Medianews.az
Azərbaycanda abort qadağan olunsunmu? –
248 baxış

Azərbaycanda abort qadağan olunsunmu? – FİKİRLƏR HAÇALANIR, ÇIXIŞ YOLU NƏDƏDİR?

Azərbaycan qanunvericiliyi hamiləliyin 12 həftəsinə qədər aborta icazə verir. Xüsusi hallarda 12-28 həftə arasında da abort qanunidir.

Dünyanın bəzi ölkələrində aborta münasibət daha sərtdir. 20-dən çox ölkədə, o cümlədən Andorra, Malta, Salvador, Honduras, Seneqal və Misirdə istənilən halda abort qadağandır, istisna yoxdur.

50-dən çox ölkədə isə aborta yalnız qadının fiziki və psixi sağlamlığı risk altında olanda icazə verilir. Bu ölkələr sırasında İran, Pakistan, Malayziya, İsrail, Monako, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Kamerun, Keniya, İndoneziya, Mərakeş, Madaqaskar, Liviya, Tanzaniya, Uqanda, Venesuela, Boliviya, Peru, Kolumbiya da var.

Braziliyada abort yalnız zorlama, ananın həyatı üçün təhlükə və dölün anensefaliya (baş beynin və ya kəllə sümüyünün bir hissəsinin olmaması) diaqnozu olanda leqaldır. Bunun üçün qadın bir həkimdən və ən azı üç tibb ekspertindən icazə almalıdır.

Polşada aborta yalnız zorlama, insest (yaxın qohumlar arası cinsi əlaqə) halları aşkar edildikdə və ya ananın həyatı təhlükədə olanda icazə verilir.

Azərbaycanda bəzi ekspertlər hesab edirlər ki, abortla bağlı hazırkı qanuni tələblər sui-istifadələrə, süni müdaxilələrə, konkret desək, selektiv abortlara da yol açır.

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda doğulan körpələrin 53,8 faizi oğlan, 46,2 faizi qız olub. Dövlət müstəqilliyimizin bərpa olunduğu 1991-ci ildə Azərbaycanda hər 1000 kişiyə 1048 qadın düşürdüsə, 2025-ci ildə hər 1000 kişiyə 1009 qadın qeydə alınıb.

Hazırda ölkəmizdə qadınların sayı kişilərdən çox olsa da (Azərbaycan əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir), yeni doğulanlar arasında oğlanların çoxluq təşkil etməsini gələcəkdə cins balansının ciddi surətdə dəyişəcəyinə siqnal kimi qəbul edənlər var.

Son onilliklərdə ölkədə qadınların sayının azalmasını, indi isə doğulan körpələr arasında oğlanların üstünlük təşkil etməsini ilk növbədə selektiv abortlarla əlaqələndirən ekspertlər bu səbəbdən Azərbaycanda abort şərtlərinin ağırlaşdırılmasına, hətta tam qadağan olunmasına çağırırlar.

Doğrudanmı, Azərbaycanda abortla bağlı hazırkı qanunvericilik hamiləliyə selektiv müdaxilələrə yol açır?

Ölkəmizdə aborta icazə şərtlərinin ağırlaşdırılmasına, məhdudiyyətlərin artırılmasına, yaxud abortun tam qadağan edilməsinə zərurət varmı?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov Medianews.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə, xüsusilə "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əsasən, hər bir qadının hamiləliyin süni pozulması (abort) barədə fərdi qərar vermək hüququ var: “Qanun hamiləliyin 12-ci həftəsinədək olan dövrdə aborta qadının yalnız öz arzusu ilə icazə verir. 12 həftədən 22 həftəyə qədər olan dövrdə isə bu proses yalnız sosial və tibbi göstərişlər (məsələn, dölün patologiyası, zorakılıq faktı və s.) əsasında həyata keçirilə bilər. Məsələ burasındadır ki, müasir tibb elmində dölün cinsiyyəti ultrasəs müayinəsi (USM) vasitəsilə məhz 12-ci həftədən sonra tam dəqiq bəlli olur. Tibbi və sosial göstəriş olmadan, yalnız uşağın cinsinə görə 12 həftədən sonra edilən abortlar qanunsuzdur. Təəssüflər olsun ki, valideynlər USM vasitəsilə 12-ci həftədən sonra dölün cinsini öyrənir və əgər uşaq qızdırsa, sənədləşmədə bunu "arzuedilməyən hamiləlik" adı altında qələmə verərək aborta qərar verirlər. Mövcud qanunvericilik selektiv aborta birbaşa icazə verməsə də, icra mexanizmlərindəki boşluqlar bu cür hallara real şərait yaradır”.

R.Mahmudov qeyd edib ki, Qərb dünyasında abort məsələsi sadəcə tibbi prosedur deyil, fundamental insan və qadın hüquqlarının təməl daşı hesab olunur: “Lakin bu sahədə yanaşmalar tamamilə fərqlidir. ABŞ Ali Məhkəməsinin Roe Ueydə qarşı qərarını ləğv etməsindən sonra federal səviyyədə abort hüququ zəmanəti aradan qalxıb. Rəsmi ABŞ statistika orqanlarının və sosioloji mərkəzlərin hesabatlarına görə, hazırda ölkədə kəskin qütbləşmə mövcuddur: 13-dən çox ştatda abort tamamilə qadağan edilib, digər ştatlarda isə hamiləliyin 6-12-ci həftəsinədək ciddi məhdudiyyətlər qoyulub. Buna qarşı olaraq, Kaliforniya və Nyu-York kimi ştatlar abort hüququnu qadının öz bədəni üzərində suveren hüququ elan edərək xüsusi qorunma statusu verib. ABŞ-dəki vəziyyət sübut edir ki, siyasi qadağalar abortların ümumi sayını azaltmır, sadəcə qadınları prosedurun leqal olduğu digər ştatlara köçməyə (abort turizminə) məcbur edir.

Avropa İttifaqı daxilində abort əksər hallarda əsas insan hüququ kimi qəbul olunur. Fransa dünyada ilk dəfə olaraq abort hüququnu birbaşa konstitusiyaya daxil edib. Avropa Parlamenti də qadınların təhlükəsiz və leqal abort imkanlarını genişləndirmək məqsədilə xüsusi "My Voice, My Choice" (Mənim Səsim, Mənim Seçimim) təşəbbüsünü rəsmən dəstəkləyir.

Bununla belə, Polşa və Malta kimi ölkələrdə abort hələ də kəskin şəkildə məhdudlaşdırılıb və ya cinayət məsuliyyəti daşıyır. Polşada tətbiq edilən qadağalar rəsmi doğum göstəricilərini artırmayıb, əksinə, qadınların Çexiya və Almaniyaya getməsi ilə nəticələnən gizli "abort turizmi"ni stimullaşdırıb”.

R.Mahmudov xatırladıb ki, abortun qadın orqanizmi üçün ciddi travma olduğu və bir çox patologiyalara yol açdığı tibb elmində çoxdan sübut edilib: “Cərrahi müdaxilə zamanı uşaqlığın zədələnməsi, daxili qanaxmalar, infeksiyalaşma və hormonal pozuntular sonrakı dövrlərdə xroniki xəstəliklərə və iltihabi proseslərə səbəb olur.

Xarici ölkələrin təcrübəsindən aydın görünür ki, qanunvericilikdə qadağalar artdıqca, qadınlar tibbi nəzarətdən kənar, gizli və qeyri-leqal abortlara üz tuturlar. Bu zaman isə ana ölümü və sonsuzluq kimi ölümcül fəsadların baş vermə riski azı 4 dəfə artır.

Abortların, o cümlədən selektiv müdaxilələrin qarşısının alınmasında ən humanist, elmi və effektiv üsul qadağalar deyil, müasir kontrasepsiya (arzuolunmaz hamiləlikdən qorunma) mədəniyyətinin formalaşdırılmasıdır.

İnkişaf etmiş Avropa ölkələrində qadınların müasir ailə planlaması və kontraseptiv vasitələrdən (baryer üsulları, hormonal həblər, uşaqlıqdaxili vasitələr) istifadə göstəricisi 70-80 faizə çatır. Azərbaycanda isə bu rəqəm olduqca aşağıdır və təqribən 10 faiz civarındadır. Ölkəmizdə qadınların əksəriyyəti qorunma üsullarından xəbərsizdir və ya keyfiyyətli vasitələrə maddi əlçatanlığı yoxdur. Nəticədə abort bir ailə planlaması mexanizminə çevrilir ki, bu da tamamilə yanlış tətbiqdir.

Müasir kontraseptivlərin müntəzəm və savadlı tətbiqi arzuolunmaz hamiləliklərin sayını 95 faiz azaldır. Bu isə avtomatik olaraq abort statistikalarının, eləcə də selektiv abort ssenarilərinin kəskin şəkildə aşağı düşməsi deməkdir”.

R.Mahmudov hesab edir ki, Azərbaycanda abortun tam qadağan edilməsinə, yaxud qadının öz bədəni üzərindəki hüquqlarının əlindən alınmasına zərurət yoxdur: “Radikal qadağalar problemi kökündən həll etmir, sadəcə qadın ölümlərini artırır və qeyri-qanun bazarı stimullaşdırır”.

Ölkəmiz üçün çıxış yolunu qadağalarda deyil, kompleks islahatlarda görən R.Mahmudov əsas üç məqamı vurğulayıb:

  1. Müasir kontraseptiv vasitələr İcbari Tibbi Sığorta paketinə daxil edilməli, gənclər və aztəminatlı ailələr üçün pulsuz və ya güzəştli əlçatanlıq təmin olunmalıdır.
  2. Qadının seçiminə deyil, dölün cinsini qanunsuz olaraq valideynə açıqlayan və buna görə gizli abort icra edən həkimlərin lisenziyalarının ləğvi və cərimələri nəzərdə tutulmalıdır. Bu istiqamətdə uğurlu nəticə vermiş Cənubi Koreya təcrübəsindən istifadə etmək olar.
  3. Regionlarda ailə planlaması mərkəzləri fəaliyyətini gücləndirməli və qız uşaqlarının cəmiyyətdəki statusunu, dəyərini yüksəldən genişmiqyaslı sosial proqramlar icra edilməlidir.

R.Mahmudov bildirib ki, genofondun təbii balansının qorunması qadını hüquqsuz qoymaqdan deyil, onu qorumaqdan, maarifləndirməkdən və tibbi cəhətdən savadlandırmaqdan keçir.

Mama-ginekoloq, cərrah Bahar Novruzova Medianews.az-a açıqlamasında deyib ki, Səhiyyə Nazirliyi hamiləliyin süni pozulması (abort) ilə bağlı klinik protokol tərtib edib: “Bu sənəd aborta icazə verilən tibbi və sosial göstərişləri, eləcə də əks-göstərişləri dəqiq tənzimləyir. Abort əməliyyatlarına yalnız qanunla müəyyən olunmuş xüsusi hallarda icazə verilir. Bura ilk növbədə tibbi göstərişlər – yəni hamiləliyin ananın həyatı üçün təhlükə yaratması, döldə ağır anomaliyaların və inkişaf qüsurlarının aşkarlanması, yaxud uşaqlıq çatışmazlığı kimi patologiyalar daxildir.

Bununla yanaşı, qadının sosial vəziyyəti də nəzərə alınır. Yoldaşı həbsdə olan, yoldaşı narkotik asılılığından əziyyət çəkən, aztəminatlı və ya ailədə uşaq sayı çox olan qadınlar üçün də hamiləliyin pozulmasına dair sosial göstərişlər müəyyən edilib.

Təcrübə göstərir ki, abortların tamamilə qadağan edilməsi problemi həll etmir. Əksinə, qadağalar olduqda xəstələr gizli yollara əl atır, apteklərdən gizli həblər alıb nəzarətsiz içir və özlərini ağır qanaxmalarla həyati təhlükəyə atırlar. Belə hallarda xəstəxanalara müraciət edən hər bir qadına həkimlərimiz tərəfindən təxirəsalınmaz yardım göstərilir.

Ananın və uşağın sağlamlığı ilə bağlı məcburi hallar olduğu üçün abortu tamamilə qadağan etmək qeyri-mümkündür. Lakin abortlar yalnız tibbi zərurət olduqda edilməlidir. Uşağın cinsinə görə (qız və ya oğlan olması səbəbindən) sağlam dölün tələf edilməsinə və selektiv abortlara qətiyyən yol verilməməlidir”.

Sosioloq Mail Yaqub Medianews.az-a bildirib ki, Azərbaycanda 2025-ci ildə təxminən 95 min doğuş, 95 min də abort qeydə alınıb: “Təsəvvür edirsiniz? Doğum sayı qədər də abort var. Hələ selektiv abortun fəsadlarından danışmıram... Ona görə hesab edirəm ki, Azərbaycanda abortun qadağan edilməsi ilə bağlı qanunun qəbul olunması vacibdir, zəruridir. Ölkəmizdə abortun bu qədər artması hamıda narahatlıq yaratmalıdır. Onsuz da doğum sayı bizdə azdır. Üstəlik, bu qədər kəskin abort sayı nə deməkdir? Bunun qarşısını almaq lazımdır.

Amma başqa suallar da var. Görəsən, qanun qəbul edilsə, necə tətbiq olunacaq? İcra mexanizmi necə qurulacaq? Əgər yenə də kimlərsə ayrı-ayrı yollarla, o cümlədən rüşvət hesabına işi ört-basdır edəcəksə, qanunun heç bir əhəmiyyəti qalmayacaq. Qanun mütləq və qətiyyətlə icra olunmalıdır! Bu sahədə kəskin qadağalar tətbiq edilməlidir. Əks halda, abortların sayı günbəgün artaraq doğum göstəricilərini də üstələyəcək.

Abortla bağlı qanunvericiliyin sərtləşdirilməsinin tərəfdarıyam. Amma bir şərtlə ki, qanun kağız üzərində qalmasın, gerçəkdən icra olunsun. Çünki bizdə doğumların sayı azalıb, əhalinin təbii artımı azalıb və bu templə Azərbaycan əhalisi gələcəkdə azalmağa doğru gedəcək. Necə ki, bəzi Avropa ölkələrində artıq bu hal müşahidə olunur. Təbii artım artıq mənfiyə doğrudur. Rusiya da bu sıraya aiddir. İldə əhali sayı 800-900 min nəfər azalır. Artım yoxdur, azalma var. Belə getsə, bizi də bu aqibət gözləyir. Ona görə indidən qanunvericilik dəyişməli və yeni sərt qaydalara ciddi şəkildə əməl olunmalıdır”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.

 

Bizə qoşulun