UFC Şöhrət Zalının üzvü, yarımağır və ağır çəkidə sabiq çempion Daniel Kormye Con Consla mümkün güləş görüşü barədə açıqlama verib.
Medianews.az İdman.Biz-ə istinadən bildirir ki, amerikalı sabiq döyüşçü Consun onunla güləş qarşılaşmasına razılıq vermədiyini bildirib.
Kormyenin sözlərinə görə, tərəflərə bu görüş üçün yeddi rəqəmli qonorar təklif olunub:
"Con istəyirdi ki, görüşdə ağrıdıcı və təslim etmə fəndlərinə icazə verilsin. Mən isə dedim: "Yox, buna getməyəcəyəm. Biz elə bir görüş keçirməliyik ki, xallar hesablansın və səkkiz dəqiqədən sonra qalib bəlli olsun". Buna görə razılaşmadım.
Mən həmişə Consu 10:0 hesabı ilə məğlub edəcəyəm. Bunu mən də bilirəm, Cons da bilir. Məni bu güləş görüşünə təhrik etməyin. 47 yaşımda onu 10:0 udacağam. Problem də budur: mən bilirəm ki, onu 10:0 məğlub edəcəyəm, o da bunu bilir. Buna görə mənimlə bu görüşə razılıq verməyəcək".
Kormye böyük qonorar təklifinin onu maraqlandırdığını gizlətməyib:
"Bizə bu görüş üçün təklif olunan məbləğ yeddi rəqəmlidir. Güləş görüşü üçün! Mənə belə qonorara güləşməyi təklif edirsinizsə, bütün günü buna hazıram".
Qeyd edək ki, Cons və Kormye UFC tarixinin ən prinsipial rəqiblərindən sayılırlar. Onlar ilk dəfə 2015-ci ildə UFC 182 turnirində üz-üzə gəliblər. Həmin döyüşdə Cons hakimlərin yekdil qərarı ilə qalib gəlib. 2017-ci ildə UFC 214-də keçirilən revanşda isə Cons Kormyeni nokauta salsa da, dopinq testi müsbət çıxdığı üçün nəticə ləğv edilib və döyüş baş tutmamış sayılıb.