Britni Spirs və Dua Lipa kimi məşhur ulduzlarla əməkdaşlıq edən tanınmış mahnı müəllifi Talay Rayli qətlə yetirilib. 35 yaşlı musiqiçinin cəsədi Böyük Britaniyanın paytaxtı Londondakı evində tapılıb.
Bu barədə "Standard" nəşri məlumat yayıb. Bildirilib ki, dəhşətli hadisə Londonun şərqindəki Silvertun bölgəsində qeydə alınıb. Xəbərə görə onun bədənində çox sayda bıçaq xəsarəti olub. Nəşr qeyd edib ki, əsl adı Mark Orobiyi olan Talay Rayli təkcə müğənni kimi deyil, həm də istedadlı bəstəkar kimi şöhrət qazanıb.
London polisi hadisəyə dərhal reaksiya verib və elə həmin gün qətldə əli olmaqda şübhəli bilinən üç nəfəri saxlayıb. Lakin sonradan saxlanılanlardan biri girov müqabilində buraxılıb, digər iki nəfər - bir kişi və bir qadın isə heç bir ittiham irəli sürülmədən azadlığa buraxılıb. Bildirilir ki, istintaq cinayətin şahidlərinin axtarışını davam etdirir.
Talay Raylinin yaradıcılıq yolu dünya musiqi sənayesi ilə sıx bağlı olub. Onun ən məşhur müəllif bəstəsi "Make You Mine" adlanır və onun işlədiyi mahnılar Aşer, Cessi Cey və Elli Qoldinq tərəfindən ifa olunub. Musiqiçi Britni Spirs və Dua Lipadan başqa İqqi Azaliya, Kreyq Devid və müğənni Zendaya ilə də işləməyə nail olub./oxu.az