Medianews.az
Putinə görə müşahidə kameraları söndürülüb –
199 baxış

Putinə görə müşahidə kameraları söndürülüb – “Financial Times”

Bu ilin fevralında İranın ali rəhbəri Əli Xamenei İsrail və ABŞ-ın birgə əməliyyatı nəticəsində öldürüləndən sonra Rusiya hakimiyyətində təhlükəsizlik narahatlıqları artıb.

Medianews.az bildirir ki, Böyük Britaniyanın “Financial Times” qəzeti belə yazır.

Qəzetin iyunun 8-də dərc etdiyi məqaləyə görə, Rusiya xüsusi xidmət orqanları prezident Vladimir Putinin və onun yaxın çevrəsinin təhlükəsizliyini təmin edən xüsusi videomüşahidə sisteminin bir hissəsini müvəqqəti söndürüb. “Financial Times” iki məlumatlı mənbəyə istinadla bildirir ki, sistem internetdən təcrid olunub hərtərəfli yoxlandıqdan sonra yenidən işə salınıb.

Nəşrin iddiasına görə, İsrail kəşfiyyatı Xameneinin hərəkətlərini izləmək üçün Tehrandakı yol kameralarından əldə olunan görüntüləri süni intellekt texnologiyaları ilə təhlil edib. Qəzet yazır ki, bu yolla fevralın 28-də keçirilən yüksək səviyyəli görüşün yeri və vaxtı müəyyənləşdirilib. Həmin görüşə endirilən zərbə nəticəsində Xamenei ilə yanaşı, İranın bir sıra yüksək vəzifəli hərbi rəhbərləri də həlak olub.

“Financial Times” qeyd edir ki, müasir süni intellekt sistemləri milyonlarla saatlıq videomaterialı qısa müddətdə emal etməyə, insanların və nəqliyyat vasitələrinin davranış modellərini müəyyənləşdirməyə imkan verir. Belə proqramlar artıq yalnız konkret şəxsləri və ya obyektləri deyil, şübhəli davranışları da aşkar edə bilir.

Qəzetin məlumatına görə, məhz bu imkanlar Rusiyada narahatlıq doğurur. Məqalədə bildirilir ki, müşahidə kameraları dövlətlərə təhlükəsizlik və nəzarət imkanı versə də, eyni zamanda xarici kəşfiyyat xidmətlərinin hədəfinə çevrilə bilər.

“Financial Times”a danışan Qərb ölkələrindən birinin təhlükəsizlik rəsmisi bunu belə ifadə edib: “Kameraları onlar quraşdırır, bizim isə sadəcə onlara daxil olmağın yolunu tapmağımız qalır”.

Məqalədə o da qeyd olunur ki, Rusiya özü də süni intellekt əsaslı videoanalitika sistemlərini geniş tətbiq edir. “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezov bu yaxınlarda prezident Putinə bildirib ki, ölkənin demək olar bütün regionlarında belə sistemlər sınaqdan keçirilib. Onun sözlərinə görə, texnologiyalar hüquq-mühafizə orqanlarına cinayətkarların və itkin düşmüş şəxslərin axtarışında kömək edir.

Medianews.az

Bizə qoşulun