, AİB üzrə müttəfiq ölkənin – Ermənistanın xalqının suveren seçimi.

Daha mühümü odur ki, Moskva 7 iyun şokundan gərəkən dərsi götürməli, postsovet ölkələrinə yuxarıdan-aşağı baxmaq siyasətindən, “balta” ilə işləməkdən əl çəkməlidir. Çəkəcəkmi? Paşinyanın qələbəsinə münasibətdən görəcəyik...

Z.SƏFƏROĞLU

Bizə qoşulun